Azərbaycanlı futbol mütəxəssisi Yunis Hüseynov “Turan Tovuz” klubunda baş məşqçi Kurban Berdıyevin köməkçisi təyin olunub.
Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, Yunis Hüseynovla 2024/2025 mövsümünün sonuna qədər müqavilə imzalanıb. PRO kateqoriyalı mütəxəssis Andrey Matyura ilə birlikdə bu vəzifəni icra edəcək.
Yunis Hüseynov məşqçilik karyerasında “Karvan”, “Xəzər Lənkəran”, “Kəpəz” və “Keşlə” klublarına rəhbərlik edib. 59 yaşlı mütəxəssis 2021-ci ilin yanvarında “Keşlə”dən (indiki “Şamaxı”) ayrılandan bəri işsiz idi.
Onu da qeyd edək ki, Yunis Hüseynov “Turan Tovuz”da bir neçə gün öncə öz istəyi ilə işindən ayrılmış Cavid Hüseynovu əvəz edib. Hansı ki, Cavid Hüseynov Şahin Diniyevlə yollarını ayırmış “Səbail”ə baş məşqçi təyin olunub.