RU

Keçmiş diplomat Emin İbrahimovun həbs müddəti daha 2 ay uzadılıb

Bu gün Bakının Nizami Rayon Məhkəməsi  keçmiş diplomat Emin İbrahimovun ilkin həbs müddətini daha 2 ay uzadıb,  Turan-a onun vəkili Aqil Layıc bildirib.

Müdafiə tərəfi məhkəmənin qərarını əsassız hesab edir. Vəkilin sözlərinə görə, İbrahimovun barəsində istintaq hərəkətləri aparılmayıb. Guya keçmiş diplomatın bıçaqladığı iddia edilən şəxslə üzləşmə olmayıb.

Məhkəmə zamanı İbrahimov bildirib ki, hüquq sistemindən ədalət gözləmir, çünki ekspertiza onun heç vaxt görmədiyi bıçaqda ona aid barmaq izlərini "aşkarlayıb".

Müdafiə tərəfi İbrahimovun həbs müddətinin uzadılması barədə qərardan apellyasiya şikayəti verəcək.

* Emin İbrahimov iyulun 22-də saxlanılıb. O, Azərbaycan Cinayət Məcəlləsinin 126.2.4 (xuliqanlıq niyyətilə sağlamlığa qəsdən ağır ziyan vurmaq) və 221-ci (xuliqanlıq) maddələrilə ittiham olunur. Bu maddələr üzrə onu 11 ilə qədər həbs təhlükəsi gözləyir.

İyulun 24-də məhkəmə onu 4 ay müddətinə həbs edib. İbrahimov etiraz əlaməti olaraq aclıq elan edib. O əmindir ki, həbsin əsl səbəbi hakimiyyətin tənqid edilməsidir.

Emin İbrahimov əvvəllər Azərbaycan Xarici İşlər Nazirliyi sistemində çalışıb. 2012-2016-cı illərdə Azərbaycanın ABŞ-dakı səfirliyində ikinci katib, 2016-2020-ci illərdə Uruqvayda Azərbaycanın müvəqqəti işlər vəkili olub. Daha sonra hökumətin siyasətilə razılaşmadığı üçün diplomatik xidmətdən gedib.

Bundan sonra sosial şəbəkələrdə hakimiyyəti tənqid edib.

Избранный
94
50
turan.az

10Источники