RU

“BMT-nin ən yüksək səviyyəli tədbiri Azərbaycanda baş tutdu”

“COP28-dən sonra, cəmi 11 ay ərzində  hazırlıq işlərinin başa çatması, COP29 kimi  böyük bir tədbirə ev sahibiyi etməsi Azərbaycan dövlətinin, rəhbərinin düzgün qurduğu daxili və xarici siyasətin nəticəsidir”.
 
 
Bunu Moderator.az-a açıqlamasında  Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, millət vəkili Arzu Nağıyev deyib.
 
Millət vəkilinin sözlərinə görə, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Bakıda keçirilməsi tarixi əhəmiyyət kəsb edir:
 
“196 dövlətin və Avropa İttifaqının dəstəyi ilə bu tədbirin ölkəmizdə keçirilməsi Azərbaycanın beynəlxalq arenada  nüfuzunun göstəricisidir. Açılışda 72 min nəfərdən artıq şəxsin iştirakı, 80-dən çox ölkənin rəhbərlik səviyyədə təmsil olunması bir daha göstərdi ki, tədbirin təşkilatçılığı yüksək səviyyədədir. Tədbirin açılış mərasimində iştirak edən rəhbər şəxslərin çıxışında da qeyd edilib ki, bu proseslərdə Azərbaycan öndə gedən dövlətlərdən biridir. Tədbirdə əsas məqsəd dünyada havanın temperaturunun azaldılmasında çox ciddi dəyişiliklərin əldə edilməsidir. Açılış mərasimində Cənab Prezident qeyd edib ki, Azərbaycan bu məsələyə daim dəstək verməkdə maraqlıdır”.
 
A.Nağıyev qeyd edir ki, bəzi dövlətlər COP29-un Bakıda keçirilməsini əngəlləməyə çalışsa da tədbir yüksək səviyyədə baş tutdu:
 
 “Onlar öz məkrli siyasətlərini həyata keçirərək, insan haqları, “siyasi məhbus” bəhanələrini gündəmə gətirməyə çalışsa da, heç bir cəhd alınmadı. Bəziləri neft və qaz ölkəsi olan bir dövlətin guya COP29-a necə ev sahibliyi edə bilməsi ilə bağlı ortaya sual atıblar. Amma onlar unudublar ki, bu beynəlxalq tədbir bundan əvvəl də kömür, qaz istehsalında inkişaf etmiş  dövlətlərin ərazisində təşkil olunub. Bəzi ölkələr tədbirin ölkəmizdə baş tutmaması  üçün ciddi cəhdlə çalışırdılar. Lakin Azərbaycanın həm daxildə, həm də xaricdə apardığı müstəqil siyasət bunu bir daha sübut etdi ki,  paralel olaraq alternativ enerji və bərpa olunan enerjidən də istifadə etməyə qadirdi. Təbiətin bizə bəxş etdiyi bütün sərvətlərdən istifadə edirik.
Bəzi dövlətlərin konfransa qatılmaması isə Azərbaycan üçün vacib deyil. Baxmayaraq ki, havaya ən çox karbon deoksiti atan, təbiəti zəhərləyən dövlətlərdən biri Fransadır. Avropa İttifaqı dəfələrlə Azərbaycanı enerji təhlükəsizliyinə təhdidin qarşısını alan dövlət kimi tanıyıb, hətta müqavilələr imzalayıb. Əsas odur ki, BMT-nin ən yüksək səviyyəli tədbiri məhz Azərbaycanda baş tutdu. COP29-un nəticələrinə uyğun olaraq dünyanı, bəşəriyyəti  narahat edən məsələlər istiqamətində ciddi addımlar atılacaq, maliyyələşmə məsələsi ən mühüm amil kimi ön planda olacaq. Azərbaycan tərəfi tədbirdə iştirak üçün Ermənistana dəvət göndərib. Lakin qarşı tərəf müxtəlif bahanələr  gətirərək təbirdə iştirak etməkdən boyun qaçırır. Biz üzərimizə düşən dəvəti etdik. Buna baxmayaraq, Ermənistan rəhbərliyi hələ ki, iştirak etməyib. Hələ  COP29- un bitməsinə bir neçə vaxt qalıb. Onlar doğrudan da beynəlxalq səviyyəli təşkilatlarla təmasda olmağı özlərinə borc bilirsə, mütləq şəkildə, ən azından ekspertlər səviyyəsində bu tədbirdə iştirak edə bilərlər. İştirak etməsələr də  o, özlərinin  problemidir. Ermənistan olmadan da ən yüksək səviyyədə bu tədbirlər keçirilir”.
 
Mehin Mehmanqızı
 
Избранный
40
moderator.az

1Источники