RU

Rəqəmlərdən Fernandu Santuşa siqnal

UEFA Millətlər Liqası bu gün son tura qədəm qoyur.

İdman.biz 3 gün davam edəcək son tur ətəfəsində qitə yığmalarının turnirdə statistik göstəricilərini nəzərdən keçirib.

Qitə yığmaları arasında ən çox qol (17) Almaniyanın hesabındadır. İki gün sonra Azərbaycan millisini qəbul edəcək İsveç 3-ü qapımıza olmaqla, 13 dəfə fərqlənib. Eyni sayda qol Avstriyanın da hesabındadır.

Qazaxıstan 6, Andorra isə 3 oyunda hələ rəqib qapısına “açar” tapa bilməyib.

Sağ ayaqla ən çox qolu (10) almanlar və isveçlilər vurublar. Almanlar sol ayaqla ən məhsuldardırlar (6). Başla vurulan qollarda isə

Avstriya və İslandiya öndədirlər (4). 3 belə qollu Niderlandı 2 qolla izləyən 4 komanda arasında Azərbaycan da var.

Almanlar 17 qoldan 16-sını cərimə meydançası daxilindən vurublar. Uzaq məsafədən vurulan qollarda isə Türkiyə və Polşa liderdirlər (3).

Rumınlar 4 qolu penaltidən vurublar.

Millimizin İsveç səfərinin asan olmayacağını göstərən amillərdən biri də, rəqibimizin turnirdə ən çox hücum edən (259) komanda olmasıdır. Ancaq yığma komandamızın 208 hücumla qitədə 8-ci olması da isveçlilərin də rahat olmayacaqlarına dəlalət edir. 5 oyun keçirənlər arasında ən az hücum edən Serbiyadır (71).

Topa sahib olmada ingilislərə (66,6%) çatan yoxdur. Estonlar isə (38,2) millimizlə oyundan sonra da bu sahədə “ən zəif” adını qorudular.

İsveçlilərin qapıya zərbə sayında (118) da Avropada 1-ci olmaları Fernandu Santuşa daha bir siqnaldır. Türkiyə 104 zərbə ilə ikincidir. 5 oyun keçirənlər arasında az zərbələri ilə (24) İsrail seçilir. Qapı çərçivəsinə ən çox top göndərən İsveç, 5 oyunlular sırasında ən zəifi isə Qazaxıstandır (7). İspanlar 43 zərbədə qapını tapmayıblar. Türkiyə futbolçularının 38 zərbəsi bloka alınıb.

Ötürmələrdə ən dəqiq portuqallardır (91,6%). İngilislər 90,2%-lə ikincidirlər. Andorra millisi isə ötürmələrinin cəmi 64 faizini ünvana çatdıra bilir. Ötürmə sayında liderlərin yeri dəyişib. İngiltərə 3480, Portuqaliya 3138 ötürmə verib. Bu sıralama dəqiq ötürmə sayında da qalıb. İngilislər 3148, portuqallar 2867 ötürmədə səhvə yol verməyiblər.

Sərbəst zərbələri ən çox Şimali İrlandiya futbolçuları yerinə yetiriblər - 96.

İsveçin künc zərbələrində də birinci olması (43) millimizin diqqət yetirməli olduğu məqamdır. Ancaq futbolçularımız da 29 künc zərbəsi ilə 8-ci olmaları ilə rəqibi diqqətli olmağa dəvət edir.

Offsayda ən çox düşən komanda Monteneqrodur (14 dəfə).

Bir nəticə eldə edə bilməsə də, Qazaxıstan təkbətək mübarizəyə ən çox çıxan komandadır (99).

Qapıçı seyvlərində Estoniya əvvəlkitək liderdir (26).

Ən çox qol buraxan komanda Bosniya və Herseqovinadır (16). Moldova, Şimali İrlandiya və Şimali Makedoniya isə cəmi 1 qol buraxıb.

Ən kobud komanda 90 fol edən Belarusdur. Norveç millisi isə ən səliqəli komandadır (38 fol). Millimiz də 44 folla səliqəli “beşlik”dədir. Fola daha çox məruz qalan komanda isə Şimali İrlandiyadır (86).

Lüksemburq, Kipr və Bolqarıstan futbolçuları 19 sarı vərəqə görüblər. Finlərə isə rəsmi xəbərdarlıq cəmi 3 dəfə olub. 19 yığmanın, o cümlədən Azərbaycanın futbolçularına qırmızı vərəqə göstərilib. İsveçrə, Cəbəllütariq və Xorvatiya futbolçuları 2 dəfə qovulmağa məruz qalıblar.

Vüqar Məmmədov
İdman.biz

Избранный
49
idman.biz

1Источники