RU

Rusiya Azərbaycanı Avrasiya İqtisadi İtifaqında (Aİİ) niyə görmək istəyir? 

Rusiya Azərbaycanı Avrasiya İqtisadi İttifaqında (Aİİ) görmək istəyir. Bunu Azərbaycanın Moskvadakı yeni səfiri Rəhman Mustafayevlə görüşündə Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri, xarici işlər nazirinin sabiq müavini Qriqori Karasin bildirib. 
Karasinin sözlərinə görə, Azərbaycanın üzvlüyü “ümumi məkanımızda təhlükəsizlik, iqtisadi və nəqliyyat əlaqələrini gücləndirməyə kömək edir”. Karasin həmçinin qeyd edib ki, hazırda Moskva ilə Bakı arasında münasibətlər yüksələn xətt üzrədir. Azərbaycanın Avrasiya İqtisadi İttifaqına qoşulması ideyası Rusiyanın siyasi dairələrində əvvəllər də müzakirə olunub, lakin Bakı bu birliyə qoşulmağa tələsmir və ümumiyyətlə, belə planlarının olmadığını bildirir.
 
 
Bu barədə Moderator.az-a danışan  Orta Doğu Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan qeyd edib ki, SSRİ dağılandan sonra Rusiya Azərbaycanı həmişə öz yanında görməyə çalışıb:
 
“ Rusiya Müstəqil Dövlətlər Birliyi qurulan zaman Azərbaycanın təşkilatda olması üçün çoxsaylı cəhdlər göstərib və nəhayət Azərbaycan da bu birliyə üzv olub .Rusiya istəyir ki,  Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında, yaxud Avrasiya İqtisadi İttifaqında da  Azərbaycan təmsil olunsun. Amma bu təşkilata üzv ölkələrlə Azərbaycan ikitərəfli çoxlu sahələr üzrə əməkdaşlıq edir. Ona görə Azərbaycanın  Aİİ  təşkilatına üzvü olmasının bu formatdan daha faydalı olacağını düşünmürəm. Rusiya bu yolla təşəbbüsçüsü olduğu təşkilatın üzvlərinin sayını çoxaltmağa , eyni zamanda, bunu regional,  iqtisadi birlik kimi təqdim etməyə çalışır. Aİİ  iqtisadi əməkdaşlıq təşkilatından daha çox Rusiyanın  ambissiyalarını təmin edə biləcək siyasi birlik kimidir. Bu, Azərbaycan üçün ciddi heç nə vəd etmir. Odur ki, Azərbaycan bu təşkilata üzv olsa da, olmasa da, elə bir ciddi faydası yoxdur. Əsas məsələlərdən biri də Ermənistanın bu təşkilatın fəallarından olmasıdır. Ermənistan isə hələ də Azərbaycanla münasibətlərin normallaşmasında “tormozlayıcı” rol oynayır. Ona görə yaxın gələcəkdə  Azərbaycanın bu təşkilata üzvlüyü ehtimalı azdır”.
 
Mehin Mehmanqızı
Избранный
19
moderator.az

1Источники