RU

Tramp dönəminin Amerikası: proseslər necə inkişaf edə bilər?

Tramp

Trampın xarici siyasət üzrə təyinatları qarşıdakı 4 ildə Vaşinqtonun strategiyasının İsrail və Hindistan ətrafında qurulacağını göstərir. Yeni təyinatların İsraillə bağlı baxışlarına “İrana qarşı müharibə” də daxildir. Sual budur ki, “müharibələr dayanacaq” devizi ilə seçilən Tramp hökuməti Səddamı devirən C.Buş hökuməti kimi Yaxın Şərqə yeni bir “səlib yürüşü” təşkil edəcəkmi?”

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi siyasi şərhçi Əli Zülfüqaroğlu deyib ki, Trampın formalaşdıracağı hökumətin əsas üzvlərinin profili diqqət çəkir: “Çinə və İrana qarşı radikal mövqe sərgiləyənlər, eyni zamanda İsrail tərəfdarları üstünlük təşkil edir. Həmçinin sionizmin əsas teoloji dəstəkçisi olan və ABŞ-də böyük gücə malik yevangelist təriqətinin də Tramp hökumətində təmsil olunacağı müəyyən mənzərə formalaşdırır və daha çox bu mənzərəyə diqqət yetirilir. Amma hökumət üzvlərinin kim olmasının ABŞ-nin xarici siyasətini müəyyənləşdirəcəyini düşünmürəm. Çünki bunun konkret səbəbləri var”.

Əli Zülfüqaroğlu bildirib ki, Tramp hakimiyyəti dönəmində Vaşinqton fərqli siyasət yürüdəcək: “ABŞ 30 il öncə olduğu kimi fövqəlgüc deyil. ABŞ-ni güclü edən əsas amil dollardır və onun hesabına formalaşan donanması və dünyanın əksər ölkələrindəki hərbi bazalarıdır. Bu gün dollar çöküş prosesinə qədəm qoyub. Artıq dollara alternativ valyutaların əsası qoyulur.

Dolların sürətlə dəyər itirməsi ABŞ daxilində iqtisadi problemlərə yol açır və bu, getdikcə dərinləşir. İqtisadi problemlər səbəbi ilə ABŞ-nin dünyanın müxtəlif ölkələrində hərbi bazalar saxlaması və müxtəlif bölgələrdə müharibələr aparması mümkün deyil”.

Siyasi şərhçi əlavə edib ki, ABŞ-nin hansı siyasi kursu yürüdəcəyi ilə bağlı fikir söyləmək üçün Trampın seçkidən öncə açıqlamalarına və qələbədən sonra etdiyi çıxışa nəzərə salmaq lazımdır, çünki burada çox incə və diqqətçəkən məqamlar var: “Tramp seçkidən öncə bildirmişdi ki, “mən prezident olsam “dərin dövləti” yox edəcəyəm”, qələbədən sonra isə “əngəllərə baxmayaraq qalib gəldik”-deyə vurğuladı. “Dərin dövlət” FED və onun arxasında olan qlobalçıların sahibi olduğu banklardır ki, bu güc Trampı müxtəlif məhkəmə prosesləri, şantaj və sui-qəsdlə əngəlləməyə çalışırdı. Bu onu deməyə əsas verir ki, Tramp öncə ABŞ daxilində düşmənlərinə qarşı mübarizəyə başlayacaq, halbuki bu güc təkcə Trampın deyil, ümumiyyətlə, bəşəriyyətin düşmənidir. Yəni Trampı ABŞ daxilində hələ bundan sonra ciddi problemlər gözləyir”.

Siyasi ekspert deyib ki, Trampın qələbədən sonrakı çıxışında komanda üzvlərindən birinə “onun çox gözəl ailəsi var”,- deməsi də sıradan bir ifadə deyil: “Tramp bununla qlobalizmin sıradan çıxarmağa çalışdığı dəyərlər sisteminin qorunacağına vurğu edir. Yəni qlobalizmi rədd edir və dəyərlər sisteminin prioritet olacağını önə çəkir.

Digər diqqətçəkən məqam isə ABŞ-nin özünün də neft istehsalını artıracağına işarə etməsidir. Yəni ABŞ neftin ucuzlaşmasına çalışacaq”.

Ə.Zülfüqaroğlu əlavə edib ki, İsrail-İran müharibəsi coğrafi şərtlər baxımından mümkün deyil: “Bu müharibəni yalnız ABŞ başlada bilər. Amma ABŞ-İran müharibəsi başlayarsa, Tramp seçki öncəsi verilmiş vədlərin əksinə hərəkət edəcək ki, bu da növbəti dönəm üçün respublikaçıların hakimiyyətdə qalmasını çətinləşdirə bilər. Halbuki Tramp dönəmi sadəcə uzaq perspektiv üçün aparılacaq siyasətin başlanğıcıdır. Yəni növbəti seçkidə respublikaçıların hakimiyyətdə qalması yürüdüləcək siyasi fəaliyyət üçün başlıca şərtdir. Bunun üçün isə seçkiöncəsi verilən vədlərə əməl etmək və ölkə daxilində iqtisadi problemləri həll etmək lazımdır. Müharibələr isə bunun üçün başlıca əngəldir.

Digər tərəfdən, əgər ABŞ İranı vurarsa neft kəskin bahalaşa bilər ki, bu Vaşinqtonun maraqlarına qətiyyən cavab vermir. Neftin bahalaşması iqtisadi baxımdan ABŞ üçün arzuolunmaz olmaqla yanaşı, eyni zamanda Rusiyanın güclənməsinə şərait yaradacaq. Bu da xüsusilə Ukrayna savaşı kontekstində ABŞ-nin Rusiyaya təzyiqini təsirsiz edə bilər. Çünki Tramp Rusiya ilə münasibətlərini normallaşdırmağa çalışır ki, uzlaşma üçün Rusiya güclənməməlidir. Bu təkcə Ukrayna amili ilə bağlı deyil. Yəni Tramp Ukraynaya dəstəyini maksimum azaldacaq, eyni zamanda Rusiya ilə kəskin münasibətləri yumşaltmağa çalışacaq”.

Ə.Zülfüqaroğlu diqqətə çatdırıb ki, Bayden administrasiyasının Ukrayna üzərindən Rusiya ilə qarşıdurmaya getməsi ABŞ-nin əleyhinə işlədi: “Nəticədə Rusiya-Çin, Rusiya-Şimali Koreya, Rusiya-İran arasındakı münasibətlər daha da inkişaf etdi. Dolayısı ilə Rusiya-Çin-Şimali Koreya-İran ittifaqı formalaşdı. Tramp isə Çinlə ticari savaşın davam etdirilməsinin, bunun üçün isə Rusiya ilə münasibətlərin kəskinləşdirilməməsinin tərəfdarı idi. Gəlinən nəticə Trampın haqlı olduğunu göstərir. Ona görə də Trampın formalaşdıracağı hökumət üzvlərinin kim olması Birləşmiş Ştatların xarici siyasətində həlledici amil ola bilməz. Hesab edirəm ki, Vaşinqton Çinə qarşı ticari savaşları davam etdrəcək, eyni zamanda İranın iqtisadi cəhətdən çökdürülməsinə yönəlik fəaliyyətini gücləndirəcək. Həmçinin bir sıra bölgələrdən ordusunu çıxarması da mümkündür. Doğrudur, Trampa qarşı dirəniş güclü olacaq. Çünki ilk prezidentliyi dönəmində Suriyadan ordunun çəkilməsi qərarını verən Trampa bunun həyata keçirildiyi ilə bağlı yalan məlumat verilmişdi. Tramp bundan prezident postundan gedəndən sonra xəbər tutmuşdu. Bu rıçarqlar yenə də Trampa problemlər yaratmağa çalışacaqlar. Amma düşünürəm ki, Tramp bu dönəm istəklərini böyük ölçüdə reallaşdıra biləcək”.

Избранный
30
xalqcebhesi.az

1Источники