RU

Panel müzakirələri: sülh, yaşıl dünya və sağlam qida

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində Yaşıl zonada mütəmadi panel müzakirələr təşkil olunur. Bu müzakirələrdən biri də “Minatəmizləmə və kənd təsərrüfatı vasitəsilə sülh, torpaq və ekosistemlərin bərpası” mövzusunda təşkil olunub. Tədbirdə müharibə nəticəsində dağılmış ərazilərin bərpasına və kənd təsərrüfatı vasitəsilə yerli icmaların canlandırılmasına yol açan mina təmizləmə səylərinin transformativ təsiri müzakirə olunub.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev sessiya iştirakçılarını sülhün, torpağın və ekosistemlərin bərpası üçün birgə çalışmağa dəvət edib. O bildirib ki, münaqişədən zərər çəkmiş torpaqların, təbiətin və ekosistemlərin bərpası üçün birgə addımlar atılmalıdır. Minalarla çirklənmiş ərazilərdə təhlükəsizlik və inkişaf proseslərinin əngəlləndiyini deyən Mirzəyev yalnız torpaqları minalardan təmizləmək haqqında deyil, o torpaqların gələcək nəsillərə sülh içində ötürülməsi haqqında işlər görülməlidir. Çünki torpağın minalardan azad edilməsi, orada həyatın yenidən canlanması, kənd təsərrüfatının inkişafı, əhalinin köçürülməsi, iqtisadi fəaliyyətin bərpası və yeni bir ekosistemin yaradılması deməkdir.

Paneldə çıxış edən QHT Şöbəsinin rəhbəri Vook Cin Çanq “Sülh naminə görülən təşəbbüslərdə QHT-lərin rolu”, Azərbaycan Minatəmizləmə Agentliyinin Maarifləndirmə və Zərərçəkənlərlə İş şöbəsinin müdiri Ramil Əzizov “Ekosistemin qorunmasında mina təhlükəsi ilə mübarizənin rolu", "Sülhün Kökləri" təşkilatının baş direktoru və təsisçisi Heidi Kuhn post-konflikt əraziləri məhsuldar kənd təsərrüfatı ərazilərinə çevirmək üçün strategiyalar, iqtisadi imkanlar və davamlı təcrübələr, “Minalardan üzüm bağlarına” təşəbbüsü, mina aksiyası üzrə beynəlxalq ekspert Emil Həsənov "Kənd təsərrüfatı üçün nəzərdə tutulmuş ərazilərdə mina təmizləmə və torpaq bərpasında texniki çətinliklər və bu məsələlərin həllində beynəlxalq əməkdaşlığın rolu", Beynəlxalq Bilik İqtisadiyyatı və Müəssisələrin İnkişafı Təşkilatının (IKED) sədri Tomas Andersson "İqtisadi artımın ətraf mühitin qorunması ilə balanslaşdırılması", Bərpa Olunan Enerji və Enerji Səmərəliliyi üzrə Ərəb Platformasının prezidenti Kamel Esseghairi isə “Post-konflikt ərazilərdə suvarma, torpağın bərpası və icmaların yaşayış imkanlarını dəstəkləmək üçün bərpa olunan enerjinin praktik tətbiqləri” mövzusunda çıxışlar ediblər.

***

COP29 tədbirləri arasında Azərbaycanın COP29 Sədrliyi çərçivəsində yaradılmış Birgə Təşəbbüs-Azərbaycan, Misir, Almaniya, İtaliya, Uqanda, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya və Beynəlxalq Miqrasiya Təşkilatının (İOM) birgə təşkilatçılığı ilə “İqlim və Sülh: heç kimi arxada qoymamaq naminə birgə fəaliyyət” adlı yüksəksəviyyəli panel iclası da vardı. Tədbirdə COP29-un sədrliyinin iqlim dəyişikliyi sahəsində konkret həlləri nəzərdə tutan təşəbbüsləri, eləcə də İqlim və Sülh Fəaliyyəti üzrə Bakı konsepsiyası, həmçinin beynəlxalq sülhə iqlimlə əlaqəli təhlükələrin qarşısının alınması sahəsində əməli addımları ehtiva edən “Bakı İqlim üçün Sülh Çağırışı” ilə bağlı müzakirələr aparılıb.

İtaliya, Misir, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri, Almaniya və Uqanda nümayəndələri, eləcə də Beynəlxalq Miqrasiya Təşkilatı, BMT-nin İnkişaf Proqramı və digər beynəlxalq təşkilatların nümayəndələri Azərbaycanın səylərini gələcəyin təhdidlərinə qarşı əməli addımlar kimi yüksək qiymətləndirib, ölkəmizin təşəbbüslərinə dəstəklərini ifadə ediblər. İclasda çıxış edən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, sülh Azərbaycanın əsas prioritetidir: “İqlim dəyişikliyi qida təhlükəsizliyi ilə bağlı problemi də gücləndirir, su qıtlığını və torpağın deqradasiyasını sürətləndirir. Bunlar da öz növbəsində miqrasiyaya aparır. İqlim dəyişikliyinin yaratdığı fəlakətlər qeyri-sabitliyin dərinləşməsinə səbəb olan münaqişələr üçün katalizator rolunu oynayır. Münaqişələr və onların nəticələrinin infrastruktura, torpağın deqradasiyasına və biomüxtəlifliyə dağıdıcı təsirləri iqlim böhranını daha da artıracaq və sülhə, dayanıqlılığa və inkişafa zərər gətirəcək”.

***

COP29 çərçivəsində Yaşıl Zonada Milli QHT Pavilyonunda Pan-Afrika İqlim Ədaləti Alyansı (PACJA) “İqlim böhranının ön cəbhəsində olan icmalar üçün inklüziv və hərtərəfli iqlim tədbirlərini təşviq edən iqlim maliyyəsi modelləri” mövzusunda forum keçirib. Forumda Alyansın rəhbəri Jozef Mikita Mvenda bildirib ki, PACJA 48 Afrika ölkəsindən 1000 QHT-ni özündə birləşdirən təşkilatın ümumi mövqeyini ifadə edir. Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva bildirib ki, iqlim maliyyəsinə çıxışı təşviq edən modellər və yanaşmalar mühüm əhəmiyyətə malikdir. Panel müzakirələrində PACJA təşkilatlarının ekspertləri - Cessika Mvenza, Ruçi Tripati də iştirak ediblər. PACJA-nın proqramlar və tədqiqatlar üzrə rəhbəri Çarlz Mvanqi daha əlçatan maliyyələşdirmə mexanizmləri barədə məruzələrlə çıxış ediblər. Onlar Afrikanın təcrid olunmuş icmalarının səsini gücləndirmək üçün Azərbaycanın yaratdığı imkanı yüksək qiymətləndirib.

***

COP29 çərçivəsində Yaşıl zonada Türkiyə pavilyonunda “Polad sənayesinin gələcəyi: karbonlaşma, dairəvi iqtisadiyyat və ortaya çıxan problemlər” adlı panel də keçirilib. Panel İstanbul Mədən və Metal İxracatçı Birliklərinin (İMMİB) təşkilatçılığı ilə reallaşıb. Tədbirdə çıxış edən Türkiyə İxracatçılar Məclisi Baş katibinin müavini Kübra Ulutaş bildirib ki, təşkilat 150 mindən çox əmtəə və xidmət ixracatçılarını bir araya gətirir. Birləşmiş Millətlər Universitetinin böyük elmi işçisi Sanae Okamoto çıxışında qeyd edib ki, yaşıl keçidə nail olanda sürətlənən kənd innovasiya ekosistemini dəstəkləmək üçün məkanın və icmanın olması çox vacibdir. Həmçinin inkubasiya sistemlərinin mövcudluğu, düzgün işləyən avadanlıq və infrastrukturun, logistikanın, həmçinin regionda dəstəkləyici lokal şəbəkələrin olub-olmadığını yoxlamaq da şərtlərdəndir.

Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) İdarə heyətinin üzvü, “Vat enerji” şirkətinin baş direktoru Altuğ Karataş vurğulayıb ki, son 3 ildə rəsmi olaraq COP zirvələrinin hər birində iştirak edib. “İş dünyasının verdiyi töhfəni cəmiyyətimiz yaradıb. Təbii ki, qalıq yanacaqlardan da istifadə olunur. Lakin transformasiya baş verir. Məqsədimiz istehsal olunan firmaların təmiz, bərpaolunan enerji almasıdır”,- deyə o, əlavə edib.

***

COP29 tədbiri çərçivəsində "Azərsun Holdinq” tərəfindən "Keçidin gücləndirilməsi: Gələcəyin enerjisini bugündən maliyyələşdirmək” adlı panel müzakirəsi də təşkil edilib. Panel müzakirəsində “Azərsun Holdinqin” İdarə Heyətinin üzvü Savaş Uzan, Misirin ətraf mühit nazirinin müşaviri Ömər Əbdüləziz, "İnogem Alliance"nin prezidenti Anjelik Dikson, "Antea Group"un baş direktoru Aleks Fürqüson, bərpa olunan enerji üzrə ekspert Şərəf Əsgərova, "Tonkin and Tylor" şirkətinin icraçı rəhbəri Bret Ogilvi iştirak ediblər. Panel iştirakçıları yaşıl enerjiyə keçid, iqlim maliyyələşməsi mövzusunda geniş müzakirələr aparıb. Qeyd edək ki, panel müzakirələr COP29 davam etdiyi müddətdə mütəmadi təşkil olunacaq.

***

Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində "Xalis Sıfır Xəritəsi: Dayanıqlı enerji sisteminin qurulması" mövzusunda da panel keçirilib. Tədbirdə Paris Sazişində qeyd olunan əsas məqsəd və ssenarilərə diqqət yetirilib, xalis sıfır emissiyalarına doğru qlobal keçid araşdırılıb. Paneldə sənayelərin yeni enerji modellərinə necə keçdiyi və yaşıl texnologiyalara sərmayə qoyduğu barədə mövzular gündəmə gətirilib. ADA Universitetinin professoru Damyan Krnyevik Miskoviçin moderatorluğu ilə keçirilən tədbirdə COP29-un baş icraçı direktoru Elnur Soltanov, “SOCAR Green” şirkətinin baş direktoru Elnur Musayev, Moldova Respublikası Energetika Nazirliyinin karbonsuzlaşdırma üzrə dövlət katibi Karolin Novak və Macarıstanın Energetika Nazirliyində iqlim üzrə xüsusi tapşırıqlar səfiri Barbara Botos keçid dövrünün enerji sistemlərinin iqtisadi problemlərini, o cümlədən infrastruktur investisiyaları, siyasət dəyişiklikləri və texnoloji tərəqqini müzakirə ediblər.

Tədbirdə texnoloji və iqtisadi aspektlərlə yanaşı, ədalətli keçid ideyası əsas götürülərək enerji keçidinin sosial tərəflərindən bəhs olunub. Qeyd edilib ki, bütün icmaların dayanıqlı enerjiyə keçid prosesində iştirakını təmin etmək bərabər sosial inkişaf üçün çox vacibdir. Sessiyada enerji keçidlərinin yeni iş yerlərinin yaradılması, icmaların dayanıqlılığı və xüsusilə inkişaf etməkdə olan ölkələrdə hər kəs üçün təmiz enerjiyə çıxışın üsulları araşdırılıb. Tədbirdə, həmçinin enerjiyə çıxış, əlçatanlıq və keçid dövrünün sosial-iqtisadi təsirləri ilə bağlı problem və imkanlar müzakirə olunub, eləcə də xalis sıfır emissiyalı gələcəyə nail olmaq üçün inklüziv strategiyaların əhəmiyyəti vurğulanıb.

***

“YARAT” Müasir İncəsənət Məkanı COP29 çərçivəsində Azərbaycan rəssamı Aida Mahmudovanın “Funksionallıqdan kənar” sərgisini açıb, həmçinin “İncəsənət və iqlim dəyişikliyi” adlı birgünlük simpozium təşkil edib. “Funksionallıqdan kənar” Aida Mahmudovanın Azərbaycan mədəni irsinin dərindən araşdırılması istiqamətində apardığı bədii təcrübələrini əks etdirən sərgidir. Rəssam təbiətdən ilhamlanaraq onun relyefi, canlı aləmi, iqlim şəraitinin möhtəşəm gözəlliyini daima öz yaradıcılığında ifadə edir. “İncəsənət və iqlim dəyişikliyi” simpoziumu incəsənət təbliğatı, iqlim qayğısı və dayanıqlı gələcəyə həsr olunub. Bu unikal tədbirin ideya və konsepsiya müəllifi Aida Mahmudovadır. Dörd fərqli mövzuda keçirilən panel sessiyalardan ibarət simpoziumda çıxış edən spikerlər müxtəlif xarici ölkələrdən dəvət olunublar. Panellər “Ekoloji gündəliklərin mədəniyyət müəssisələrində proqramlaşdırılması”, “Dayanıqlılıq və incəsənət bazarı”, “Vizual incəsənətdə postsosialist antroposen haqqında əsas təqdimat” və “Vision Art Platform” jurnalının xüsusi buraxılışının təqdimatı”na həsr olunub.

***

COP29 çərçivəsində həmçinin “Bərpa olunan enerjiyə investisiya: Davamlı gələcəyə aparan yollar” mövzusunda tədbir keçirilib. Azərbaycan Yaşıl Enerji şirkətinin nümayəndəsi Xəyalə Nağıyevanın moderatorluğu ilə keçirilən tədbirdə Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (BOEMDA) direktor müavini Rəna Hümbətova, “Masdar Azerbaijan” şirkətinin direktoru Murad Sadıqov, “Baltech Green” LLC şirkətinin rəhbəri Volkan Gerdan və ABŞ-dan qonaq "Lyten" şirkətinin nümayəndəsi Laszlo Horvath çıxış ediblər. Qeyd olunub ki, Azərbaycanın bərpaolunan enerji sahəsində texniki potensialı quruda 135 giqavat, dənizdə isə 157 giqavat təşkil edir. Hazırda isə ölkənin bərpaolunan enerji potensialı, günəş və külək enerjisi daxil olmaqla, quruda 27 giqavat, Xəzərdə isə 157 giqavatdır.

***

Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində “Karbon qiymətqoyma: mövcud problemlər və yeni strategiyalar” mövzusunda panel müzakirəsi də keçirilib. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən təşkil edilmiş tədbirdə karbon emissiyaları ilə mübarizənin effektiv üsulları müzakirə edilib. Tədbirdə DVX-nin rəisi Orxan Nəzərli çıxış edib. O, Bakıda keçirilən COP29 çərçivəsində “Karbon qiymətqoyma: mövcud problemlər və yeni strategiyalar” mövzusunda panel müzakirəsinin təşkilinin bu sahədə ədalətli yanaşmalar üçün yolların araşdırılması və qlobal əməkdaşlığın təşviqi baxımından əhəmiyyətini qeyd edib.

Qlobal iqlim dəyişikliyi ilə mübarizənin ən təsirli alətlərindən biri kimi karbon qiymətqoymanın istixana qazı emissiyalarının azaldılması məqsədilə iqtisadi aktorları hərəkətə gətirən və dayanıqlı inkişafı təşviq edən mühüm bir vasitə olduğunu bildirib. Panel müzakirəsinin əsas mövzusu karbon qiymətləri sahəsində hazırda qlobal miqyasda mövcud olan alətləri nəzərdən keçirmək, cari çağırışları və problemləri müəyyən etmək və bununla da universal həll yollarını araşdırmağa yönəlmiş yeni strategiyalar yaratmaq olub. Müzakirələrdə OECD-nin Vergi siyasəti və statistika şöbəsinin rəhbəri Kurt Van Dender, Harvard Universitetinin təmsilçisi İlay Sandler, “Ernst & Young” şirkətinin nümayəndəsi Kasia Klaçinska Lyuis, Beynəlxalq Valyuta Fondunun (BVF) İqlim siyasəti şöbəsinin rəhbəri Dora Benedek, Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva aktiv iştirak ediblər.

***

Azərbaycan pavilyonunda “Təmiz havanın uşaq və yeni doğulan körpələrin sağlamlığı üçün əhəmiyyəti” mövzusunda panel müzakirəsi təşkil edilib. Tədbirin açılışında çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva aparılacaq müzakirələrin uşaqların rifahına verə biləcəyi töhfəni qeyd edib. Hava çirklənməsi probleminin nəticəsi olaraq hər il milyonlarla insanın həyatını itirdiyini vurğulayan Leyla Əliyeva qeyd edib ki, adıçəkilən problemin aradan qaldırılması üçün qlobal həmrəylik və dayanıqlı texnologiyalardan istifadə əhəmiyyətli rol oynayır.

IDEA İctimai Birliyi tərəfindən həyata keçirilən müxtəlif layihə və tədbirlər barədə də danışan Leyla Əliyeva ötən 13 il ərzində təşkilatın təşəbbüsü ilə 5 milyondan çox ağacın əkildiyini qeyd edib. Bununla bərabər, “Məktəb bağları” layihəsi çərçivəsində Bakı şəhəri və bölgələrdə yerləşən 300 məktəbin həyətində 20 mindən çox ağacın əkildiyi panel müzakirələri iştirakçılarının diqqətinə çatdırılıb. Qeyd edək ki, tədbirdə, həmçinin Azərbaycanın səhiyyə naziri Teymur Musayev, CAF-ın baş icraçı direktoru Jane Burston, BMT-nin Uşaq Fondunun (UNICEF) Sağlam Uşaqlar üçün Sağlam Ətraf Mühit Qlobal Proqramının rəhbəri Abheet Solomon, Botnar Fondunun vitse-prezidenti, “Partnership for Maternal, Newborn & Child Health” təşkilatının İdarə heyətinin üzvü Flavia Bustreo və gənc ətraf mühit fəalı Francisco Vera iştirak ediblər.

***

COP29 çərçivəsində “Sağlamlığa Xidmət” İctimai Birliyi və Beynəlxalq Stop Vərəm Tərəfdaşlığının birgə təşkilatçılığı ilə noyabrın 16-da iqlim dəyişmələrinin sağlamlığa təsiri, o cümlədən antimikrobial rezistentlik mövzusunda yüksəksəviyyəli müzakirə keçirilib. Tədbirdə Kamerundan olan deputat Nqayap Pier Flambe, Kenya parlamentinin deputatı Stefen Myul, Zambiya parlamentinin üzvü Xristofer Xalila, həmçinin Milli Məclisin Səhiyyə komitəsinin üzvləri Pərvanə Vəliyeva, İlham Məmmədov, Müşfiq Məmmədli iştirak ediblər. Məruzəçilər iqlim dəyişmələrinin qlobal sağlamlıq üçün ciddi təhdidlər və yeni sağlamlıq riskləri yaratdığını vurğulayıblar. B

Bildirilib ki, ekstremal hava hadisələrinin artan tezliyi və intensivliyi, temperaturun artması insanların sağlamlığına və rifahına birbaşa təsir göstərir. Qeyd olunub ki, iqlim dəyişmələri ekosistemləri pozur, yoluxucu xəstəliklərin yaranmasına və yayılmasına səbəb olur, əhalinin sağlamlığı üçün ciddi təhlükə yaradır. Panel sessiyalarda TƏBİB-in departament rəhbəri Yaqut Qarayeva Səhiyyə Nazirliyinin şöbə müdiri Nəzifə Mürsəlova, Qazaxıstan, Qırğızıstan və Hindistandan ekspertlər sözügedən mövzuda auditoriyanın suallarını cavablandırıblar.

***

COP29 iqlim sammiti çərçivəsində “Gənclərin rəqəmsal iqlim inqilabında iştirakının dəstəklənməsi” mövzusunda da tədbir keçirilib. Avropa İqtisadi və Sosial Komitəsinin üzvü Kestutis Kupsysin moderatorluğu ilə başlayan tədbirdə rəqəmsal həllərin iqlim fəaliyyəti ilə inteqrasiyası və bu texnologiyaların davamlılıq prinsiplərinin təşviqindəki rolu müzakirə olunub. Panel iştirakçıları “Cisco” şirkətinin mütəxəssisi Mary De Vysocki, “BeWorks Automation” şirkətinin təsisçisi və baş icraçı direktoru Fidan Cavadova, mühafizəçi və WAFF gənclər nümayəndəsi Doreen Maykl diqqətə çatdırıblar ki, rəqəmsal texnologiyalar gənclərə iqlim dəyişikliklərinə təsir etmək üçün mühüm vasitələr təqdim edir. Vurğulanıb ki, bunun vasitəsilə gənclər ekoloji təsirlərə nəzarəti gücləndirmək, davamlı inkişafı təmin etmək və iqlim təşəbbüslərinə dəstək vermək istiqamətində əhəmiyyətli töhfələr verə bilərlər.

Tədbir çərçivəsində iştirakçılara qabaqcıl rəqəmsal platformalar, süni intellektlə işləyən həllər və real vaxt rejimində ətraf mühitin monitorinqini təmin edən innovativ proqram təminatları təqdim olunub. Bu vasitələr arasında məlumat əsaslı təbliğat vasitələri, iqlim məlumatlarının vizuallaşdırılması üçün istifadə olunan proqram təminatları və gənclərin iqlim fəaliyyəti sahəsində daha aktiv iştirakına şərait yaradan rəqəmsal tətbiqlər xüsusi vurğulanıb.

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti çərçivəsində hazırlanıb

Избранный
8
1
sesqazeti.az

2Источники