Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən sonra məğlub ölkədə və ona havadarlıq edən siyasi dairələrdə yeni qızışdırıcı şüarlar səslənir, saxta böhtan kampaniyaları təşkil edilir. Belə yalan və qərəzli iddialardan biri, ölkəmizin işğaldan azad edilmiş ərazilərdəki “erməni dini abidələri”nin dağıtması və mənimsəməsidir. Hətta 2020-ci ilin payızından başlayaraq beynəlxalq ictimaiyyətə Qarabağ və onun ətrafında yerləşən böyük dini və mədəni irsin “dağıdılması, təhqir edilməsi və mənimsənilməsi” ilə bağlı “xəbərdarlıqlar” da ediblər. Bu hal son vaxtlar daha tez-tez təkrar olunur. Ermənistan XİN rəhbəri Ararat Mirzoyan Beynəlxalq Ədalət Məhkəməsinin 2021-ci il 7 dekabr tarixli qərarını (irqi nifrətin təşviqi qadağan edən) təhrif etməkdən də çəkinmir. Deyir ki, hüquqi qüvvəyə malik həmin qərar Azərbaycan qarşısında “vandalizmin və erməni mədəni irsinin (?) təhqir olunmasının qarşısını almaq və ölkəmizi cəzalandırmaq üçün bütün lazımi tədbirləri görməyə” məcburiyyət müəyyənləşdirir.
Tarix üzrə fəlsəfə doktoru Natiq Alışovun sözlərinə görə, ermənilərin Vətən Müharibəsindən sonra Alban abidələrini bu səpkidə qabartmasının səbəbi özlərinin Cənubi Qafqazda yerli sakin olmalarını əsas gətirməyə hesablanıb. Başqalarına məxsus mədəni və dini irsə sahib çıxmaq isə onların qanında var: “Xudəvəng monastr kompleksi, eləcə də, Qarabağ bölgəsində mövcud olan yüzlərlə xristian abidəsinə ermənilırin iddiasının heç bir elmi əsası yoxdur. Tarixi həqiqət ondan ibarətdir ki, Qarabağın dağlıq hissəsindəki dini abidələrin əksəriyyəti buraya son 2 əsrdə köçürülmüş ermənilərə deyil, Azərbaycan xalqının əcdadları olmuş Qafqaz albanlarına məxsusdur”.
Xudavəng monastrı Qafqaz Albaniyasının tarixi mirasıdır
AMEA-nın Arxelogiya və Etnoqrafiya İnsitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Ülviyyə Hacıyeva isə deyir ki, tarixi və memarlıq nöqteyi-nəzərdən bu abidələrin əksəriyyəti Qafqaz Albaniyasının maddi mədəniyyət irsinə daxildir. “Xudəvəng monastr kompleksi də onlardan biridir. Monastr kompleksinin ərazisi Qafqaz Albaniyasının “Rostok” adlı bölgəsinə aid olub. Bu bölgə müasir Kəlbəcər rayonunu əhatə edib. Alban dövlətçiliyi kiçik alban knyazlıqlara dağıldıqdan sonra monastır müstəqil Xaçın knyazlığı sülaləsinin idarə etdiyi ərazilərə tabe olub”. Onun sözlərinə görə, Xudavəngin ermənilərə heç bir adiyyatı yoxdur: “Xaçın knyazlığı sülaləsi və knyazlıq əhalisi Azərbaycan xalqının etnogenezində iştirak etmiş albanlara mənsub idilər. Abidə də onlardan yadigar qalıb".
Azərbaycan Milli Elmlər Akademiyasının A.Bakıxanov adına Tarix İnstitutunun böyük elmi işçisi Ramin Alizadə də monastr kompleksinin Qafqaz Albaniyasının yadigarı olduğunu bildirir. Onun sözlərinə görə, abidənin alban–qıpcaq türkləri ilə sıx bağlılığı var. O, V–VI əsrlərə aid qədim tapınağın qalıqları üzərində xristian memarlığına uyğun şəkildə inşa olunub: “Albaniyada erkən xristianlıq məbədləri qədim tapınaqların, o cümlədən tanrıçılıq məbədlərinin, ibadətgahların üzərində və mağaralarda inşa edilirdi. Bunun başlıca səbəbi əhalinin xristianlığı qəbul etməsini asanlaşdırmaq və yeni dinin yayılmasını sürətləndirmək idi.
Xudavəng monastır kompleksinə 10-dan çox dini xarakterli tikili daxildir. Onlardan beşi əsas tikili, digərləri isə köməkçi və xidməti xarakterli tikililərdir. Burada ən qədim tikili olan Xudavəng bazilikası VI əsrdə inşa edilib. Baş kilsəsini 1214-cü ildə Alban–Xaçın knyazı Vaxtanqın həyat yoldaşı Arzu xatun tikdirib. Arzu xatun kilsəsinin kitabəsində belə qeyd olunur: “Hər şeyə qadir Tanrı Ata və onun yeganə Oğlu İsa Məsihin rızası, ən Müqəddəs ruhun bəxşişi ilə mən, İsa Məsihin itaətkar qulluqçusu, knyazlar knyazı böyük Kurdun qızı, Aterk və bütün Yuxarı Xaçının hakimi çar Vaxtanqın həyat yoldaşı, böyük ümid ilə həyat yoldaşım və övladlarım – ilk övladım Həsən və körpə ikən bizi tərk edərək Tanrıya qovuşmuş Qriqorun məzarları üzərində bu kafedral kilsəni inşa etdirdim...”.
Bu kilsəsindən başqa Xudavəng monastır kompleksinə daxil olan dini abidələr içərisində Müqəddəs Məryəm Ana kilsəsini, Müqəddəs Qriqor və Həsən Cəlal kilsələrini də qeyd etmək olar. Xudavəng monastır kompleksinin bərpa olunması və əlavə binaların inşa edilməsi isə Alban–Xaçın knyazı Həsən Cəlalın adı ilə bağlıdır. Kompleks Azərbaycan xalqının əcdadlarının yaratdığı möhtəşəm maddi-mədəniyyət nümunəsidir. Hər kəs bilməlidir ki, bu monastr Qafqaz Albaniyasının tarixi mirasıdır”.
Onun sözlərinə görə, Arzu xatun Kəlbəcərin digər ərazilərində də kilsə inşa edib. Məsələn, Qamışlı kəndi ərazisində aşkar edilən kilsə fasadındakı daş üzərində belə bir maraqlı yazı öz əksini tapıb: “Dualarda xatırla ki, mən, Vaxtanqın həyat yoldaşı Arzu xatun və mənim bacım Mama xatun bu kilsəni inşa etdi”. Adlardan göründüyü kimi hər 2 qadın türk mənşəlidir.
Alizadə daha sonra deyir: “XII-XIII əsrlərdə Alban-Xaçın knyazlığında xristianlığın möhkəmlənməsində Arzu xatundan başqa, Dopu xatun, Qönçə xatun, Hurişah xatun kimi qıpçaq əsilli qadınların da böyük rolu olub. Qeyd edim ki, xatun türkdilli xalqlarda hökmdarın qadın həyat yoldaşına və ya şahzadə qızlara verilmiş addır. Sonralar digər Şərq xalqları arasında da yayılmışdır. Yuxarıda adları qeyd olunan xatunlar dövlətin idarə olunmasında, siyasi və iqtisadi həyatında mühüm rol oynayıblar. Erməni qadınlarında isə belə titul olmayıb.
Bundan başqa, Qarabağın qıpçaq tarixinə nəzər salarkən Qarabağın alban məlikləri ilə bağlı da maraqlı məqamlar ortaya çıxır. Bu barədə tarixçi daha sonra bildirir: “1723-cü ilin martında Qarabağ məliklərinin I Pyotra etdikləri müraciət məktubunda alban türkü ifadəsi öz əksini tapıb. Maraqlıdır ki, mənbənin ermənicəsində bu ifadə alban türkü, rus dilinə tərcüməsində müsəlman alban kimi təqdim olunur. Göründüyü kimi onların ermənilərin Xudavəngin momastr kompleksi ilə heç bir bağlılığı yoxdur”.
Monastrda erməni vandalizmi: onlar öz sərsəm iddiaları üçün tədricən “tarixi əsaslar” hazırlayırlar
Monastrda yağlı boya ilə çəkilmiş çoxlu şəkil və yazılar olub. 1952-ci ildə yerli icra nümayəndəsi Məhərrəm İsmayılov Kəlbəcər rayon rəhbərliyinə müraciət edərək, qonaq qismində kəndə gələn ermənilərin fürsət tapdıqca balta və digər kənd tərərrüfatı alətləri ilə abidə üzərindəki qiymətli alban epiqrafik yazılarını yonub məhv etdiyini bildirmişdi. Lakin rayon rəhbərli susvağa üstünlük vermişdi. Nəticədə Ağdərədən və Basarkeçərdən gələn ermənilər xaç və yazıları balta ilə çaparaq yox etmiş və beləliklə, tarixi saxtalaşdırmağa çalışmışlar. Sonrakı dövrdə də abidə dəfələrlə ermənilərin təcavüzünə məruz qalmışdır. Məsələn, Ağdərə RPK katibinin göstərişi ilə abidə-kompleks taxtadan çəpərlənmişdi. Lakin Kəlbəcər camaatı həmin çəpəri dağıtmışlar.
1993-cü ilin aprelində Kəlbəcər rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasından sonra Xudavəng monastırının tarixində ən faciəli dövr başlandı. Erməni apostol kilsəsinin dəstəyi və Ermənistan dövlətinin vəsaiti hesabına monastırda “bərpa” adı altında qanunsuz işlər görüldü. Arzu xatun, Böyük Həsən kilsələri və kompleksə daxil olan digər ikililər üzərində əlavələr edildi. Bu barədə Alizadə qeyd edir ki, ermənilər Arzu xatun məbədin divarlarında yağlı boya ilə çəkilmiş xeyli şəkilləri və yazı nümunələrini, Alban–Qıpçaq xaç daşlarını balta ilə çaparaq məhv edib, burada saxta erməni xaçdaşları yerləşdiriblər. Hələ XX əsrin 70-ci illərində L.A.Durnova Arzu xatun kilsəsində müqəddəs Nikolasın freskasını araşdıraraq erməni–qriqoryan kilsələrində müqəddəs Nikolas inancının qəbul edilmədiyini qeyd edib. Ermənilər Arzu xatun kilsəsində müqəddəs Nikolasın freskası üzərində sonradan ermənicə qısa mətnlər yazmaqla bu abidənin gerçək tarixini saxtalaşdırmağa cəhd ediblər
Kompleksin bir çox bazilika və sovmələrinin memarlıq quruluşuna müdaxilə edilib, öz original görünüşündən məhrum edilərək tanınmaz hala salınıb. Binaların üzərindəki kitabələr ya tamamilə silinib, ya da müdaxilə edilərək istifadəsiz hala gətirilib. Ermənilərə məxsus çoxsaylı xaçdaşlar və yazılar əlavə edilib. Təmir zamanı Alban memarlığının bütün elementləri itirilib, onlar öz original formasından məhrum ediliblər. Təmir zamanı kilsələrin günbəzlərinin üst hissəsi bir neçə metr hündürləşdirilib, qırmızı kirəmitlə örtülüb. Zəng qülləsində yanaşı qoyulmuş bir-birinin üstündə iki dairəvi xonça və həyat ağacı şəklində xaç kompozisiyalı xaçdaşlar, zənglər və kitabələr də işğal dövründə sökülərək talan edilib. Monastır kompleksinin giriş qapısı və giriş qapısının sağ tərəfindəki tikilinin bir hissəsi öz görkəmlərinə uyğun olmayan bir formada, “erməni memarlığı üslubunda” təmir edilib. Əlavə tikililər sökülərək dağıdılıb. Ümumiyyətlə, onlar sonradan bərpa olunmayıb. Monastrın mənsubiyyətini saxtalaşdırmağa xidmət edən qeyri-qanuni “arxeoloji tədqiqatlar” və “bərpa–konservasiya” işləri aparıblar.
Torpaqlarımız işğaldan azad ediləndən sonra isə monastırda qalan erməni keşiş və rahiblər abidələrdəki qədim freskaları xarici mütəxəssislərin iştirakı ilə xüsusi üsulla kəsib götürüb, qanunsuz olaraq Azərbaycan Respublikasının ərazisindən çıxarıblar. Bundan başqa, zınqırov və xaç daşları da Ermənistana aparılıb. Beləliklə, monastr kompleksi öz görkəmlərinə uyğun olmayan bir formada, “erməni memarlığı üslubunda” təmir edilib”.
Bütün bunlar ermənilərin 1954-cü il Haaqa Konvensiyasının hərbi konfliktlər zamanı mədəni dəyərlərin qorunması haqqında tələblərinə məhəl qoymayaraq törətmiş olduqları vandalizm aktlarının bariz göstəricisidir.
Ermənilər də, onların havadarları da bilməlidirlər ki...
Tarixçi qeyd edir ki, ermənilər Alban dövrü tarix və mədəniyyət abidələrini mənimsəmək üçün bu cür hiyləgər metodlardan istifadə edərək, Azərbaycanın mədəni-irsi üzərinə öz mülkiyyət hüquqlarını tətbiq etməyə çalışırlar: “Maraqlıdır ki, 2021-ci il dekabrın 16-da ermənilər İrəvan şəhərindəki Xalq Sənətləri Muzeyində "Dadivəngdən İrəvana" adlı satış-sərgi keçiriblər. Sərgidə Xudavəng monastır kompleksindən gətirilmiş Bibliya, xaçlar, ikonalar, suvenirlər, həmçinin kitablar, fotoalbomlar satışa çıxarıblar. Belə bir sual yaranır: əgər monastr kompleksi ermənilərə məxsus idisə, niyə onun zəngin irsi satışa çıxarılıb. Təbii ki, bu hadisəni daha bir erməni həyasızlığı kimi dəyərləndirmək olar. Tanınmış gürcü ermənişünas–alimi, professor Bondo Arveladzenin erməni iddiaları ilə bağlı çox gözəl deyib: “Saxtakar ermənilər bu şərəfsiz işlə onilliklərdi məşğul olurlar. Onlar öz sərsəm iddiaları üçün tədricən “tarixi əsaslar” hazırlayırlar”.
Bir sözlə ermənilər artıq 200 ilə yaxındır ki, ən çirkin vasitə və üsullardan istifadə etməklə qədim Azərbaycan dövləti olan Albaniyaya aid xristian irsini yox etmək, yaxud da özününküləşdirmək istiqamətində davamlı olaraq fəaliyyətdədirlər. Erməni kilsəsi, erməni siyasi dairələri, diasporu və nəhayət elm, sənət adamları və ziyalıları hamılıqla bu yoldadırkar.
Amma ermənilər də, onların havadarları da bilməlidirlər ki, Qarabağ da, indiki Ermənistan ərazisi də tarixi Azərbaycan torpaqlarıdır. O yerlərdəki bütün tarixi-mədəni dəyərlər, o cümlədən alban xristian mədəni irs nümunələri də Azərbaycan xalqına məxsusdur. Və onun mədəni irsinə aiddir.
Pünhan ƏFƏNDİYEV,
XQ