RU

Sosial mediada mənfi şərhlər və bəyənmə sayı azyaşlılara necə təsir edir?

Artıq bütün dünyada uşaqlar və yeniyetmələr də sosial media fenomeni olmaq həvəsinə düşüblər. Övladları üzərindəm reklam əməkdaşlığı ilə pul qazanan valideynlərin sayı heç də az deyil.

Sosial media sanki azyaşlıların və yeniyetmələrin istəklərini, arzu etdiyi şeyləri kökündən dəyişib. Tez böyüməyə həvəs və özünü yaşından daha böyük göstərməyə çalışmaq bu işin mayasında var sanki. Zaman keçdikcə böyüklər azyaşlıları da kiçik hədiyyələrlə sevindirə bilmir. Fenomen uşaqların sosial media hesablarına göz gəzdirəndə görürük ki, onun sadəcə yaşı azyaşlı və ya yeniyetmə olduğunu deməyə əsas verir. Yaşam tərzi, alınan hədiyyələr, istəklər, hər biri həddi-buluğa çatmış adamları xatırladır. 

Kənardan bütün bunlar şirin, bəlkə də bəziləri tərəfindən təqdirəlayiq görünsə də, zamanla bəzi problemlər ortaya çıxa bilir.

Demokrat.az məsələ ilə bağlı araşdırma aparıb: 

Sosial mediadakı mənfi rəylər, bəyənmə sayının yetəri qədər olmaması yetkinlik yaşına çatan insanlara belə psixoloji təsir edə bilir. Sırf vizuallıq olaraq bəyənilmədiyi üçün sosial şəbəkələrdən uzaqlaşma məcburiyyətində qalan minlərlə insan var. 

Bütün bunlar uşaqların, yeniyetmələrin şəxsiyyətinin formalaşmasına və psixologiyasına necə təsir edir?

Sosial mediada bəyənmə və izləyicilərin sayı uşaqların şəxsiyyətinin qurulmasında güclü rol oynayır. Ancaq bu proses həmişə müsbət nəticə vermir.

Mənfi şərhlər, aşağı bəyənmə sayları və ya izləyicilərin itməsi uşaqların emosional tarazlığını sarsıda bilər.

ABŞ-da aparılan araşdırmalar 8-12 yaşlı uşaqların yüzdə 70-dən çoxunun aktiv sosial media hesablarına sahib olduqlarını və onların nəinki məzmun istehlak etdiklərini, həm də məzmun istehsal etdiklərini ortaya qoyur.

 Bu onu göstərir ki, onlar sadəcə tamaşaçı deyil, rəqəmsal şəxsiyyətlərini fəal şəkildə formalaşdırırlar.

Davamlı olaraq sosial mediada təsdiq axtaran uşaqlar real dünyada tənhalıq hissi ilə daha çox qarşılaşırlar.  Rəqəmsal dünyada populyarlıq axtarışı uşaqların real dünya ilə əlaqələrini zəiflədə bilər. Çünki virtual aləmdə populyarlıq qazanan uşaqlar real dünyada eyni diqqətə çata bilmirlər. 

Nəticədə virtual aləmdə sərf olunan vaxt real dünyadan kənara çıxır.

Problemi yaşamamaq üçün valideynlər övladlarına rəqəmsal dünyada qarşılıqlı əlaqələrin müvəqqəti olduğunu və real dəyərlərin bu platformalarla məhdudlaşmadığını başa salmalıdırlar. Onlar həmçinin uşaqların virtual aləmdə keçirdikləri vaxta nəzarət etməli və bu dünyada qarşılaşdıqları mənfi təsirləri görməyə çalışmalıdırlar. 

Uşaqlar rəqəmsal dünyada nə qədər çox vaxt keçirsələr, real dünyada sosial qarşılıqlı əlaqədə bir o qədər çətinlik çəkəcəklər. Ona görə də valideynlər övladlarına virtual dünyanın reallığını şübhə altına almağı öyrətməli və rəqəmsal dünya ilə real dünya arasında tarazlığın qurulmasına kömək etməlidirlər.

Əfsanə Kamal
Demokrat.az
Избранный
44
41
demokrat.az

10Источники