RU

COP29 qlobal iqlim platformasıdır

İqlim dəyişikliyi ilə mübarizə təkcə ekoloji bir problem deyil, həm də mənəvi öhdəlikdir. İqlim dəyişikliyi ilə mübarizə yalnız dövlətlərin deyil, hər bir fərdin, hər bir cəmiyyətin və bütün dövlətlərin birgə vəzifəsi olmalıdır. Azərbaycan da bu sahədə qlobal səyləri dəstəkləyir, iqlim ədalətinə nail olmaq və ədalətli həllər tapmaq üçün beynəlxalq konsensusun əldə edilməsinə töhfə verir. Bu baxımdan COP29 ölkələr arasında həmrəyliyi gücləndirmək üçün qlobal səviyyədə bir platformadır.

Bu gün dünya ölkələrinin və onların liderlərinin əsas öhdəliklərindən biri dayanıqlı inkişaf konsepsiyalarına üstünlük verərək bu istiqamətdə ardıcıl və məqsədyönlü addımlar atmaqdır. Bəşəriyyətin gələcəyi üçün nəzərdə tutulan strategiyalar qlobal problemlərin həllində ən effektiv vasitələrdir. Lakin bu hədəflərə çatmaq heç də asan deyil, çünki dünyanın müxtəlif bölgələrində problemlər fərqli şəkildə özünü göstərir və təxirəsalınmaz tədbirlər tələb edir. COP29-un Bakıda keçirilməsi məhz bu baxımdan böyük əhəmiyyət daşıyır.

Dünyanın 196 ölkəsindən olan 72 min nəfərin iştirakı ilə keçirilən COP29 iqlim problemlərinin həllində unikal yanaşmalar ortaya qoyur. Azərbaycanın bu tədbirə evsahibliyi etməsi, onun iqlim dəyişikliyi ilə qlobal mübarizədəki prinsipial mövqeyini və beynəlxalq səviyyədə artan nüfuzunu göstərir. Azərbaycanın qlobal iqlim siyasətində fəal iştirakı onu Qərb və digər qlobal güclərlə dayanıqlı enerji təhlükəsizliyi və ekoloji əməkdaşlıq sahələrində mühüm tərəfdaşa çevirir. Bu yanaşma, həm də ölkəmizə iqtisadi dividendlər gətirməklə yanaşı, onun regionun enerji xəritəsində strateji mövqeyini möhkəmləndirir.

Noyabrın 12-də COP29-un Liderlər Sammitində Prezident İlham Əliyev çıxış edərək Azərbaycanın qlobal səylərə verdiyi dəstəyin əhəmiyyətini bir daha vurğuladı. Azərbaycanın COP29-a evsahibliyi etməsi, ölkəmizə hörmət və beynəlxalq arenada fəal rolunun yüksək qiymətləndirilməsidir. Şimal, Cənub, Qərb və Şərqin qovuşduğu bir məkanda yerləşən ölkəmiz enerji, mədəniyyət və daşımalar sahəsində müxtəlif beynəlxalq tərəfdaşlarla geniş əlaqələr qurur. Sammitin ilk günü dünya ölkələri karbon krediti bazarı üçün BMT-nin yeni qaydalarını qəbul edərək dayanıqlı inkişaf məqsədlərinə çatmaq üçün yeni bir səhifə açdılar.

COP29 Azərbaycan üçün təkcə bir iqlim tədbiri deyil, gələcək üçün dayanıqlı və innovativ enerji strategiyalarını inkişaf etdirmək və ölkəmizin beynəlxalq mövqeyini daha da gücləndirmək üçün bir fürsətdir. Məlum olduğu kimi, son illər Azərbaycan bərpaolunan enerji mənbələrinin potensialını inkişaf etdirməyə xüsusi diqqət göstərir. Xüsusilə külək və günəş enerjisindən istifadənin genişləndirilməsi daxili ehtiyacları ödəməklə yanaşı, regionun enerjiyə olan tələbatını dayanıqlı şəkildə qarşılamağa imkan yaradır.

COP29 həm dövlət, həm də özəl sektor üçün “yaşıl” iqtisadiyyatın inkişafını sürətləndirmək və innovasiyaların genişləndirilməsi istiqamətində geniş imkanlar açır. Eyni zamanda, bu mühüm iqlim tədbiri Azərbaycanın xarici sərmayə üçün açıq və müasir texnologiyaların tətbiqi ilə yenilənə bilən enerji sektorunu inkişaf etdirməsinə böyük töhfə verəcək.

COP29-un əsas prinsiplərindən biri də inklüzivlikdir. Bu tədbirdə hər kəsin səsinin eşidilməsi, xüsusilə həssas xalqların və neokolonializmdən əziyyət çəkən ölkələrin mənafelərinin qorunması prioritetdir. Azərbaycan, Kiçik ada dövlətlərinin və iqlim dəyişikliyindən ən çox təsirlənən icmaların COP29-da fəal iştirakına xüsusi diqqət yetirir.

Prezident İlham Əliyevin də vurğuladığı kimi, Azərbaycan inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü rolunu oynamağa çalışır. COP29 vasitəsilə Azərbaycan, qitələrdən olan dövlətlər arasında əlaqələrin gücləndirilməsi və qarşılıqlı anlaşmanın təmin olunması istiqamətində səylər göstərir. Bu da ölkəmizi həm ekoloji, həm də geosiyasi mənada qlobal səviyyədə əhəmiyyətli mövqeyə yüksəldir.

Hüseyn İMANOV,
Naxçıvan Dövlət Universitetinin müəllimi

Избранный
62
50
xalqqazeti.az

10Источники