RU

Gəncləri pis vərdişlərə meylləndirən səbəblər... - PSİXOLOQDAN AÇIQLAMA

Alkoqol, siqaret, narkotik kimi zərərli vərdişlər adətən gənclər arasında geniş yayılıb. Bu vərdişlər sonradan asılılıq səviyyəsinə çatır və nəticədə böyük problemlərə gətirib çıxarır. 

Bütün dünyada, o cümlədən Azərbaycanda zərərli vərdişlərdən istifadə ciddi porblemlər olaraq qalır.

Bəs gənclərin pis vərdişlərə yiyələnməsinin kökündə nə dayanır? Niyə gənclərimiz zərərli vərdişlərə meyllidirlər?

Məsələ ilə bağlı psixoloq Fuad Əsədov Hurriyyet.az saytına açıqlamasında bildirdi ki, gənc nəsillərin pis vərdişlərə yiyələnməsi bir çox amillə bağlı ola bilər. Bunlar fərdi, ailəvi, sosial və mədəni faktorlarla izah olunur:

“Gənclər adətən ətrafdakı insanlardan öyrənir və təsirlənirlər. Dostlar və ya qrup təzyiqi, xüsusilə yeniyetməlik dövründə pis vərdişlərə yol açır. Məsələn, siqaret çəkmə və ya alkoqol istifadəsi kimi vərdişlər bəzən "sosial qəbul" üçün qəbul edilir.  Valideynlər, müəllimlər və ya mediada tanınan şəxslərin davranışları, gənclər üçün “rol model” hesab edilə bilər. Pis vərdişləri olan və ya mənfi təsir göstərən “rol model”lər gənclərin bu davranışları qəbul etməsinə səbəb ola bilər”.

Psixoloq qeyd edir ki, sosial media platformaları və digər media resursları bəzən qeyri-sağlam davranışları və vərdişləri romantikləşdirir və ya normallaşdırır: “Bu, gənclərin yanlış örnəklərə daha çox meyllənməsinə səbəb ola bilər. Stress, təzyiq, və özgüvən çatışmazlığı kimi problemlər gəncləri psixoloji narahatlıqları ilə başa çıxmaq üçün zərərli vərdişlərə yönləndirə bilər. Bəzi gənclər depressiya və ya sosial təzyiqdən qaçmaq üçün bu vərdişlərə üz tuturlar. Ailədəki sağlam olmayan münasibətlər, diqqət çatışmazlığı və ya həddindən artıq sərt tərbiyə gənclərin mənfi vərdişlərə meyl etməsinə gətirib çıxara bilər. Ailədən sevgi və dəstək almayan gənclər bəzən çətinliklərlə pis vərdişlər vasitəsilə başa çıxmağa çalışırlar”.

Aynurə İSMAYIL

Избранный
37
hurriyyet.az

1Источники