Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsi növbəti uğurlu əməliyyata imza atıb. Mərkəzin Cərrahiyyə şöbəsində ilk dəfə damar cərrahiyyəsinə başlanılıb.
"Medicina" xəbər verir ki,Əməliyyat Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsində yeni fəaliyyətə başlayan damar cərrahı Səid Əhmədov tərəfindən icra edilib.
Rayon sakini, 1965-ci il təvəllüdlü şəxs üzərində aparılan flebektomiya əməliyyatı uğurla başa çatıb.
İllərdir ki, bu xəstəlikdən əziyyət çəkən şəxsin çoxsaylı konservativ müalicələri nəticəsiz qaldığından belə bir cərrahi əməliyyatın icrasına qərar verilib.
Baş tutan uğurlu əməliyyatdan sonra pasiyentin vəziyyəti qənaətbəxş hesab edilib və artıq ambulator müalicə üçün evə buraxılıb.
Qeyd edək ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və TƏBİB-in dəstəyi ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasında son illər ərzində böyük tibbi islahatlar aparılıb. Keyfiyyətli tibbi xidmətin təşkili məqsədilə tibb müəssisəsi müasir tibbi avadanlıqlarla təmin olunub, yeni cərrahi bloklar yaradılıb.
Region əhalisi üçün tibbi əlçatanlığın təmin olunması istiqamətində tədbirlər davam etdirilir.