RU

Şolts Putinlə 2 saat danışdı- "Trampsız Ukrayna siyasətinə hazırlıq başlayıb"...

Image

Abutalıb Səmədov: "Ukrayna-Rusiya müharibəsində ciddi bir mərhələ başlayıb, çox güman ki, bu proses sulh razılaşması ilə başa çatacaq"

Rusiya Prezidenti Vladimir Putinin Almaniya kansleri Olaf Şoltsla telefon danışığı bütün dünyanın diqqətini çəkdi. Kreml Rusiya Prezidenti Vladimir Putinlə Almaniya Kansleri Olaf Şolts arasında telefon danışığı haqda məlumat yayıb.

“Almaniya tərəfinin təşəbbüsü ilə 2022-ci ilin dekabrından bəri Rusiya Prezidenti Vladimir Putin və Almaniya Kansleri Olaf Şolts arasında ilk telefon danışığı baş tutub”, - deyə məlumatda bildirilir.

Qeyd olunub ki, tərəflər Ukraynadakı vəziyyətlə bağlı ətraflı fikir mübadiləsi aparıblar. Rusiya Prezidenti vurğulayıb ki, Moskva heç vaxt münaqişənin siyasi-diplomatik həllindən əl çəkməyib: “Rusiyanın təklifləri hamıya məlumdur və xüsusilə iyun ayında Rusiya Xarici İşlər Nazirliyində etdiyi çıxışda açıqlanıb”.

Bundan əlavə, Putin bildirib ki, Rusiya ilə Almaniya arasında münasibətlərin korlanması Berlinin qeyri-dost kursu səbəbindən baş verib.

Həmçinin, Putin Şoltsla Rusiyanın Yaxın Şərqdə gərginliyi azaltmaq səyləri barədə də danışıb.

Qeyri-rəsmi məlumata görə, əslində bu iki lider arasında danışıq yox, dava-dalaş olub. Guya Şolts Ukraynaya sona qədər dəstək verəcəyini deyib.

Avropada əvvəllər yaxınlığı ilə seçilən bu ölkələr arasında nə baş verir, bu danışığın görünməyən tərəflər nə ola bilər?

Sualımızı cavablandıran politoloq Abutalıb Səmədov bildirdi ki, Ukrayna müharibəsindən əvvəl Avropada Rusiyaya ən yaxın olan dövlət Almaniya idi: "Rusiya Almanyanın qaza olan tələbatının böyük hissəsini ödəyirdi. Müharibə başlayan kimi Almaniya aktiv şəkildə Ukraynaya dəstək verməyə başladı. Düzdür, ilk dövrlərdə bu dəstək o qədər də ciddi deyildi. Almaniya Ukraynanın Rusiya qarşısında dayana biləcəyinə inanmırdı. Bu səbəbdən də Almaniya Ukraynaya ciddi silahlar vermək əvəzinə əsgəri ləvazimatlar göndərirdi və bunun sayı o qədər gülünc idi ki, bütün dünyada əks-səda doğurmuşdu. Ancaq sonrakı dövrdə Ukraynanın Rusiya qarşısında dayandığını, hətta 2022-ci ilin sentyabr-noyabr aylarında əks-hücuma keçməsini, 80 min kvadratkilometr ərazisinin azad etməsini görəndən sonra Ukraynaya yardımlarını artırdı və ABŞ-dən sonra Kiyevə ən çöx yardım edən ikinci dövlət oldu. Lakin 2024-cü ildə baş verən hadisələr göstərdi ki, Ukraynanın 2023-cü ildəki əks-hücum kampaniyasının uğursuzluğa məruz qalması təsadüfi deyil. Çünki 2024-cü ildə də eyni uğursuzluq təkrarlandı. Ukrayna ümumiyyətlə hücüma keçə bilmədi, əvəzində Kursk vilayətinə girdi. Elə Ukrayna hərbi ekspertlərinin də fikrincə, bu heç bir ciddi nəticə verməyəcək avantüra idi. Hadisələrin inkişafı da göstərdi ki, bu Ukraynaya heç nə vermədi və tədricən Rusiya Kursku azad edir. Bundan sonra Almaniya cəmiyyətində Ukraynaya yardımın əleyhinə olanların sayı sürətlə artmağa başladı. Almaniya hökuməti bəyan elədi ki, növbəti ildə yardımlar ciddi şəkildə azaldılacaq.

Eyni zamanda, koalision hökumət daxilində ciddi problemlər yarandı, yerli seçkilərdə Soltsun partiyası uğursuzluğa məruz qaldı. Bunun ardınca Şolts bəyan elədi ki, Putinlə danışmaq istəyir. Aydındır ki, sülh yollarını axtarmaq vaxtı yetişib. 2023-cü ildə sülh cəhdləri ilə yalnız Türkiyə məşğul olurdusa (hərçənd ki, Avropa ölkələri buna müqavimət göstərirdi), 2024-cü ildə Almaniya o qənaətə gəldi ki, sülh danışıqlarının yolları axtarılmalıdır və bunun üçün də mütləq Putinlə danışılmalıdır - Putinlə danışmamaq vəziyyətidən çıxış yolu deyil.

Digər tərəfdən, Donald Tramp prezident seçildi, onun da mövqeyi aydındır, Zelenskiyə mənfi münasibəti də ortadadır, o bunu heç vaxt guzlətməyib. Tramp Zelenskini dünyanın ən bacarıqlı dəllalı adlandırıb. O deyir ki, hər dəfə gəlib, milyardlarla dollar alıb gedir. Tramp həm də üzərinə bir öhdəlik götürüb ki, prezident seçilsə Ukrayna-Rusiya cəbhəsində hərbi əməliyyatlar dayanacaq və sülh razılaşması imzalanacaq - "mən müharibəni bitirəcəyəm" dedi. Bunun yolları haqqında müxtəlif bəyanatlar verdi. O dedi ki, mənim hər iki prezidentlə yaxşı münasibətlərim var, onlarla danışıb, hər ikisini inandıracağam ki, hərbi əməliyyatlar dayandırılmalıdır. Müəyyən qədər şantaja əl atacağını da gizlətmədi - əgər Rusiya hərbi əməliyyatları dayandırmaq istəməsə, Amerikanın Ukraynaya yardımlarını artıracağını, Zelenski dayanmasa ona yardımları tamamilə dayandıracağımı deyəcəm - bu yolla hər iki dövlət başçısını sülh danışıqlarına nəcbur edəcəm - demişdi.

Daha sonra Tramp başqa bir təkliflə də çıxış edərək dedi ki, müharibənin dayandırılması neftin ucuzlaşdırılmasından keçir və mən neftin qiymətini 40 dollara salıb Rusiyanı çox ciddi gəlirlərindən məhrum edəcəm. İndi Rusiya hər barel neftdən 100 dollar gəlir götürürsə, mənim görəcəyim işlər nəticəsində neftin qiyməti 40 dollara düşəcək ki, Rusiya üçün burada hər hansı bir mənfəətdən söhbət gedə bilməz. Düzdür, böyük bir ölkənin prezidentliyinə namizədinin neftin qiymətlərindən xəbəri olmaması da qəribədir. Çünki hazırda 100 dollara satılan neft yoxdur. Son illər dünyanın ən keyfiyyətli neftinin qiyməti 80-85 dollardan artıq olmayıb. Rus nefti isə ağır neft olduğundan son bir ildə orta hesabla 69 dollara satılıb. Nəzərə alsaq ki, neftin maya dəyəri Rusiyada 42-49 dollara başa gəlir, təbiidir ki, o, neftin qiymətini 40 dollara sala bilsə, bu, Rusiyaya böyük zərbə olar. Amma bu, Amerikanin neft hasilatı ilə məşğul olan şirkətlərinə də böyuk zərbə ola bilər. Çünki Amerika neftinin də maya dəyəri təxminən rus neftinə bərabərdir. Bu səbəbdən dünyanın ən çox neft çıxaran ölkəsi kimi Amerika da ciddi zərbə ala bilər.

Onu da qeyd etmək lazımdır ki, neftin qiymətini aşağı salmaq yalnız Amerikadan asılı deyil. Çünki dünyada satılan xam neftin yarısı OPEK ölkələrinin payına düşür, bu işdə həlledici söz onlara məxsusdur. Digər tərəfdən, neftin satışı daha çox Çində neftə tələbatdan asılıdır. Bu tələbat isə əvvəlki illərə nisbətən aşaği templə artıb. Beynəlxalq Energetika Agentliyi də bəyan edib ki, yaxın beş ildə neftə və qaza tələbat azalacaq və qiymətləri düşəcək. Yeri gəlmişkən, bunu biz də nəzərə almalıyıq.

Belə bur şəraitdə Tramp həm Rusiya, həm də Ukrayna prezidentləri ilə danışıqlar aparacaq. Əgər o, dediyini edərək Ukraynaya yardımı kəssə, Avropa ölkələri bu məsrəfləri öz üzərlərinə götürə bilməzlər. Çünki onlar onsuz da kifayət qədər çox yardım edirlər, Amerika yardımlarını da onun üzərinə gələndə belə, bu, Rusiyanın qarşısında dayanmağa kifayət etmir. Rusiya artiq hərbi büdcəsini 150 milyard dollar səviyyəsinə qaldırıb. Rusiyada silahlar daxildə istehsal olunduğundan çox ucuz başa gəlir. Ona görə də Ukraynanın Rusiyaya qalib gəlməsi üçün həm Amerika, həm də Avropa yardımları bir neçə dəfə artırmalıdır. Bu da qeyri-mümkündür. Almanyanın yardımları artırmasi ümumiyyətlə mümkün deyil. Çünki Almaniyanın özünün də cox ciddi problemləri var.

Fikrimizcə, Şoltsun Putinlə telefon söhbəti sülhə yönəlik danışıqdır və bu danışıqlarda təbiidir ki, dava-dalaş ola bilməz. Diplomatiyada nadir hallarda diplomatlar bir-birinə səslərini yüksəldirlər. Çünki ən ağir təhdid və ifadələri də onlar gülə-gülə deyirlər. Mən hesab edirəm.ki, onlar arasında normal, konstruktiv söhbət olub. Sulh yolları axtarılıb və Putin də həmişə olduğu kimi "sülh istəyirik" deyib, ancaq elə şərtlər irəli sürüb ki, o şərtlərlə Ukraynanın sülhə getməsi bir siyasətçi kimi Zelenskinin intiharı ola bilər. Çox ağir bir vəziyyət yaranıb, əgər Tramp və Avropa liderlərı sülh tələblərini artırsalar, Ukrayna çixılmaz vəziyyətdə qalacaq. Artıq Zelenskini sülhə çağıran dövlətlərin sayı "möhkəm dayan" deyənlərin sayından dəfələrlə çoxdur.

Ancaq bir şey aydındır ki, Rusiya 123 min kvadratkilometr Ukrayna ərazisini tuiub. Əlavə olaraq 10-15 min kvadratkilometr də tələb edir. Rusiya bu tələblərdən geri çəkilmək fikrində deyil, çünki üstünlük Rusiyadadır. Rusiya son günlər kifayət qədər sürətlə irəliləyir, bir neçə strateji əhəmiyyətli şəhərin ələ keçrilməsi Ukraynaya çox ciddi problemlər yaradacaq. Ona görə ki, həmin şəhərlərdən sonra böyük bir düzənlik ərazi başlayır ki, burada irəliləmək Rusiya üçün asan olacaq.

Hər halda, Ukrayna-Rusiya müharibəsində çox ciddi bir mərhələ başlayıb, çox güman ki, bu proses sulh razılaşması ilə başa çatacaq. Ancaq bu sülh müqaviləsi dolayısı ilə Ukraynanın məğlubiyyəti demək olacaq.

Dəniz NƏSİRLİ





Избранный
47
50
baki-xeber.com

10Источники