RU

Erməni cəmiyyəti xofda- “Tramp bizi atacaq”...

Image

Məhəmməd Əsədullazadə: “Tramp üçün bu məsələ heç axırıncı yerdə də deyil”

Erməni mediası yazır ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp və administrasiyası 3 səbəbdən Azərbaycanla Ermənistan arasında sülh sazişini tezləşdirməyə tələsməyəcək. 

1. Tramp administrasiyası imzalanma ssenarisini tezləşdirməyəcək, çünki bu halda təşəbbüslərin Bayden administrasiyasına aid olduğunu etiraf etməli və ya ən azından Demokratlarla bölüşməli olacaq. 

2. İkinci ssenari ondan ibarətdir ki, Tramp Cənubi Qafqazda baş verən proseslərdə ümumiyyətlə fəal iştirak etmir və regiondakı bütün təşəbbüslər regional oyunçular olan Rusiya, Türkiyə və İranın öhdəsinə düşür. Azərbaycan bu oyunda, Ermənistandan fərqli olaraq Tehran, Ankara və Moskva ilə danışıqlar aparmağa qadirdir. Bu ssenari, təbii ki, regionu balanssızlaşdıracaq və nəticədə Birləşmiş Ştatların yoxluğu bütün oyunçulara rahat nəfəs almağa imkan verəcək. 

3. Üçüncü ssenari İran ətrafında eskalasiyanın artmasıdır. Bu da region üçün pis  nəticələnə bilər.

“Ermənilər indidən məyusdular və fərqindədilər ki, ABŞ-ın timsalında əvvəlki diqqət onlara göstərilməyəcək”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə buna bir neçə prizmadan yanaşdı: “Azərbaycanla Ermənistan arasında sülhü Tramp müəyyən etməyəcək. Düşünmürəm ki, Birləşmiş Ştatların yeni prezidenti iki ölkə arasında sülh sazişinin imzalanmasına xüsusi maraq göstərsin. Çünki, ümumiyyətlə, Trampı Azərbaycan-Ermənistan məsələsi maraqlandırmır. Sözügedən məsələ yalnız iki dövlət arasında həll ediləcək. Paşinyan və komandası Bayden administrasiyasının təlimatı ilə oturub-dururdu. Artıq Bayden administrasiyası yoxdur. Tramp üçün bu məsələ isə heç axırıncı yerdə də deyil. Ona görə də bu məsələlər iki dövlət arasında həll ediləcək. Çox güman ki, Tramp İran məsələsinə daha çox diqqət ayıracaq. Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasında regional dövlətlərin rolu artacaq. Görünən odur ki, artıq Ermənistan hökuməti Trampdan əlini üzüb. Bu məsələ Ermənistanda referendum, Konstitusiya dəyişikliyi və daha sonra sülh sazişi ilə mümkün olacaq. Trampın hansı siyasət yeridib-yeritməməsindən asılı olmayaraq, bu məsələ Birləşmiş Ştatların məsələsi deyil. Düzdür, Bayden administrasiyası sülhün tezləşdirilməsi ilə bağlı müəyyən təşəbbüslərlə çıxış edirdi, amma Trampın dövründə bu olmayacaq. O üzdən, ermənilər indidən məyusdular və fərqindədilər ki, ABŞ-ın timsalında əvvəlki diqqət onlara göstərilməyəcək”.

Vidadi ORDAHALLI





Избранный
21
baki-xeber.com

1Источники