RU

Avropa Birliyi iqtisadi artım proqnozunu aşağı saldı - Rəqəmlər

Avropa Birliyi Komissiyası "Avrozona"da 2025-ci il üçün iqtisadi artım proqnozunu 1,3%-ə endirib.  

Valyuta.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə AB Komissiyasının "Avropa iqtisadi proqnozları 2024 Payız" hesabatında dərc olunub.  

"Mənfi mühitdə zəif bərpa" başlıqlı hesabatda qeyd olunur ki, AB iqtisadiyyatı 2024-cü ildə 0,9%, 2025-ci ildə 1,5%, 2026-cı ildə isə 1,8% artacaq. Avrozonanın iqtisadiyyatı isə 2024-cü ildə 0,8%, 2025-ci ildə 1,3%, 2026-cı ildə isə 1,6% artacaq.  

AB Komissiyasının əvvəlki "yaz" hesabatında AB iqtisadiyyatının 2024-cü ildə 1%, 2025-ci ildə 1,6%, Avro Bölgəsinin isə 2024-cü ildə 0,8%, 2025-ci ildə 1,4% artacağı proqnozlaşdırılmışdı.  

Son hesabatla AB-nin 2024 və 2025-ci illər üzrə iqtisadi artım proqnozları 0,1% aşağı salınıb. Avrozona üçün 2024-cü ilin proqnozu dəyişməz qalıb, lakin 2025-ci il üçün 0,1% azaldılıb.  

Almaniya iqtisadiyyatı kiçiləcək

Hesabatda Almaniyanın bu il 0,1%, Avstriyanın 0,6%, Finlandiyanın 0,3%, İrlandiyanın 0,5% və Estoniyanın isə 1% kiçilməsi proqnozlaşdırılıb. Fransa 1,1%, İtaliya 0,7%, İspaniya isə 3% iqtisadi artım göstərəcək.  

Gələn il Almaniyada 0,7%, Fransada 0,8%, İtaliyada 1%, İspaniyada isə 2,3%-lik artım gözlənilir. 2026-cı ildə Almaniya 1,3%, Fransa 1,4%, İtaliya 1,2% və İspaniya 2,1% artım nümayiş etdirəcək.  

İnflyasiya azalacaq

Hesabata əsasən, cari ildə AB-də inflyasiya 2,6%, Avrozonada isə 2,4% olacaq. 2025-ci ildə inflyasiya AB-də 2,4%, Avrozonada isə 2,1%-ə, 2026-cı ildə isə müvafiq olaraq 2% və 1,9%-ə enəcək.  

AB iqtisadiyyatının uzunmüddətli durğunluqdan sonra mülayim artıma keçdiyi vurğulanan hesabatda inflyasiyanın azalmaqda davam etdiyi qeyd olunub.  

Hesabatda məşğulluq artımı və real əməkhaqqı səviyyəsinin toparlanmasının insanların sərəncamında olan gəlirləri dəstəklədiyi, lakin ailə büdcələrinin xərcləmələrdə ehtiyatlı davrandığı bildirilib.  

Yaşayış xərclərinin hələ də yüksək olduğu xatırladılan hesabatda qeyri-müəyyənlik və yüksək faiz dərəcələri fonunda ailələrin gəlirlərinin daha böyük hissəsini yığıma sərf etdiyi vurğulanıb.  

Risklər artır

Hesabatda risk və qeyri-müəyyənliyin artdığına diqqət çəkilərək, Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərqdəki artan münaqişələrin geosiyasi və enerji təhlükəsizliyi ilə bağlı riskləri artırdığı qeyd olunub.  

ABŞ-ın seçilmiş prezidenti Donald Trampın ticarət siyasətləri də risk elementi kimi göstərilib. Hesabatda, “Ticarət tərəfdaşları tərəfindən proteksionist tədbirlərin artması qlobal ticarəti poza bilər və AB-nin açıq iqtisadiyyatına mənfi təsir göstərə bilər” ifadəsi yer alıb.  

Hesabatda həmçinin AB daxilində istehsal sektorunda siyasət qeyri-müəyyənliyinin və struktur çətinliklərin rəqabət qabiliyyətinin daha çox itirilməsinə səbəb ola biləcəyi, bunun da iqtisadi artım və əmək bazarına mənfi təsir göstərə biləcəyi vurğulanıb.  

Rəhim

Избранный
24
valyuta.az

1Источники