RU

"Xeyir xəbər" dramına yeni səhnə həyatı verilib

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında Əməkdar incəsənət xadimi, yazıçı-dramaturq Əli Əmirlinin qələmə aldığı "Xeyir xəbər" dramına yeni səhnə həyatı verilib.

Mövzu aktuallığı, ictimai təsir gücü, maraqlı süjet xətti ilə diqqətəlayiq olan dram əsəri teatrın direktor əvəzi, baş rejissor Mir Qabil Əkbərovun quruluşunda ərsəyə gəlib. Şanlı tariximizə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsindən, qəhrəman igidlərimizin şücaətindən bəhs edən tamaşada əsas rolları əməkdar artistlərdən Vidadi Rəcəbli, Nazlı Hüseynquliyeva, gənc aktyorlardan İsmayıl Mirzəcanov və Ləman Vəliyeva canlandırır.

Tamaşada peşəkar, istedadlı aktyorların ifasında kluminasiya xəttinə doğru cərəyan edən gərgin psixoloji anlar, qanlı-qadalı müharibə dəhşətləri, ən əsası igidlərin qələbəyə inamı, eləcə də zəfər naminə xalqın birliyi bir ailənin timsalında dolğunluğu ilə əksini tapıb.

Tamaşada ermənilər tərəfindən maddi-mədəniyyət nümunələrimizin, tarixi abidələrimizin, o cümlədən, inanc ocağı Şuşa məscidinin minarəsinin dağıdılması da erməni vandalizminin amansızlığını təzahür etdirir.

Tamaşanın ən uğurlu səhnə həllindən biri də müharibənin bitməsindən sonra yeni quruculuq işlərinin aparılmasıdır. Belə ki, Şuşa məscidinə yeni həyat verilir, qoşa minarə ucaldılır. Həyat yenidən canlanır. Bütün bu kimi zəruri amillər tamaşanın uğurlu alınmasına təsir edir.

Tamaşanın quruluşçu rəssamı Naxçıvan Muxtar Respublikasının əməkdar rəssamı Səyyad Bayramovdur. Tamaşada rəssam işi də əsərin ideyasının tamaşaçıya çatdırılmasına kömək edir. Həmçinin musiqi tərtibatçısı İbrahim Əliyevin də işi təqdir olunasıdır.

Qeyd edək ki, hər il qürur və təntənə ilə keçirdiyimiz qəhrəmanlıq salnaməmizin qızıl hərflərlə yazılı tarixi olan "ZƏFƏR GÜNÜ"nə həsr olunan tamaşa teatrsevərlər tərəfindən alqışlarla qarşılanıb.

Ruhəngiz Əliyeva,

Naxçıvan Müəllimlər İnstitutunun dosenti, pedaqogika üzrə fəlsəfə doktoru

Избранный
21
ikisahil.az

1Источники