RU

Üç hərbçini öldürərək ömürlük cəza alan şəxs Ali Məhkəməyə müraciət etdi

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasında 3 hərbi qulluqçunu qətlə yetirməkdə təqsirləndirilən kiçik çavuş Əvəzli Elxan Məhəmməd oğlunun barəsindəki qərardan kassasiya şikayəti verilib.


Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Nazim Mövsümovun sədrliyi ilə araşdırılacaq.


Məhkəmənin ilkin baxış iclası hələlik açıqlanmayıb.


Füzuli Hərbi Məhkəməsinin hökmü ilə Elxan Əvəzli ömürlük azadlıqdan məhrum edilib.


Qeyd: Baş Prokurorluğun yaydığı məlumata əsasən, 2022-ci il yanvarın 2-də, saat 18 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Əvəzli Elxan Məhəmməd oğlu naməlum səbəbdən öz xidməti silahından atəş açmaqla xidmət etdiyi sərhəd zastavasının hərbi qulluqçuları baş leytenant İsmayılov Yusif İsmayıl oğlunu, kiçik gizir Cəlilzadə Amil Fuar oğlunu və kiçik gizir İbrahimov Rəfail Natiq oğlunu qəsdən öldürüb, daha sonra silahını ataraq hadisə yerindən qaçıb.


Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Elxan Əvəzli 3 yanvar 2022-ci il tarixdə saat 00:30 radələrində Laçın rayonunun Malxələf kəndi ərazisində aşkar olunaraq şübhəli şəxs qismində saxlanılıb.

Kamal Məmmədov 

Tarix: 18 Noyabr 2024, 09:09   
Избранный
18
1
pravda.az

2Источники