RU

İsrail İranın nüvə obyektlərini vursa...

Ekspert: “Ən birinci zərbə bizə və bir neçə dövlətə dəyəcək” 

“Donald Trampın ABŞ-da hakimiyyətə gəlməsi ilə İsrailin mövqeyi güclənəcək”.

Musavat.com xəbər verir ki, bu fikirləri Minval.az-a israilli tanınmış politoloq və beynəlxalq münasibətlər üzrə ekspert Mixail Finkel İsrailin İranın nüvə obyektlərinə zərbələr endirməsi ehtimalını və buna Ağ Evin yeni administrasiyasının reaksiyasını şərh edərkən deyib.

“Bu günlərdə Tramp İsrailin baş naziri Benyamin Netanyahuya dedi ki, İranla istədiyini edə bilər və o (Donald Tramp - red.) İsraili hər yerdə - həm hərbi baxımdan, həm də BMT-də müdafiə edəcək. Bundan dərhal sonra İsrailin yeni müdafiə naziri, Netanyahunun Likud partiyasındakı ən yaxın müttəfiqi İsrael Katz çıxış edərək, İranın bütün nüvə proqramını məhv etmək məqamının vaxtı çatdığını söylədi”, - politoloq bildirib.

Onun sözlərinə görə, tezliklə İsrailin İranın nüvə obyektlərinə zərbə endirəcəyini gözləməliyik: “İsrail İranın nüvə silahı yaratmaq üçün sentrifuqaların tikildiyi bütün nüvə emalatxanalarını, İsfahandakı ağır su istehsalı zavodunu dağıdacaq”.

Ekspert eyni zamanda, ABŞ-ın dəstəyinə əmindir: “Amerika bizi qoruma altına alacaq, bəlkə elə özü də bunda iştirak edəcək, çünki ABŞ-ın dərinliklərə nüfuz edən bombalarına ehtiyacımız var, hansları ki, artıq qismən bizə çatdırıb.”

İranın nüvə obyektlərinə zərbə olarsa, bölgə Azərbaycan ondan necə təsirlənə bilər? Radiasiya təhlükəsi hara kimi yayıla bilər?

Xatırladaq ki, ABŞ-ın hazırkı prezidenti Co Bayden İsraili belə hücumdan çəkindirmişdi.

Qeyd edək ki, İsrailin İranın nüvə proqramlarını məhv etmə potensialı son illərdə geniş müzakirə mövzusudur. Hazırkı vəziyyətə əsasən, İsrail bu cür hücumu həyata keçirmək üçün ciddi hərbi gücə malikdir. Xüsusilə, İranın yeraltı nüvə obyektləri, məsələn, Fordo zavodu kimi strateji obyektləri məhv etmək üçün yüksək texnologiyalı silahlar tələb olunur. Ancaq ekspertlər bildirirlər ki, ABŞ-ın dəstəyi olmadan İsrailin belə bir əməliyyatı tam uğurla həyata keçirmək ehtimalı azdır. ABŞ administrasiyası isə belə bir hücumun Yaxın Şərqdə vəziyyəti daha da gərginləşdirəcəyini hesab edir və bu mövzuda ehtiyatlı davranır.

İran isə bu cür hücumlara qarşı öz müdafiə sistemlərini gücləndirir və belə bir hadisənin ciddi cavab tədbirləri ilə qarşılanacağını bildirir. Tehran son dövrlərdə İsrail ilə artan gərginlik fonunda raket və hava hücumlarına cavab vermək qabiliyyətini nümayiş etdirib.

Atlas Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu mövzu ilə bağlı Musavat.com-a fikirlərini bölüşüb: “Donald Trampın Amerika prezidenti seçilməsi əlbəttə ki, İsrailin mühafizəkar dairələrinin maraqlarına cavab verir. Çünki Donald Tramp aydındır ki, İranla ortaq dil tapmaq istəməyəcək. Birinci dəfə prezident seçilən zaman, Barak Obama İranla nüvə razılaşması əldə etmişdi, ondan da imtina etdi. İndi də Donald Tramp İrana qarşı sərt siyasətin tərəfdarı olacaq. Bu mənada həm də İsrailin baş naziri Netanyahunu dəstəkləyəcək. Netanyahu isə Yaxın Şərqdə müharibələri davam etdirir. İsrailə qarşı terror qruplarını neytrallaşdırmağa çalışır. Üstəgəl, İranla indi gərginlik var. Düzdür, indi bir qədər raket atəşləri səngiyib. Amma bu demək deyil ki, İsrail-İran qarşıdurması, hərbi toqquşma baş verməyəcək. Çünki əsas Amerikanın və İsrailin İrandan iki tələbi var. Birinci tələb, İran nüvə çalışmalarından imtina etməli və bunu sübut etməlidir. İkinci, İran bölgədəki terrorçu qruplaşmalarının maliyyə və silah dəstəklərindən imtina etməlidir. İranın bu ikisindən imtina edəcəyini söyləmək çətindir.
Baxmayaraq ki, İranın hazırkı prezidenti Məsud Pezeşkian Qərblə münasibətlərini normallaşdırmağa çalışır. Amma İran prezidenti konstitusiyaya görə böyük səlahiyyət sahibi deyil. Onun başı üstündə Ali dini lider və onun ətrafı, üstəgəl SEPAH generalları var ki, onlar həm nüvə çalışmaların davam etdirilməsində maraqlıdırlar, həm də İsraili hədəf götürən silahlı və terrorçu qruplaşmaların maliyyə dəstəyindən məhrum etmək istəmirlər. Ona görə də bu qarşıduruma İranla Amerika arasında, İranla İsrail arasındakı qarşıduruma hələ də uzun müddət davam edəcək”.

Ekoloq Ənvər Əliyev də mövzu ilə bağlı Musavat.com-a fikirlərini bildirib: “Açığı, nüvə silahının istifadə olunacağına inanmıram. Əgər olarsa, əlbəttə çox böyük təhlükədir. Heç bir ölkə, Azərbaycan da bu təhlükədən sığortalanmayıb. Milyonlarla insanın məhv olması deməkdir. İrandan milyonlarla insanın bizim ərazimizə keçməsi da qaçılmazdır. Amma bunlar reallıqdan uzaqdır. O ki qaldı hansı ərazilərə yayılmasına, bunu demək də çətindir. Çünki obyektlər haradadır, hansı bombadan istifadə oluna bilər, bunlar sadəcə. ehtimal oluna bilər. Bunlar dəqiqləşməsə, dəqiq fikir demək olmaz. Amma ən birinci zərbə elə bizə və bir neçə dövlətə dəyəcək”.

Afaq MİRAYİQ,
Musavat.com

Избранный
51
6
musavat.com

10Источники