RU

ABŞ-də siyirmənin içindən çıxan daş Marsda suyun olduğunu göstərdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Marsdan qoparaq Yerə çatan meteorit Qırmızı Planetdə maye suyun tarixi ilə bağlı yeni məlumatları ortaya çıxarıb.
Bu barədə Oxu.Az TRT Haber-ə istinadən xəbər verir.
Məlumata görə, ABŞ-nin İndiana ştatının Uest-Lafayet şəhərindəki Perdyu dövlət tədqiqat universitetində saxlanılan və "Lafayet meteoriti" adlandırılan göy daşı Marsda suyun mövcudluğuna dair əhəmiyyətli dövr haqqında ipucları verir.
Alimlər Marsda maye suyun nə vaxtsa mövcud olduğuna demək olar ki, əmindirlər. Lakin suyun hansı dövrlərdə mövcud olduğu və miqdarı kimi təfərrüat hələ də dəqiq deyil.
Tədqiqatçılar Marsda kəşfiyyat cihazlarının tapıntıları ilə yanaşı, Qırmızı Planetdən Yerə düşən meteoritləri də araşdıraraq bu suallara cavab axtarırlar.
"Lafayet meteoriti" təxminən 11 milyon il əvvəl Marsa bir asteroidin çırpılması nəticəsində kosmosa səpələnmiş parçalardan biridir. 1931-ci ildə Perdyu Universitetindəki bir siyirmədə aşkar edilən bu meteoritin buraya necə gəldiyi dəqiq bilinməsə də, üzərində aparılan araşdırmalar sayəsində əhəmiyyətli nəticələr əldə edilib.
Meteoritlə bağlı əvvəlki tədqiqatlar Marsda maye su ilə qarşılıqlı təsir izlərini göstərmişdi. Lakin bu təsirin nə vaxt baş verdiyi məlum deyildi.
Perdyu Universitetinin tədqiqatçıları bu sualın cavabını tapmaq üçün meteoritdəki mineralların tarixini müəyyən ediblər. "Geochemical perspective letters" jurnalında dərc edilən araşdırmada helium və neon kimi nəcib qazlardan istifadə edilərək mineralların yaşı açıqlanıb.
Qrup mineralların 742 milyon il əvvəl maye su ilə təmasda olduğunu ortaya çıxarıb. Həmçinin meteoritin strukturunun bu müddət ərzində dəyişmədiyi və su ilə qarşılıqlı təsirdən sonra da qorunub saxlandığı aşkarlanıb.
Tədqiqat 742 milyon il əvvəl Marsın səthində böyük miqdarda maye su olmadığına da işarə edir. Tədqiqatın aparıcı müəllifi Marissa Tremblayın sözlərinə görə, bu dövrdə su "permafrost" (daimi donuşluq - red.) adlanan yeraltı buzların əriməsi nəticəsində əmələ gəlmiş ola bilər.
Tremblay bu ərimənin Marsdakı maqmatik aktivliyin təsiri altında müntəzəm olaraq baş verdiyi qənaətindədir.
Marsda bir vaxtlar maye suyun mövcudluğuna dair hər yeni dəlil, hətta mikrobial səviyyədə də olsa, həyatın mümkünlüyü ehtimalını artırır.
Bu gün çətin şərtlərin olduğu bu planetin tarixi kainatın başqa guşələrində də həyatın var olduğuna dair ehtimallar baxımından böyük əhəmiyyət kəsb edir.
"Lafayet meteoriti" üzərində aparılan tədqiqatlar Marsın geoloji tarixini ortaya çıxarmaqla yanaşı, həm də meteoritlərin sanki zaman kapsulu kimi istifadə oluna biləcəyini də göstərir.
Избранный
6
35
oxu.az

10Источники