Havanın çirklənməsi ürək xəstəlikləri, insult, tənəffüs yolu infeksiyaları, ağciyər xərçəngi və diabet kimi bir çox xəstəlik üçün risk amilidir. Uşaqlar havanın çirklənməsinin mənfi təsirlərinə xüsusilə həssasdırlar.
Bu fikirləri Azərbaycanın səhiyyə naziri Teymur Musayev COP29 çərçivəsində keçirilən tədbirdə söyləyib.
Nazirin sözlərinə görə, dünyadakı uşaqların təqribən 93 faizi, yəni 15 yaşınadək 1,8 milyard uşaq çirkli hava ilə nəfəs alır. Bu da kritik inkişaf fazaları zamanı pis sağlamlıq nəticələrinə gətirib çıxarır. Körpələr və uşaqlar xüsusilə havanın çirklənməsinə məruz qaldıqda bu, ağciyərlərin sağlamlığına ciddi mənfi təsir edir.
Nazir ətraf mühitin çirklənməsinin insan sağlamlığına təsirinin azaldılmasının və sağlam həyat tərzinin təbliğinin Azərbaycan hökumətinin əsas prioritetlərindən olduğunu vurğulayıb.
T.Musayev qeyd edib ki, Səhiyyə Nazirliyi ətraf mühitin mühafizəsi ilə məşğul olan qurumlarla birlikdə ölkə ərazisində havanın keyfiyyətinə fəal surətdə nəzarət edir. “Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əməkdaşlıq sazişi çərçivəsində hər iki qurumun mütəxəssisləri Azərbaycanda havanı çirkləndirənlərin ölüm hallarına təsirinin monitorinqinə başlayıb. Əsas hava çirkləndiricilərinin sağlamlığa təsirlərini qiymətləndirməyə imkan verən, ÜST tərəfindən hazırlanan proqram təminatından istifadə etməklə növbəti beşillik dövr ərzində monitorinq nəticələrinin xülasə hesabatı hazırlanır. Havanın çirklənməsinin sağlamlığa təsirləri barədə ictimaiyyəti məlumatlandırmaq üçün maarifləndirici proqramlar davam etdirilir", - deyə nazir əlavə edib.