RU

Yerdə Mars aləminə düşmək istərdinizmi?

Bu “möcüzə”ni İordaniyada görmək mümkündür

Tanrı, təbiət və tarix bu isti Asiya ölkəsinə bir çox özünəməxsusluqlar bəxş edib. Həmin qeyri-adiliklərdən biri də Vadi Rum (ərəb dilində romalıların dərəsi) səhrası deyilən nisbətən dağlıq ərazidir. Həmin yerə Ay vadisi də deyirlər. UNESCO-nun Dünya təbii irsi siyahısına düşmüş bu vadidə qürub zamanı ecazkar dağların yamaclarında Günəşin işığı tamamilə qırmızı görünür.

Səyyah və turistlərin fikrincə, buraya gəlmiş insanlar Yer kürəsini tərk etmədən özünü başqa planetdə tapmaq üçün fürsət qazanırlar. Əlavə edilir ki, Mars mənzərəli bu dağlar dünyamızın ən fantastik yerlərindən biridir. Burada hər şey valehedicidir: rənglərlə oynayan qayalar, bir-birinə qarışmayan çoxrəngli qumlar, sonsuz yüksək səma və möhtəşəm, qulaqbatırıcı sükut.

Ancaq sükut burada kiminsə yaşamadığı qənaəti yaratmır. Əksinə, burada tarix boyu müxtəlif köçəri insanların məskunlaşdığı söylənilir. Üstəlik, qeyd edilir ki, ötən əsrin əvvəllərində bütün ərəb dünyasının tarixi burada tərtib edilib. Ancaq burada yaşamış insanlara köçəri deyilməsi də birmənalı olaraq qarşılanmır. Çünki buradakı səhra təsirli qumdaşı dağlarının sıldırım qayalarında və qaya mağaralarında tarixin çox qədim dövrlərindən qalmış qayaüstü rəsmləri və yazıları görmək olar.

Bu gün isə həmin səhranın ortasında çoxsaylı turistləri özünə cəlb edən heyrətamiz otel var. Otelin əsas binasından əlavə, yamac boyu təsbeh kimi düzülmüş (şüşədən və modern konstruksiyalardan hazırlanmış ) 40 qonaq evi buranı həqiqətən heyrətamiz edir.

Bildirilir ki, “Ərəb Lourensi”, “Transformerlər”, “Qırmızı planet”, “Marsda son günlər”, “Marslı adam”, “Ulduz döyüşləri”, “Ələddin”, “Qum təpəsi” və bir neçə başqa filmlərin xeyli epizodu burada çəkilmişdir. Burada gündüz hərarət 32–35 dərəcə isti olsa da, gecə 4 dərəcəyədək enir.

İordaniyanın Milli Parkı adı verilmiş bu səhranın əsas canlıları ilan və kərtənkələlərdir. Buradakı qayaların üstündə müxtəlif xalqların təmsilçilərinin “əl izləri” olan yazı və rəsmlər görünür.

İttifaq MİRZƏBƏYLİ

Избранный
32
xalqqazeti.az

1Источники