RU

COP29-un 5-ci günü: İllərin durğunluğuna Bakıda son verildi - Paris Sazişinin 6.4-cü maddəsi nədən bəhs edir

Bu gün Bakıda COP29-un 5-ci günü keçirilir. Tədbir çərçivəsində baş tutan iki günlük Dünya Liderləri Sammiti artıq bitib. Hazırda Mavi Zonada müxtəlif yerli və beynəlxalq təşkilatların tədbirlərinə start verilib.

Musavat.com xəbər verir ki, Bakıdakı COP29-da builki dialoqun əsas mövzuları iqlim dəyişikliyinin təsiri və iqlim dəyişikliklərinin təsirlərindən zərər görən ölkələr üçün nəzərdə tutulan maliyyələşmədir. COP29-da mühüm mesajlar verilir və bundan öncəki tədbirlərdə baş tutmayan razılıqlara gəlinir.

Belə ki , 2015-ci ildə Paris razılaşması imzalandıqdan sonra çoxsaylı müzakirələrə baxmayaraq, onun 6-cı maddəsi (karbon bazarları) üzrə hələ də razılıq əldə etmək mümkün olmayıb. BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflər Konfransının ilk iş günündə Tərəflər Paris Sazişinin 6.4-cü maddəsinə uyğun olaraq karbon kreditlərinin yaradılması üzrə standartlar barədə razılığa gəliblər və bu, ilkin mərhələdə müsbət irəliləyiş kimi qiymətləndirilir. Razılaşma karbon kreditlərinə tələbatı artırmaqla iqlim fəaliyyətinə imkan yaradacaq və beynəlxalq karbon bazarının BMT-nin nəzarəti altında fəaliyyət göstərməsini təmin edəcək.

Bu isə öz növbəsində prinsipial xarakter daşıyan 6-cı maddə üzrə razılaşmanın əldə olunmasına ümidləri artırır. COP29 sədrliyi bu il danışıqlar üçün 6-cı maddənin tam icrasını əsas prioritet kimi müəyyən edib. 6-cı maddə üzrə danışıqların başa çatdırılması beynəlxalq əməkdaşlığı təmin etməklə milli iqlim planlarının icra məsrəflərini hər il 250 milyard ABŞ dolları azalda bilər. Bakıdakı qərar bu məqsədə doğru atılmış mühüm addımdır və növbəti ikihəftəlik danışıqlarda davamlı irəliləyiş üçün münbit zəmin yaradır.

COP29-un Prezidenti Muxtar Babayev əldə olunan nəticələrlə bağlı fikirlərini bölüşərək qeyd edib ki, qərar resursların inkişaf etməkdə olan dünyaya yönəldilməsi baxımından həlledici vasitə olacaq:

“İllərdir davam edən durğunluqdan sonra Bakıda irəliləyişlər baş verir. Bununla belə, hələ qarşıda görüləcək çox iş var”.

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib ki, sazişin 6.4 maddəsi üzrə ilk müsbət nəticələr var. Onun sözlərinə görə, 10 ildən çox idi ki, ümumi həll yolu tapmaq mümkün olmurdu. Bakıda COP-un işinin ilk günündə ölkələr vahid mexanizm barədə razılığa gəliblər. Bu da onu göstərir ki, səyləri birləşdirəndə qarşıya qoyulan məqsədlərə nail oluna bilinir.
6-cı maddə üzrə əsas oyunçular ABŞ və Avropa İttifaqıdır. Artıq beynəlxalq maliyyə korporasiyaları və bank strukturlarının açıqlamaları var ki, iqlim dəyişiklərinin fəsadlarına qarşı mübarizə məqsədilə öz maliyyə töhfələrini artıracaqlar. Məsələn, Dünya Bankı maliyyə töhfəsini 170 milyarda çatdıracağını bildirib. Bütün bunlar COP29-dan əsas gözlənti olan yeni iqlim maliyyəsi hədəfi üzrə tarixi razılaşmanın əldə olunması üçün COP29-da danışıqlar üçün əla mühit yaradır. Liderlər sammitində dövlət rəhbərləri, o cümlədən beynəlxalq qurum başçıları olduqca mühüm məqamlara toxunublar.

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel vurğulayıb ki, Avropa İttifaqı 31 milyard dollar iqlim maliyyələşdirməsinə hazırdır: "Bu, bizim payımıza düşəndən çoxdur, hamını bizdən nümunə götürməyə çağırırıq”. Böyük Britaniya rəsmisi Keir Starmer də bəyan edib ki, Böyük Britaniyanın NDC-si 2035-ci ilədək bütün istixana qazları emissiyalarını 81 faiz azaltmaqdır. ABŞ təmsilçisi Con Podesta diqqətə çatdırıb ki ABŞ-də ilk dəfə olaraq böyük neft və qaz hasilatçıları buraxdıqları metan üçün ödəniş etməli olacaqlar.

Artıq beynəlxalq maliyyə korporasiyaları və bank strukturları açıqlamalar verirlər ki, iqlim dəyişiklərinin fəsadlarına qarşı mübarizə məqsədilə öz maliyyə töhfələrini artıracaqlar. Məsələn, Dünya Bankı maliyyə töhfəsini 170 milyarda çatdıracağını bildirib. Bütün bunlar yeni iqlim maliyyəsi hədəfi üzrə tarixi razılaşmanın əldə olunması üçün COP29-da danışıqlar üçün əla mühit yaradır.

Hazırda bütün dünyanın gözü Bakıdadır. Azərbaycana qarşı qərəzli mövqedə olan qüvvələrin təşviqedici cəhdlərinə baxmayaraq, dünyada söz sahibi olan şəxslər paytaxtımıza gəlib. Bununla bağlı dövlət başçısı İlham Əliyev noyabrın 12-də Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışında deyib:

“Mənim sonuncu mesajım o dairələrədir ki, onlar demək olar, artıq bir ildir boykotu təşviq edirlər. Onlar əllərində olan bütün vasitələrdən istifadə edirlər ki, Bakıdakı COP29-a qarşı boykot kampaniyası həyata keçirilsin.

Onlara pis xəbərim var: bizim 196 ölkədən 72 min qeydiyyata alınmış iştirakçımız var. Onların arasında 80 Prezident, Vitse-prezident və Baş nazir var. Beləliklə, dünya Bakıda toplaşıb və biz dünyaya deyirik ki, “Azərbaycana xoş gəlmisiniz!”, - deyə dövlət başçısı bildirib.

Britaniya, İtaliya, İspaniya, Belçika, Danimarka, Finlandiya, Polşa, Yunanıstan, Çexiya, Xorvatiya, Serbiya və digər söz sahibi ölkələrin rəhbərlərinin, Avropa İttifaqı Şurasının prezidentinin tədbirdə iştirakı mühüm qərarların qəbul olunacağından xəbər verir. Azərbaycan hazırda COP 29-la bağlı uğurlu təşkilatçılığını və sədrliyini davam etdirir.

Şahanə Rəhimli,
Musavat.com

Избранный
28
21
musavat.com

10Источники