RU

YAP-ın dünəni zəngin və şərəfli olub, bu günü fəal quruculuq və xalqa xidmətdən ibarətdir

“32 il öncə, 1992-ci ilin 21 noyabrında Naxçıvanda Yeni Azərbaycan Partiyası (YAP) təsis qurultayı çağırıldı. Yaranan yeni partiyaya Azərbaycan xalqının Ümummilli Lideri Ulu Öndər Heydər Əliyev sədr seçildi. Həmin tarixi hadisədən təxminən 6 ay sonra Yeni Azərbaycan Partiyası xalqın partiyasına çevrildi”.

Bu fikirlər YAP Göygöl rayon təşkilatının sədr müavini Zamir Hüseynova məxsusdur. Onun sözlərinə görə, 1992-ci ildə Yeni Azərbaycan Partiyası Naxçıvanda təsis olunsa da, Azərbaycanın bütün bölgələrində təşkilatları, üzvləri və nümayəndələri var idi: “Həmin nümayəndələr də öz bölgələrinə qayıdarkən partiyanın arzu və istəklərini reallaşdırmaq üçün mübarizəyə başladılar. 1993-cü  ildə xalqın tələbi ilə Ulu Öndərin hakimiyyətə gəlişindən sonra Yeni Azərbaycan Partiyasının funksionerləri Azərbaycanın idarəçiliyinə cəlb olundu və 32 ildir ki, bu partiya Azərbaycanı uğurla idarə edir”. 

Z. Hüseynovun fikrincə, Ümummilli Lider Heydər Əliyevin layiqli varisli, dahi şəxsiyyətdən sonra partiyaya başçılıq edən cənab İlham Əliyev xalqı partiyanın azərbaycançılıq ideologiyası ətrafında birləşdirə bildi, güclü ordu, iqtisadiyyat yaratdı: “Xalq Ali Baş Komandana, Yeni Azərbaycan Partiyasının Sədrinə inanırdı və partiya üzvləri Azərbaycan həqiqətlərini dünyaya yaymaq üçün sədaqətli əsgər kimi mübarizəyə başladı. Bu mübarizənin nəticəsidir ki, 2020-ci ilin sentyabrında başlanan Vətən müharibəsində düşmən darmadağın edildi və Azərbaycan öz tarixi torpaqlarını işğaldan azad etdi”. 

“Bu gün 800 minə yaxın üzvü olan Yeni Azərbaycan Partiyasında gənclərin xüsusi yeri var, eyni zamanda partiya veteranlarının təcrübəsindən kifayət qədər istifadə olunur. YAP-ın dünyanın demokratik partiyaları ilə əlaqələri mövcuddur. YAP öz liderinin rəhbərliyi altında Azərbaycanı bütün xarici təhlükələrdən, çətinliklərdən, bir çoxlarını məcburi köçkün həyatından qurtarıb”, – deyən Z.Hüseynov vurğulayıb ki, “Tarixi zəfərin yaratdığı imkanlar hesabına bu gün Azərbaycanın işğaldan azad olunan ərazilərində quruculuq işləri gedir, “Böyük qayıdış” həyata keçirilir: “Təbii ki, hakim partiya bu məsələlərin uğurla həll olunması üçün əlindən gələni edir. Çünki Ulu Öndər Heydər Əliyevin bünövrəsini qoyduğu YAP bu gün Cənubi Qafqazın ən böyük partiyasıdır, həmçinin partiyanın apardığı işlər Azərbaycan xalqının arzu və istəklərini reallaşdırır. Nə qədər ki, Azərbaycan var, YAP da azərbaycançılıq ideologiyasını uğurla həyata keçirməklə ölkəmizin bütövlüyünü qoruyacaq. Azərbaycanın hər yerində üçrəngli bayrağımız şərəflə dalğalanacaq”.

Sonda partiyanın qurucusu Ümummilli Lider Heydər Əliyevin “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” kimi tarixi şüarını xatırladan Z.Hüseynovun sözlərinə görə, partiyanın dünəni zəngin və şərəflidir, bu günü fəal quruculuq və xalqa xidmətdən ibarətdir.

Избранный
33
yeniazerbaycan.com

1Источники