RU

O balina maket deyil...

“O, indi qarşımda uzanıb. Dünyada yaşayan hər kəsi bura yığıb qışqırmaq lazımdır: “Onun 19 yaşı var. O, ölmək istəmir, onu ölməyə qoymayın!”. 

Azca dəyişdirilmiş bu sitat Remarkın “Qərb cəbhəsində yenilik yoxdur” romanındandır. Ona görə bu sitatla başladım ki, indi Şərq cəbhəsində yenilik var. Hazırda Xəzərin sahilində bir balina can verir. O, ölmək istəmir. Onu ölməyə qoymayın. O, balinanı maket kimi görürsünüzsə, bu, başqa məsələ... Ancaq o balina maket deyil. O balina Nuhun yeni gəmisinə çırpılıb Xəzərin sahilə düşən bir canlıdır. 

Mən də sizi Nuhun yeni gəmisindən salamlayıram. Nuhun yeni gəmisi yer kürəsidir. COP Bakıda bu suallara cavab axtarır:

Bu gəmiyə kimlər seçiləcək? Bu gəmidə yaşamaq haqqı olanlar kimlərdir? COP cənnətdən cəhənnəmə yumrulanmaqda olan bu dünyanın lövbəridir. Gəmimiz lövbərini 29-cu dəfə Xəzərin Bakı sahillərinə salıb. COP lövbəri qiyamətin yubadılmasına cəhddir. 

Ana təbiət quşlarıyla, böcəkləriylə bizə hər gün layla deyir, bizi qidalandırır. COP anamızın ad günüdür. Adı tərəflər konfransı olsa da, burada tərəflər yoxdur. Bəlkə də dünyanın yeganə konfransı, tədbiridir ki, bütün vicdanlı insanlar, yəni insanlar bir tərəfə keçir.

“COP”un digər adı “Bağışla”dır. 

Bağışla sözü həmişə bağışlanmaq üçün deyilmir. Bəzən bağışla o deməkdir ki, mən səhv etdiyimi bilirəm, ancaq bu qədər səhvlərin sonrasında bağışlanmaq istəyəcək qədər abrımı da itirməmişəm. Bəli. “COP”un digər adı gözəl dünya, səndən üzr istəyirik”dir. Bizi bağışlama, ancaq səhvlərimizi başa düşdüyümüzü də bil. 

Bizim yaşadığımız məkan bir zamanların cənnəti, bir müddət sonranın cəhənnəmidir. Hər gün bir az da cənnətdən cəhənnəmə çevirdiyimiz bu yumru məkanı başımızın altına qoyub mışıl-mışıl yatmaq da, onu zərblə kainatın doqquzluğuna göndərmək də bizim əlimizdədir, daha doğrusu biri əlimizdə, digəri ayağımızdadır. Əl və ayağın fərqindən danışmağa isə heç ehtiyac yoxdur.

Necə oldu ki, yeganə şüurlu canlı - insan təbiətin balansını pozmağa başladı? Köstəbəklər, zürafələr, balinalar yox, insan! Oturduğumuz ağacın budağını kəsməkdirmi şüur? 
Cəmi 40 il əvvələ qədər kəndlərdə uşaqlar səhərdən axşama qədər Günəşi görə bilmirdilər. Allah babanın uşaqlara verdiyi bu çətirləri, şəmsiyyələri doğma babaları kəsdilər.

COP29 digər adı da bir addım gecikməkdir. Necə ki, bir vaxtlar oturduğumuz ağacın budağını kəsirdik, indi də qıçımızı qırıb oturmalıyıq. Elə etməliyik ki, COP30, COP100 keçirilə bilsin. 

Yeni dünyada yaşaya bilmək üçün insanda yeni keyfiyyətlər formalaşmalıdır. Empatiya bacarığı olmayan, özünü hər cür situasiyaya düşən insanın, canlının yerinə qoya bilməyən insanlar XXI əsrin gəmisində yer ala bilməyəcək. Yeni insan Nuhun ideyası ilə cütləşərək yox, özünü kiminsə yerinə qoyaraq çoxala bilir. Biz dənizlərin göllərə çevrildiyini görmüşük. Buna görə dənizlərin göllərə çevrilə bildiyinə inanırıq.

Biz göllərin də səhralara çevrildiyini görmüşük, ona görə bu da bizim üçün kəramət yox, müsibətdir. Amma bu dünyanın kəramətləri də var. Nuh sadəcə nəhəng bir gəmi düzəltmişdi. Dəniz özü onun ayağına gəldi. Nuhun gəmisi dənizə gətirilmədi. Dəniz Nuhun gəmisinə gəldi.

Bu kəramətə inansaq, bir gün Xəzərin də okeana dönə biləcəyini anlayacağıq. Həmin gün bir balina da məhz Bakı bulvarına yaxınlaşacaq. Bakıya baxıb dünyanın ən sanballı saltosunu vuracaq. Təpəsindən fəvvarə fışqıracaq. Biz COP-u ona görə keçiririk ki, həmin vaxt insan adlı canlı da bu kainatın sakini olaraq qala bilsin. Həmin möhtəşəm fəvvarəyə tamaşa etmək bizim də haqqımızdır. 

Sərdar Amin

Xüsusi olaraq “Qafqazinfo” üçün

Избранный
52
qafqazinfo.az

1Источники