Azərbaycan 2024-cü il noyabrın 19-da Ermənistana qarşı Daimi Arbitraj Məhkəməsinə (Haaqada yerləşən) Azərbaycanın enerji resursları üzərində suveren hüquqlarının Ermənistan tərəfindən çoxsaylı pozuntuların təfərrüatlarını əks etdirən əsas iddia sənədini təqdim edib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, sənəd Enerji Xartiyası Müqaviləsi çərçivəsində və beynəlxalq hüququn əsas prinsiplərinə uyğun olaraq təqdim edilib.
Bildirilib ki, bu iddia sənədi, 2023-cü il fevralın 27-də Azərbaycanın Ermənistana Arbitraj haqqında Bildiriş göndərdiyi zaman başlamış beynəlxalq məhkəmə prosesi çərçivəsində son inkişafdır. Arbitraj məhkəməsi 2023-cü il sentyabrın 8-də təsis edilib və Azərbaycanla Ermənistan arasında ilk prosessual görüş 2024-cü il yanvarın 12-də keçirilib.
Qeyd olunub ki, Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin otuz ilə yaxın qanunsuz işğalı zamanı Azərbaycanın bu ərazilərdə öz enerji resurslarına çıxışına və ya onların inkişaf etdirilməsinə mane olub. Bunun əksinə, Ermənistan həmin resurslardan öz mənfəəti üçün istifadə edib.
Ermənistanın beynəlxalq hüquq normalarını pozma halları arasında xüsusilə, onun onilliklər ərzində Azərbaycanın əhəmiyyətli bərpa olunan enerji layihələrinə çıxışına və ya onlardan faydalanmasına icazə verməkdən imtina etməsini qeyd etmək olar.
Bunlara əvvəllər işğal olunmuş Ağdərə rayonundakı Sərsəng Su Anbarında yerləşən Tərtər Su Elektrik Stansiyası, İranla sərhəddə, Azərbaycanın keçmiş işğal olunmuş Cəbrayıl rayonunda yerləşən Xudafərin və Qız Qalası su elektrik stansiyaları layihələri, həmçinin əvvəllər istifadə olunmamış enerji potensialı, hidroenergetika daxil olmaqla bərpa olunan enerji mənbələri, habelə digər resurslar daxildir.
Bəs Ermənistan Azərbaycana vurduğu zərərin təzminatını ödəmək iqtidarında olmazsa, rəsmi Bakı təzminat əvəzində Qərbi Zəngəzurun qaytarılmasını tələb edə bilər?
Məsələ ilə bağlı Azad Vətən Partiyasının sədri Akif Nağı “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, həm təzminat, həm də Qərbi Zəngəzur məsələsi öz həllini tapmalıdır:
“Azərbaycan təzminat məsələsini daim gündəmdə saxlamalıdır.
Azərbaycanın budəfəki müraciəti enerji daşıyışıcıları ilə bağlıdır. Yəni Ermənistanın Azərbaycana vurduğu zərərin bir hissəsini əhatə edir.
Ermənistanın işğalçı hərəkətləri nəticəsində Azərbaycana vurulan külli miqdarda maddi zərərlə bağlı məsələlər beynəlxalq hüququn normalarına uyğun olaraq əsaslandırılmalı, Haaqada yerləşən Daimi Arbitraj Məhkəməsində hakimlərin qarşısına qoyulmalıdır ki, Azərbaycanın iddiaları yerinə yetirilsin.
Dünyada haqq-ədalət varsa, Azərbaycanın haqlı mövqeyi nəzərə alınmalıdır. Bütövlükdə Ermənistanın Azərbaycana vurduğu zərərin miqdarı hesablanmalıdır. Bəzi rəsmi və qeyri-rəsmi rəqəmlərə görə, Azərbaycana 500 milyardan 1 trilyona qədər ziyan dəyibdir.
Bu zərərin ödənilməsi üçün Azərbaycan öz mövqeyini ortalığa qoymalıdır.
Əgər Ermənistan təzminatı ödəyə biləyəcəksə, onda Azərbaycan Qərbi Zəngəzurun qaytarılması məsələsini qaldırmalıdır. Hesab edirəm ki, bu, Qərbin Zəngəzurun Azərbaycana yenidən qovuşması üçün münasib variant hesab oluna bilər.
Amma Qərb Zəngəzur məsələsi birbaşa təzminata bağlanmamalıdır.
Təzminat konkret olaraq, vurulan ziyanın məcburi şəkildə ödənilməsidir. Beynəlxalq münasibətlərdə belə bir praktika var.
Misal üçün həm Birinci, həm də İkinci Dünya müharibəsindən sonra Almaniyanın üzərinə təzminat məsələsi qoyulmuşdu. Almaniya bu günə kimi təzminat ödəyir.
Bu praktika baxımdan Ermənistanın üzərinə də təzminat qoyulmalıdır. Ermənistan həmin vəsaiti haradan tapacaq, özü bilər. Ancaq işğal illəri ərzində Azərbaycana vurduğu zərərin miqdarına qədər ödəməlidir.
Qərbi Zəngəzur məsləsinə gəlincə, bu ərazi Azərbaycanın tarixi torpağıdır. Azərbaycan Xalq Cümhuriyyətinin qanuni ərazisi olub.
1920-ci ildə Cənubi Qafqazda sovet hakimiyyəti qurulandan sonra Qərbi Zəngəzur Sovet Rusiyasının dəstəyi ilə Azərbaycan xalqının rəyi və Azərbaycan SSRİ-nin qanunverici orqanın münasibəti nəzərə alınmadan Ermənistan SSR-yə verilibdir.
Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan həmin ərazinin geri qaytarılması üçün beynəlxalq səviyyədə məsələ qaldıra bilər. Bizim kifayət qədər əsaslarımız var, beynəlxalq hüququn normaları bizim tərəfimizdədir, bu istiqamətdə ciddi işlər aparılmalıdır.
Qeyd edim ki, Qərbi Zəngəzur məsələsində də Ermənistana qrarşı təzminat məsələsi qaldırılmalıdır. Uzun illər ərzində ermənilər bizim tarixi ərazilərimizə qanunsuz olaraq yiyələniblər, həmin torpaqların sərvətlərini mənimsəyiblər”.