RU

“Qarabağ”a yalnız “Araz-Naxçıvan” müqavimət göstərir - TURUN ŞƏRHİ

Misli premyer-liqasında 13-cü tur ilk növbədə sülhsevərliyi ilə yadda qaldı.

Beş oyunun üçündə heç-heçə qeydə alındı. Eyni turda üç bərabərliyə sonuncu dəfə ötən mövsümün 14-cü turunda təsadüf olunmuşdu. Ötən ilin noyabrında “Səbail” – “Kəpəz” və “Sumqayıt” – “Zirə” qarşılaşmaları qolsuz, “Neftçi” – “Araz-Naxçıvan” görüşü 1:1 hesabı ilə yekunlaşıb.

Bəs turla bağlı başqa hansı maraqlı məqamlar var? Tur “Neftçi Arena”da keçirilən “Neftçi” – “Şamaxı” oyunu ilə start götürdü. Samir Abasovun gəlişindən sonra “ağ-qaralar” yalnız “Səbail”lə oyunda qələbə qazanmışdı. Onlar ev oyununun ilk üç dəqiqəsində iki qol vurandan sonra hər kəs növbəti qələbənin “cibdə olduğunu” düşündü. Amma fərdi səhvlər, müdafiəçilərin faciəvi oyunu gətirib ona çıxardı ki, “Neftçi” meydandan 1 xall ayrıldı. Samir bəy artıq komandasının dərdinə çarə tapmalıdı. Yoxsa “Neftçi” yenə avrokuboklardan kənarda qalacaq.
“Səbail” Elvin Məmmədovun rəhbərliyi altında çıxdığı ilk oyunda “Turan Tovuz”a boyun əymədi. Komandalar 1 xalla kifayətləndi. Hətta oyundan sonra təcrübəli mütəxəssis Kurban Berdıyevin istefa verəcəyi ilə bağlı xəbərlər də yayıldı. Berdıyev istefa verməsə də belə, tovuzluların qeyri-sabit oyunu suallar doğurur. Məsələn, “Qarabağ”a göz açmağa imkan verməyən komanda hara, “Səbail”lə oyunda əcəl təri axıdan komanda hara…

Bu mənada “Sabah”ın vəziyyəti daha acınacaqlıdı. “Bayquşlar”ın hər şeyi var, amma nəticə yoxdu. “Kəpəz”lə oyunda da heç-heçə ilə kifayətlənən komanda artıq 6 turdu qələbəyə həsrətdi.

Təbii, müsbət seriya ilə öyünənlər də var. Biri elə “Araz-Naxçıvan”dı. “Qırmızı-ağlar” məğlubiyyətsiz oyunlar seriyasını 12-yə çatdırdı. Hesabat turunda “Sumqayıt”ın öhdəsindən gələn Muxtar Respublika təmsilçisi hələ ki “Qarabağ”a az-çox müqavimət göstərməyi bacaran yeganə komandadı…
…O “Qarabağ”a ki, Norveçdən nə qədər yorğun qayıtsa da, “Zirə”ni darmadağın etdi. “Köhlən atlar” Tovuzda itirdiyi xalın əvəzini yüksək yerlər uğrunda mübarizə aparan “qartallar”dan çıxdı.  

Misli premyer-liqası 
2-ci dövrə, 13-cü tur

8 noyabr
Neftçi - Şamaxı 2:2 
9 noyabr
Səbail - Turan Tovuz 1:1
Sabah - Kəpəz 2:2 
10 noyabr
Araz-Naxçıvan - Sumqayıt 1:0
Qarabağ - Zirə 4:0

1. Qarabağ 12 10 1 1 32-6 31
2. Araz-Naxçıvan 13 9 3 1 16-10 30
3. Turan Tovuz 13 7 5 1 19-10 26
4. Zirə 13 6 2 5 18-13 20
5. Sabah 13 4 6 3 22-19 18
6. Sumqayıt 13 4 1 8 10-16 13
7. Şamaxı 12 3 4 5 10-15 13
8. Neftçi 13 1 7 5 11-19 10
9. Səbail 12 2 1 9 15-22 7
10. Kəpəz 13 2 1 10 9-32 7

Bombardirlər: Cesse Sekidika (Sabah), Felipe Santos (Araz-Naxçıvan) – 6.

Növbəti turun proqramı: 
22 noyabr, 17.00. Kəpəz - Araz-Naxçıvan
23 noyabr, 17.00. Səbail - Qarabağ 
23 noyabr, 19.00. Neftçi - Zirə
24 noyabr, 17.00. Turan Tovuz - Sabah
24 noyabr, 19.00. Sumqayıt - Şamaxı

ƏSƏD SEYİDOV

Избранный
48
football-plus.az

1Источники