RU

Taxta yeşiklə xurma İXRACI: Dünyada birinci ola bilərik

Azərbaycanda aqrar sektorun ən vacib sahələrindən biri xurmaçılıqdır. Ölkəmizdə bu sahədə zəngin təcrübə mövcuddur. Yerli iqlimə uyğunlaşdırılmış keyfiyyəti və yüksək məhsuldarlığı ilə seçilən xurma həm daxili bazarı təmin edir, həm də ixrac üçün böyük potensiala malikdir. Bu gün Azərbaycan xurması dünya bazarlarında aparıcı mövqeyə malikdir.

 

Xurmaya xaricdə böyük tələbatın olması təsadüfi deyil. Bu sirli meyvə orqanizm üçün olduqca faydalı xüsusiyyətlərə malikdir.

 

Min bir dərdin dərmanı

 

Hazırda ölkəmizdə xurmanın əsasən iki növü  geniş yayılıb.  El arasında "ağız büzən" və "karalyok" adlanan növləri daha çox yetişdirtilir.  Ağızbüzməsinin səbəbi xurmanın həmin növlərində aşı maddəsinin çox olması ilə izah olunur.

 

Xurmanın tərkibində xeyli sayda zülallar, karbohidratlar, üzvi turşular, antioksidantlar vardır. Eləcə də kalsium, maqnezium, dəmir, fosfor, A, C vitaminləri ilə zəngindir.

 

Bu meyvə ürək-damar sistemi xəstəliklərinin müalicəsində əhəmiyyətlidir. Tərkibində çoxlu sayda şəkər, qlükoza olduğundan ürək-damar sisteminə yaxşı təsir göstərir. Lakin şəkərli diabet xəstələrinə və piylənmədən əziyyət çəkənlərə tövsiyə olunmur.

 

Xurma eyni zamanda qan və vitamin azlığı, mədə-bağırsaq xəstəliklərində də yararlıdır. Tərkibindəki maqnezium böyrəklərdə daşın əmələ gəlməsinin qarşısını alır.

 

Stress və gərginliyi azaldaraq bədənə rahatlıq verir. Tərkibindəki A vitamini bədənin müqavimətini artırır,.Xurma yeməklə dəmir ehtiyacının bir qismini qarşılamaq mümkündür.

Bu il məhsulun bir hissəsi zay olub, fermerlər gileylidir

 

Xurma istehsalında böyük təcrübəsi olan göyçaylı fermerlər həm istehsaldan həm də satışdan gileylidir. Modern.az-ın əməkdaşı ilə söhbətlərində onlar bildirir ki, bu il sentyabr-oktyabr aylarında yayılmış xəstəlik səbəbindən məhsulun təxminən 30 faizə qədər zay oldu. Üstəlik bir neçə gün əvvəl Aran bölgəsində müşahidə olunan  güclü küləklər səbəbindən məhsulun bir hissəsi töküldü.

 

Fermerlər deyir ki, bu il məhsul az olsa da, satış problemləri var. Əslində məhsul az olanda qiymətlər yüksək olmalı idi. Amma bu il əksinə qiymətlər ötən ilkindən də ucuzdur. Topdansatışla məşğul olan ticarətçilər baha qiymətə məhsulu almaqda maraqlı deyillər. İndi fermerlərdən 8-9  kiloqramlıq bir yeşik xurma orta hesabla 5 manata alınır. Kiçik kalibrli məhsulun yeşiyi 3-4 manat, böyük ölçülü və keyfiyətli olan məhsulların yeşiyi 6 manatdır.  

 

İstehsalçıların sözlərinə görə bu il satışın zəif olması Rusiya bazarlarındakı vəziyyətlə bağlıdır. Artıq bu ölkədə bazarlarda kifayət qədər məhsul var və qiymətlər xeyli enib. İndi Rusiya bazarlarında xurma ilə dolu xeyli maşın növbə gözləyir. Üstəlik qonşu ölkədə rublun dəyərdən düşməsi ixracatçıların gəlirlərini azaldıb. Daşınma və digər xərclıəri də nəzərə alanda sahibkarlar bu işdə o qədər də maraqlı olmurlar. Buna görə də sahibkarların bir qismi çəkilib durub kənarda. Olan qalan məhsul da ağacda yığılmasını gözləyir.     

 

Xurma bağları kifayət qədərdir

 

Azərbaycanda 17 rayonunda xurma yetişdirilir. Ən böyük xurma bağları  Zaqatala, Qax, Balakən, Gəncə, Samux, Göygöl, Ağdaş, Göyçay rayonlarındadır. Ən çox xurma əkilən rayon Göyçaydır. Ölkədən ixrac edilən xurmanın 20 faizdən çoxu bu rayonun payına düşür.

 

Azərbaycanda xurma bağlarının sahəsi stabil olaraq artır. Dövlət Statistika Komitəsinin məlumatlarına görə, 2023-cü ilin sonuna xurma əkmələrinin sahəsi 13 min 156,3 hektar olub. Xurma bağlarının 97,3 faizi ənənəvi, 2,7 faizi isə intensiv bağlardır.

 

2023-cü ildə məhsul istehsalı 187 min 58,4 ton təşkil edib. Əkin sahələrinin orta məhsuldarlığı  hər hektardan 158 sentnerdir.

 

Xurma əkinlərinin ən məhsuldar olduğu torpaqlar Qazax-Tovuz (197,5 sent/ha) və Şəki-Zaqatala (193,6 sent/ha) iqtisadi rayonlarında yerləşir.

 

Azərbaycanda xurma yığımının 99  faizi fərdi sahibkar, ailə kəndli və ev təsərrüfatlarının payına düşür.

 

Dünyada xurma ixracında ikinciyik

 

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycandan xarici ölkələrə 52,9 milyon ABŞ dolları dəyərində 74543 ton xurma ixrac olunub.

 

Ötən ilin müvafiq dövrü ilə müqayisədə xurma ixracı həcm olaraq 16,7 faiz, dəyər olaraq 14,7 faiz artıb.

 

Statistik məlumatlara görə Azərbaycan dünyada təzə xurma ixracatçıları siyahısında 2-ci yerdədir. Birinci pillədə İspaniya, üçüncü pillədə isə Çindir.  Dünyada satılan hər 100 kiloqram xurmanın 43 kiloqramı İspaniyanın, 22,5 kiloqramı Azərbaycanın, 16,2 kiloqramı Çinin payına düşür. Digər ölkələrin payı 2 kiloqamdan azdır.

 

Əvvəllər Azərbaycan xurması əsasən Rusiya, Ukrayna və Belarusa ixrac olunurdu. Amma son illər qeyri-neft ixracının diversifikasiyası çərçivəsində görülən tədbirlər nəticəsində Səudiyyə Ərəbistanı, Gürcüstan, Latviya, bazarlarına da yol açıb.

 

Azərbaycan Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatına görə Azərbaycanda yetişdirilən xurmanın 90 faizi ixraca gedir.

 

2023-cü ildə xurma ixracından daxil olan valyutanın həcmi xeyli artaraq 127 milyon 146 min ABŞ dollarına çatıb. 

Taxta yeşiklərlə qabağa getmək olmaz

 

Azərbaycanın xurma istehsalçılarının xarici bazarlarda əsas rəqibi İspaniya, Özbəkistan, İsraildir.  Azərbaycan məhsulları kifayət qədər keyfiyyətli olsa da çeşidlənmə və qablaşdırılması primitiv səviyyədədir. Avadanlığının olmaması səbəbindən bəzən məhsul ölçülərinə görə düzgün çeşidlənmir. Mütəxəssislərin fikrincə, ölkənin bir neçə bölgəsində fermerlər üçün belə çeşidləmə məntəqələri yaradılmalıdır.

 

Digər əsas problem xurmanın qablaşdırılması ilə bağlıdır. Müasir dövrdə xurmalar plastik və karton qutularda qablaşdırılaraq satıldığı halda, indiyədək Azərbaycanda taxta yeşiklərdən istifadə edilir. Bu isə ixrac imkanlarını azaltmaqla yanaşı, daha geniş təbliğata da mane olur. Yaxşı olardı ki, məhsullar karton yeşiklərdə, üzərində məhsula və istehsalına aid yazılarla buraxılsın.  

 

Xurma emalını genişləndirməyin vaxtıdır

 

Satışa yararlı olmayan xurmalar emal edilə bilər. Emal nəticəsində xurmanın quru və ya yarım quru variantı alınır. Əsasən Göyçay, Balakən, Ağcabədi və Gəncədə yarıqurudulmuş və qurudulmuş xurma istehsalı üzrə yeni müəssisələr yaradılıb, həmçinin dondurulmuş xurma istehsalı da təşkil olunmaqdadır.

 

Digər mövsümi meyvələrindən fərqli olaraq, xurmanı çox saxlamaq olmur.  Emal müəssisələrinin sayını artırmaqla bu meyvənin ixracını asanlaşdırmaq olar. Bu gün quru meyvə ixracatı yaş meyvə ixracatından heç də az gəlir gətirmir.

 

Təcrübəsi çox olan bu müəssisələri ölkəyə dəvət etməklə infrastruktur qurmaq, emal müəssisələri yaratmaq, qurudulmuş və yüksək keyfiyyətdə qablaşdırılan məhsulu Avropa bazarlarına çıxarmaq olar. Bu məsələ yeni yanaşma və yeni bazarlar tələb edir.

 

Xurma istehsalı dəstəklənəcək

 

Azərbaycanda xurma bağlarının salınması dövlət tərəfindən dəstəklənir. Dövlət dəstəyi mexanizminin genişləndirilməsi fermerlərin intensiv xurma bağları salmağa marağını artıracaq.

 

Aqrar Subsidiya Şurasının qərarına əsasən, 2024-cü il sentyabrın 1-dən 2025-ci il mayın 31-dək salınacaq intensiv xurma bağlarının hər hektarına görə fermerlərə 3000 manat əkin subsidiyası veriləcək. 

 

Bu dəstək mexanizmi Şəki-Zaqatala, Mərkəzi Aran, Gəncə-Daşkəsən, Qazax-Tovuz və Qarabağ iqtisadi rayonlarında ən azı 2 hektar sahədə salınmış, hər hektarda ən azı 650 sertifikatlı xurma tinglərinin əkildiyi bağlara şamil edilir.

 

İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) kənd təsərrüfatı məhsullarının, xüsusilə, xurmanın ixracının genişləndirilməsində və coğrafiyasının şaxələndirilməsində maraqlıdır.  

 

Agentlik hesab edir ki, qeyri-neft məhsullarının ixrac coğrafiyasının genişləndirilməsi məqsədilə tətbiqi nəzərdə tutulan təşviq mexanizmlərindən biri də ixracatçıların qeyri-ənənəvi bazarlara tədarükünü stimullaşdıracaq logistika subsidiyasıdır. Xurma ixracatçılarına yeni bazarlara çıxmağa imkan yaradacaq bu dəstək mexanizminin işğaldan azad olunmuş ərazilərimizdə fəaliyyət göstərən ixracatçılara logistik xərclərin 100 faizi qədər ödənilməsi formasında tətbiq olunması planlaşdırılır.

Məhsulumuzu yaxşı tanıtmalıyıq

 

Azərbaycandan xurma ixracını dəstəkləmək üçün hökumət bir neçə strateji addım ata bilər. Bu addımlar həm yerli istehsalçıları dəstəkləmək, həm də beynəlxalq bazarda Azərbaycan xurmasının mövqeyini gücləndirmək məqsədi daşıyır.

 

İxrac üçün nəqliyyat və logistika infrastrukturunun təkmilləşdirilməsi vacibdir. Bu, xüsusilə xurma kimi ətraf mühitə həssas məhsulların uyğunsuz şəraitdən qorunması üçün vacibdir. Xurma təzə məhsul olduğundan, ixrac zamanı keyfiyyətinin qorunması üçün soyuducu anbarların və fasiləsiz soyutma zəncirlərinin yaradılması dəstəklənməlidir.

 

Azərbaycan xurmasının beynəlxalq bazarlarda qəbul edilə bilməsi üçün onu beynəlxalq keyfiyyət və təhlükəsizlik standartlarına uyğunlaşdırmaq lazımdır. Yüksək keyfiyyətli məhsul istehsalı üçün müasir aqrotexnologiyalar və irəliləyişlər barədə fermerlərə maarifləndirmə proqramları təşkil etmək zəruridir.

 

Azərbaycanın xurması üçün yeni bazarlar açmaq məqsədilə beynəlxalq aqro-sərgilərdə iştirak etmək, xurmanın üstünlüklərini və keyfiyyətini tanıtmaq lazımdır. Xurma istehsalçılarına məhsullarının tanıdılması üçün marketinq və reklam fəaliyyətləri dəstəklənə bilər.

 

Bu addımların həyata keçirilməsi nəticəsində Azərbaycan, xurma istehsalı və ixracında beynəlxalq bazarlarda daha da möhkəmlənə bilər.

Избранный
15
1
modern.az

2Источники