RU

“İzahat Ağdamı görmədən öldü, 40-cı günündə isə anasının ürəyi partladı..” - “Qarabağ bülbülləri”-nin solistinin AĞDAM həsrəti-ÖZƏL

"İnsan əzizini, yaxınını itirəndə onun üçün çox çətin olur. Artıq 4 ildir  ki, İzahatı itirmişik, amma mən yenə də onunla yaşayıram, dediyi sözləri yadıma salıram, ailə qayğıları, ailəyə hörmətini heç vaxt unuda bilmirəm. Nə qədər də bu dünyadayam unutmayacam. O mənim üçün həqiqətən də dəyərli bir ailə başçısı, dəyərli bir ata, zirvə, çinar idi. Bilirəm ki, o bu dünyada əbədi yaşadığı kimi, o biri dünyada da, göy üzündə də əbədi yaşayacaq”
 
Bunu Moderator.az -a açıqlamasında “Qarabağ bülbülləri” qrupunun solisti İzahat Cəfərovun ömür-gün yoldaşı Rahilə Cəfərova deyib. O daha sonra əlavə edib:
 
“Ağdam işğal olunanda o məcburi köçkünlərə, elinə, obasına, yaxınlarına, qohumlarına bir böyük oldu. Böyük bir ailəni, nəsli öz ocağında, bir neçə otaqlı kiçik evində qəbul etdi. Ağdamın Şelli kəndindən idi, bu kənd də Xocalıya yaxın idi. Özü də, ailəsi də Xocalıdan çıxan insanların əksəriyyətini qəbul edib, əynini, başını alıb Ağdam məscidində təhvil vermişdilər. Yaşı az olsa da elininin, obasının ağsaqqalı idi. Allah ona o izzəti, o mərhəməti vermişdi. İzahatgili 6 qardaş, iki bacı idilər. Qaynımın ata evi rayonda idi. Hətta Ağdamdan çıxandan sonra qaynanam, qaynatam dedi ki, biz Bakıda yaşaya bilmərik, müvəqqəti gəlmişik, tezliklə geri qayıdacağıq. O tez vaxt 30 ilə yaxın çəkdi. Şükür ki, Ağdam da daxil olmaqla bütün torpaqlarımız geri qayıtdı. Qaynatam da, qaynanam da, İzahat da o torpaqları görmədən dünyadan köçdü. Məcburi köçkün düşəndən sonra bacısının həyat yoldaşı rəhmətə getdi. O bacısının dərdi, kədəri ilə yaşadı, onunla övladlarını böyütdü. Bütün bacı-qardaşına ata əvəzi oldu. Evini, eşiyini, hər şeyini yaxınları, doğmaları ilə paylaşdı. İzahat özü də deyirdi ki, biz məcburi köçkün kimi yaşaya bilərik, qoy onlar ev adamı kimi yaşasınlar. Necə dedisə elə də etdi. O maşında yatırdı ki, hamı evə yerləşsin. Belə bir şəxsiyyət idi. Yeri gələndə mənim övladlarıma anamgili baxıb, mən bizim evimizdə qalan körpələrə baxmışam. İzahat hər gün Ağdamla yaşayırdı. Uşaqlıqdan oxuduğu “Qarabağ bülbülləri” qrupu ilə tanındı. Ağdam da, İzahat da həmin qrupla xatırlanır. Ağdam işğal olunandan sonra İzahat oxumadı. Sənətdən də əl çəkdi. Deyirdim ki, ay İzahat, sənin nə gözəl səsin var! O səsini evdə bir qaldırırdı ki, deyirdim səsinə bülbüllər gələr” deyə sənətkarın xanımı bildirib.
 
Sənətkarın xanımı deyir ki, həyat yoldaşı torpaqlarımızın işğaldan azad olunmasını gördü:
 
“Allah torpaqlarımızı geri qaytaran şəhidlərimizə, qəhrəman övladlarımıza rəhmət etsin. Qazilərimizə can sağlığı versin. Cənab prezidentimizin yumruğu altında xalqımız birləşdi. İzahat torpaqlarımızın geri qayıtmasını gördü, amma gedib o torpaqlarda gəzə bilmədi. Mənim ad günüm idi. Dedi ki, ana, sevin, Şellimiz qayıtdı, gedirik kəndə. Qaynanamın yaşı 90-a çatmışdı.. Dedi ki, ay oğul o günü mən görəcəyəm yəni? Dedi ki, əlbəttə görəcəksən, sənin üçün orada gözəl ev də tikdirəcəm. İzahatgilin baba torpaqları da var idi. Sevindi, anası üçün yaylıq da almışdı, gəlib başına bağladı, başına dolandı. O günü mən heç vaxt unuda bilmərəm. Bu mənzərəyə mən kənardan baxıb kədərləndim. Heç bilmirdim niyə kədərlənirəm?! Yoldaşım da mənə əsəbləşdi ki, sən niyə qaşqabaq tökmüsən? Dedim ki, sən niyə ananın başına fırlandın? Nəsə ürəyimə pis gəldi. Dedi ki, o mənim anamdır, ona bir şey olsa mən yaşaya bilmərəm. Dedim ki, İzahat, sənə bir şey olsa mən yaşaya bilmərəm. Amma yaşadım (ağlayır). Bu hadisədən 1 il sonra elə həmin gün, oktyabrın 1-də İzahat dünyasını dəyişdi. Özü də mənim doğum günümdə. Bu mənə əbədi hədiyyə oldu. Arzuları ürəyində getdi. Anası da onun dərdinə dözməyib 40-cı gün dünyadan köçdü. Anası kiçik oğlunun dizinə başına qoyub, deyib ki, oğlum, mən gedirəm, İzahat məni gözləyir. İzahat elə, obaya, anaya, ataya, övlada bağlı bir insan idi. Bu dünyada rahatlıq tapmadı, yəqin ki, o biri dünyada rahatlıq tapar. İnanıram ki, onun ruhu bu gün Ağdamda, doğma Şelli kəndində pərvazlanır” deyə Rahilə Cəfərova bildirib.
Избранный
42
moderator.az

1Источники