RU

Qəhrəmanlıq nümunəsi

Baş leytenant Valeh İsbat oğlu Məmiyev Vətənin çətin günündə onun yolunda canını fəda etməyi bacardı. Axı Valeh həyatı dərk edən gündən ürəkdən Vətəninə bağlanmışdı. Onun müqəddəs bir parçası olan Qarabağın düşmən tapdağında olmasını heç cür vicdanına sığışdıra bilmirdi. Məhz həyatını hərbiyə bağlamaqda da məqsədi düşməndən mübarizə meydanında qisas almaq olub.

1994-cü il martın 27-də Yardımlı rayonunun Kürəçi kəndində dünyaya göz açan Valeh Məmiyev ali təhsilini başa vurub 2015-ci ilin dekabr ayında leytenant rütbəsində tank tağım komandiri vəzifəsində xidmətə başlayıb. Və qisa zaman kəsiyində vətənpərvər, təmiz ürəkli, vicdanlı, qeyrətli bir Vətən keşikçisi kimi hörmət sahibi olub. Biliyi, səriştəsi həmişə ona uğur gətirib. 2018-ci ildə tank bölük komandiri vəzifəsinə yüksəlib. Xidmət etdiyi müddətdə “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” medalına layiq görülüb.

Valeh Məmiyev 2020-ci ildə Türk-Azərbaycan təlimlərinə qatılıb. İştirak etdiyi bütün sınaqlardan uğurla keçib. Təlimlərin sonunda Türkiyə Müdafiə Naziri Hulusi Akar tərəfindən şəxsən xüsusi fərqlənmə ilə mükafatlandırılıb. Sinəsində əsl qəhrəman ürəyi döyünən Valeh həm də özünü yağıdan qisas almağa tam hazır bilib.

Nəhayət, 2020-c ilin 27 sentyabrda mənfur erməni dığalardan qisas alaraq 30 il əsarətdə olan doğma Vətən torpaqlarını azad etmək məqamı yetişib. Bu şərəfli vəzifəni yerinə yetirmək üçün minlərlə qeyrətli oğul kimi, Valeh də odun-alovu içinə, döyüşə gedib. İlk gündən düşmənə yaxşı divan tutub. Cəbrayıl rayonunun işğaldan azad edilməsində xüsusi şücaət göstərib. Düşmənin çox hərbiçisini, döyüş texnikasını məhv edib. Burada qələbə bayrağımızı sancan əsgər və zabitlərin önündə olub. İgid döyüşçü Qubadlıda şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra “Azərbaycan bayrağı” ordeni, “Vətən uğrunda”, Cəbrayılın, Qubadlının azadlığına görə” medalları ilə təltif edilib.

Yardımlı camaatı öz qəhrəman oğlunu bir belə unutmur, böyüklü-kiçikli həmişə onun xatirəsini əziz tuturlar. Anım günündə də yüzlərlə adam şəhid baş leytenant Valeh Məmiyevin məzarını ziyarət etdilər, üstünə təzə gül dəstələrini qoydular. Çıxışlar zamanı bildirildi ki, Valeh Vətən, torpaq uğrunda şəhid olub. Onun qısa həyat yolu bizim üçün əsl qəhrəmanlıq məktəbidir.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Избранный
55
ikisahil.az

1Источники