RU

Ermənipərəstlər Trampın komandasına doluşur, Konqresdə isə... - Azərbaycana təhlükə varmı...

Ekspert: “Trampın formalaşdıracağı yeni komanda əvvəlkindən daha praqmatik işləyəcək”

Amerika Erməni Milli Komitəsi (ANCA) iddia edib ki, ABŞ Senatına və Nümayəndələr Palatasına son seçkilər zamanı 84 namizədi dəstəkləyib, onların da 90%-dən çoxu Konqresə keçib. Bu, Azərbaycan üçün nə deməkdir? Konqresin yeni tərkibi doğrudanmı Ermənistana daha uyğun və sərfəlidir? ABŞ parlamentindəki erməni qrupu qarşıdakı illərdə Donald Trampı özünün Azərbaycan və Türkiyə əleyhinə oyunlarına cəlb edə bilərmi?

Qeyd edək ki, artıq Trampın respublikaçı senator, ermənipərəst və anti-Türkiyəçi, az öncə Azərbaycana qarşı sanksiyaların tətbiqi üçün çağırış edən və ölkəmizi “bölgədə sabitliyi pozmaqda” suçlayan Marko Rubionu dövlət katibi təyin etməsi barədə qərar verdiyi bildirilir.

Belə çıxır ki, Rubio sələfi E.Blinkenə “rəhmət” oxutduracaq?

Həmçinin məlum olub ki, amerikalı sahibkar İlon Mask və əvvəllər Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd olmuş qatı ermənipərəst və anti-Azərbaycan mövqeli, dilindən “artsax” sözü düşməyən hind mənşəli Vivek Ramasvami Trampın yeni administrasiyasında Hökumətin Effektivliyi Departamentinə rəhbərlik edəcəklər.

Bu barədə D.Tramp keçid komandasının çərşənbə axşamı yaydığı bəyanatda bildirib. “Mən böyük İlon Maskın amerikalı vətənpərvər Vivek Ramasvami ilə əməkdaşlıq edərək Hökumətin Effektivliyi Departamentinə (DOGE) rəhbərlik edəcəyini elan etməkdən məmnunam. Bu böyük amerikalılar birlikdə mənim administrasiyama hökumət bürokratiyasını aradan qaldırmaq, həddindən artıq tənzimləmələri, israfçı xərcləri azaltmaq və federal agentlikləri yenidən strukturlaşdırmaq üçün yol açacaqlar”, - bəyanatda deyilir.

Nəhayət, o da bəlli olub ki, Tramp başqa bir qatı ermənipərəsti - Tulsi Qabbardı ABŞ Milli Kəşfiyyatının direktoru təyin etmək qərarına gəlib. Qabbard ABŞ-ın erməni strukturları ilə çox yaxın münasibətlərə malikdir. 2017-ci ildə o, Amerika Erməni Milli Komitəsinin təşkil etdiyi Forum çərçivəsində Ermənistana və qanunsuz olaraq Qarabağa səfər edib.

Bakının bu təyinatlardan dolayı gözləntiləri nədir? Narahatlığa əsas varmı?

Azərbaycan

Elşən Mustafayev

AMİP sədrinin beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayevin fikrincə, Amerika kimi dövlətdə bir ovuc erməni lobbisinin maraqlarını dövlət maraqlarından üstün tutmazlar: “ABŞ-da Konqres və Senata son seçkilərdə Respublikaçılar Partiyasının hər iki palatada üstünlüyü əldə etməsi növbəti mərhələdə Trampın fəaliyyəti istiqamətində önünü tam açdı. Hazırda bir çoxları bu situasiyadan istifadə etməklə istədikləri qərarların qəbul olunmasına cəhd göstərəcəklər. O cümlədən erməni lobbisi də bütün vasitələrlə buna çalışacaq. Onlar seçkilərdə dəstəklədikləri namizədlərə ümid edərək müəyyən təsir imkanları əldə etdiklərini düşünürlər. Bir başqa məsələ həmin namizədlərin hansı partiyadan olmalarıdır. Yəni çoxluğun yaxud azlığın içindən. Bütün bunlara rəğmən nəzərə alınmalıdır ki, Qərbdə, xüsusən də, ABŞ-da əsasən siyasətçilərin öncə verdiyi bəyanatlarla, hadisələrə yanaşması ilə seçildikdən sonra olan fəaliyyətinin böyük fərqi olur. Yaxud müxalifətdə olan partiyanın hakimiyyətə gəlməsindən sonra da fərqli davranışlarını görürük. Yəni dünən kimlərinsə səsini, yaxud rəğbətini qazanmaq üçün vədlər verən siyasətçilərin əksəriyyəti sonradan fərqli siyasət yürütməyə məcbur olurlar. Amerika kimi ölkələrdə dövlətin siyasətinə və maraqlarına uyğun gəlməyən hər hansı siyasətin yürüdülməsindən çəkinilib. Bir ovuc erməni lobbisinin maraqlarını isə dövlət maraqlarından üstün tutmazlar. Yox əgər ABŞ-da yeni komanda işə başladıqdan sonra Senatda, Konqresdə yaxud Dövlət Departamentində Azərbaycan əleyhinə hər hansı ciddi fəaliyyət baş verəcəksə, bu, erməni lobbisinin işinin nəticəsi olmayacaq. Amma düşünürəm ki, Trampın formalaşdıracağı yeni komanda özündən əvvəlkindən daha praqmatik işləyəcək. Marko Rubionun dövlət katibi olması belə inanmıram ki, nəyisə dəyişsin. Onun ən azı Cənubi Qafqaza baxışlarının öncə verdiyi bəyanatlardan fərqli olacağı şübhəsizdir. Çünki, dediyim kimi, dövlət siyasətinin formalaşdırdığı çərçivədən çıxmaq mümkün deyil. Cənubi Qafqaza münasibətdə isə Trampın - Respublikaçıların daha realist və obyektiv münasibət ortaya qoyacağı gözlənilir”.

Elxan

 Elxan Şahinoğlu 

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu narahatçılığa heç bir əsas görmür. O, Trampın komandasında əsas söz sahibi olduğunu qeyd etdi: “Donald Tramp gələn il yanvarın 20-də andiçmə mərasiminin günü məlum olmasına baxmayaraq, indidən komandasını formalaşdırmağa başlayıb. Üstəgəl artıq bir sıra ölkələrin liderləri ilə də telefon danışıqları aparıb. İndidən öz hədəflərini müəyyənləşdirməyə çalışır. Əsasən hədəfləri də bəllidir, miqrantlarla mübarizə, Rusiya-Ukrayna müharibəsinin bitirilməsi və Çinlə iqtisadi zəmində rəqabətin davam etdirilməsi. Bəli, Trampın komandasında Çinə, Rusiyaya qarşı sərt mövqedən çıxış edənlər var. İçərilərində erməni lobbisinə sıx bağlılığı olanlar da var. Türkiyə, Azərbaycanı sərt tənqid edənlər də mövcuddur. Amma bundan ehtiyatlanmağa dəyməz. Çünki bütün məsələləri Tramp özü həll edəcək. Onun dörd illik prezidentliyi dövründə Azərbaycan Prezidentinə xeyli sayda məktubları olmuşdu. Əməkdaşlığın inkişafının tərəfdarı idi. O zaman da onun komandasında müəyyən fiqurlar var idi ki, Azərbaycan və ya türk dünyasına qarşı sərt mövqedən çıxış edirdilər. Amma əsas söz sahibi dediyim kimi Trampdır, o zaman da belə idi, məncə, indi də belə olacaq. Zatən Azərbaycan əsas məsələsini həll edib. Ərazi bütövlüyümüzü təmin etmişik. Yəni Amerikanın Azərbaycana təzyiq etmək alətləri də yoxdur. Bu baxımdan əksinə düşünürəm ki, Tramp administrasiyasının Azərbaycanla əməkdaşlıq etməyə ehtiyacı var. Cənubi Qafqazın açar dövlətinə çevrilmişik. Mərkəzi Asiyanın resursları da Azərbaycandan keçəcək. Bu günlərdə COP29 çərçivəsində Azərbaycan nə qədər saziş və anlaşmalar imzaladı. İmzaladığı dövlətlərin də Amerika ilə tərəfdaşlığı var, Qazaxıstan, Özbəkistan, bəzi Avropa dövlətləri, o cümlədən, Səudiyyə Ərəbistanı. Bu baxımdan düşünürəm ki, Trampın komandasında müəyyən ermənipərəst, erməni lobbisinə sıx bağlılığı olan fiqurlar olsa da, onlar yeni prezidentin xarici siyasətini öz istədikləri kimi formalaşdıra bilməyəcəklər. Bunu Trampın özü formalaşdıracaq, yəni xarici siyasəti. Onun üçün də narahatlıq üçün heç bir əsas görmürəm. Yenə də təkrar edirəm ki, əsas söz sahibi Trampdır. Tramp isə, keçən prezidentlik dövründə də göstərdi ki, Azərbaycan və Türkiyə ilə əməkdaşlıqda maraqlıdır. Üstəgəl, onu da unutmayaq ki, məhz Trampın dörd illik prezidentliyi dövründə Azərbaycan ərazi bütövlüyünü təmin etdi”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

 

 

 

Избранный
34
2
musavat.com

3Источники