RU

Prokurorlar Le Penin 5 il müddətinə həbs edilməsini tələb edir

Paris prokurorları ifrat sağçı Milli Cəbhə Partiyasının faktiki lideri Marin Le Penə 5 il həbs cəzası verilməsini və eyni müddətə dövlət vəzifəsində işləməkdən məhrum olunmasını istəyib...

Poliqon xəbər verir ki, bu barədə Fransa mətbuatı yazıb.

Məhkəmə ittihamı qəbul edərsə, 56 yaşlı Le Pen 2027-ci ildə Fransada keçiriləcək prezident seçkilərində iştirak edə bilməyəcək. İttihamçılar partiyanın iki milyon avro cərimələnməsini də tələb edirlər.

Prokurorlar hətta vəkillərin apellyasiya şikayəti versə belə, dövlət vəzifəsinə qoyulan qadağanın dərhal qüvvəyə minməsini tələb ediblər.

Le Pen özü prokurorları "fransızları istədikləri şəxslərə səs vermək imkanından məhrum etmək"də ittiham edib.

"Mən qətiyyən hiss etmirəm ki, ən kiçik pozuntuya, hətta ən kiçik qanunsuz hərəkətə belə yol vermişəm", deyə siyasətçi bildirib.

Le Pen Avropa İttifaqına qarşı çıxan və yeni mühacirlərin sayını azaldan Fransanın ifrat sağçı populist siyasi partiyası Milli Cəbhənin lideridir.

Partiya rusiyayönlü mövqeyi ilə tanınır və Qərbin Rusiya Federasiyasına qarşı tətbiq etdiyi sanksiyaları tənqid edir. 2014-cü ildə Le Pen Ukraynanın federallaşdırılmasını təklif edib. O, Rusiyanı böyük dövlət adlandırıb və əlavə edib ki, ABŞ Rusiya Federasiyasına qarşı soyuq müharibə aparır. Maraqlıdır ki, 2022-ci ildə siyasətçi Rusiya Federasiyasının Ukraynaya genişmiqyaslı işğalını pisləyib.

Le Pen və Milli Cəbhənin 20-dən çox nümayəndəsi Aİ-nin vəsaitlərindən sui-istifadə etməkdə ittiham olunur. İttihama görə, siyasətçi Avropa Parlamentinin deputatlarının köməkçisi vəzifələrinə təyin edilmiş və bunun üçün maaş alan şəxslərin əslində ya Le Penin özünə, ya da partiyasına işlədiyi qeyri-qanuni sistemi idarə edib. Ümumi zərərin təxminən 7 milyon avro olduğu bildirilir.

Poliqon.info

Избранный
109
50
poliqon.info

10Источники