RU

Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur

Noyabrın 17-də Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur.

Korrespondent.az xatırladır ki, bu bayram 1988-ci ilin noyabr-dekabr aylarında Bakıda başlayan milli-azadlıq hərəkatı ilə bağlıdır. Ondan əvvəl isə...

1988-ci ilin ilk günlərində Ermənistanın Azərbaycana qarşı açıq təcavüzü başlandı. Moskvanın, xüsusən də SSRİ-nin rəhbəri Mixail Qorbaçovun buna biganə münasibətini görən ermənilər planlı şəkildə, Ermənistan hökumətinin tapşırığı və göstərişi ilə Ermənistanda yaşayan 200 mindən çox azərbaycanlını öz ata-baba yurdlarından kütləvi surətdə qovdular. Ermənilər azərbaycanlıları təkcə öz ev-eşiklərindən qovmur, həm də onları öldürür, diri-diri yandırırdılar. Ermənilərin tarixdə görünməmiş bu vandalizminə M.Qorbaçov və onun ətrafı heç bir reaksiya vermədi. Ermənilər bununla da kifayətlənmədilər. 

1988-ci il fevralın əvvəllərində Azərbaycanın Dağlıq Qarabağ bölgəsində iğtişaşlar törətdilər. Onlar Azərbaycanın tarixi torpağı olan Dağlıq Qarabağın Azərbaycandan qoparılıb Ermənistana birləşdirilməsi haqqında məsələ qaldırdılar.

Belə bir vaxtda Azərbaycan xalqı ayağa qalxdı. Xalq öz etirazını sakit şəkildə rəhbərliyə bildirdi. İlk zamanlar Azərbaycan vətəndaşları Moskvaya, yerli hakimiyyət başçılarına inanırdılar. Onların şüarları, gəzdirdikləri portret və bayraqlar bunu sübut edirdi.

Ancaq xalq anladı ki, həm Moskva, həm də Azərbaycanın o vaxtkı rəhbərliyi heç bir qəti tədbir görmək istəmir. Belə olduqda, respublikanın hər yerindən insanlar axın-axın Bakıya gəlir, Azadlıq meydanına (o vaxt V.İ.Leninin adını daşıyırdı) toplaşır, ermənilərin və Sovet hökumətinin belə münasibətinə qarşı mitinqlər keçirir, öz etirazlarını bildirirdilər.

1988-ci il noyabrın 17-də Bakının əsas meydanı sayılan Azadlıq meydanında Sovet dövlətinin xalqımıza qarşı apardığı anti-Azərbaycan siyasətinə etiraz əlaməti olaraq respublika ictimaiyyətinin mitinqi başlandı. O vaxt bütün xalq bir yumruq kimi birləşmişdi. Bu, əsl xalq hərəkatı, milli azadlıq hərəkatı idi. Dekabrın əvvəllərində Sovet qoşunları tərəfindən ümumxalq mitinqi dağıdıldı...

Azərbaycanda bu hadisələr milli azadlıq hərəkatı kimi qiymətləndirilir və Vətənimizin istiqlaliyyət qazanmasında əsas amil sayılır.

1992-ci ildən 17 noyabr Milli Dirçəliş Günü kimi qeyd olunur. Bu gün Azərbaycanda dövlət səviyyəsində qeyd olunsa da, 2006-cı ilin dekabrında qanunvericiliyə edilmiş müvafiq dəyişikliklərə əsasən iş günü sayılır.

Artıq dörd ildir ki, Milli Dirçəliş Günü Azərbaycanın ərazi bütövlüyü şəraitində qeyd olunur. 2020-ci ilin 27 sentyabrından başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində uzun illər düşmən tapdağı altında olan torpaqlarımız azad edilib.

2023-cü il sentyabrın 19-da üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələri birləşmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.

23 saatdan bir qədər çox davam edən tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılıb. Düşmən ağ bayraq qaldıraraq təslim olub. Bununla da Azərbaycanın bütün ərazilərində Konstitusiya quruluşu bərpa edilib.

Hazırda azad edilmiş bütün torpaqlarda bayrağımız dalğalanır, Qarabağa və Şərqi Zəngəzura həyat qayıdır.

Bir sözlə, Azərbaycan Milli Dirçəliş Gününü artıq tarixi və milli qürurunu bərpa edərək qeyd edir...

Избранный
23
korrespondent.az

1Источники