RU

Üçüncü dünya müharibəsi başlasa necə olacaq? - Nüvə silahı riski...

"Bizə Rusiyasız dünya lazım deyil"

Bu fikirləri Rusiya Təhlükəsizlik Şurasının sədr müavini, keçmiş prezident və baş nazir Dmitri Medvedev ötən ilin fevral ayında deyib. O bildirib ki, Qərbin Ukraynaya silah tədarükü qlobal nüvə fəlakəti təhlükəsi yaradır.

Açıqlamanın verilməsinin üstündən uzun müddət keçsə də, ABŞ prezidenti Cozef Baydenin Ukraynaya uzaqmənzilli raketlərdən istifadəyə dair yaşıl işıq yandırmasından sonra yenidən gündəmə gəlib. Xüsusilə, Rusiya prezidenti Vladimir Putinin nüvə silahı ilə bağlı sərəncam imzalaması son günlərin müzakirə mövzusuna çevrilib. Belə ki, Putinin imzaladığı fərmana əsasən, nüvə silahının istifadəsini müəyyən edən şərtlərə bəzi yeniliklər edilib. Rusiya ərazisinə ballistik raket hücumu həyata keçirərsə, Rusiyaya nüvə cavabı verməyə icazə verilir və pilotsuz uçuş aparatları və ya döyüş təyyarələri ilə edilən hücumlar da bu əhatəyə daxil edilir.

Məlum olduğu kimi, bir neçə gün əvvəl Rusiyaya ilk dəfə ATACMS ilə zərbələr endirilib. Ukrayna Silahlı Qüvvələri gecə saatlarında Bryansk vilayətinə 6 ATACMS raketi ilə hücum edib. Rusiya xarici işlər naziri Sergey Lavrov bu hücumları Qərbin eskalasiya istədiyinin siqnalı adlandırıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə bu hücuma reaksiya olaraq bildirib ki, dünya böyük müharibənin astanasındadır.

Britaniya nəşri iddia edir ki, ABŞ Ukraynaya gizli şəkildə nüvə silahı ötürə bilər. Son günlərdə baş verən gərginliklər də iddiaları gücləndirir. Lakin, Donald Trampın yanvardan etibarən hakimiyyətə gələcəyini nəzərə alsaq belə bir iddia həqiqətə uyğun deyil. Əksinə, ümidlər onun münaqişəni yatırtması yönündədir.

Bəs nüvə silahından istifadə riski nə qədərdir?

Nüvə silahlarının destruktiv gücünü nümayiş etdirən hadisələr göstərir ki, müasir dövrdə onların nəzarət altında saxlanılmasının vacibdir. Kütləvi qırğın üçün istifadə edilən nüvə silahı nəhəng partlayış gücü və təsir sahəsi yaradır. Nüvə silahlarının yaratdığı enerji həm güclü partlayış, həm də istilik və radiasiya ilə müşayiət olunur, bu da uzunmüddətli ekoloji və insan sağlamlığına mənfi təsirlər yaradır.

İlk dəfə nüvə silahı İkinci Dünya Müharibəsi zamanı ABŞ tərəfindən Yaponiyanın iki şəhərinə atılıb. 6 avqust 1945-ci ildə uran əsaslı bomba Xirosimaya, 3 gün sonra isə Naqasaki şəhərinə atılıb. Bu hücumlar nəticəsində on minlərlə insan ölüb, yüz minlərlə insan isə radiasiyanın təsiri ilə ağır yaralanıb. Bu silahdan istifadənin təsiri hələ də müəyyən qədər qalmaqdadır.

Nüvə silahından istifadə səlahiyyəti hər bir ölkənin öz qanunvericiliyi və idarəetmə strukturlarına uyğun olaraq müəyyənləşdirilir. Məsələn, ABŞ-də nüvə silahlarının istifadəsi barədə qərarı yalnız prezident verə bilər. Prezidentin bu qərarını təsdiq etməsi üçün digər dövlət qurumlarının razılığı tələb olunmur, lakin qərarın icrası hərbi komandanlıq vasitəsilə həyata keçirilir. Rusiyada da nüvə silahlarının istifadəsi ilə bağlı səlahiyyət prezidentin əlindədir və qərar "nüvə çantası" adlanan xüsusi sistem vasitəsilə icra olunur. Çin, Böyük Britaniya, Fransa kimi digər nüvə dövlətlərində də bu qərar adətən dövlətin ali rəhbəri və ya hökumət başçısına məxsusdur. Şimali Koreyada nüvə silahlarından istifadə səlahiyyəti ölkənin ali lideri Kim Çen Ina məxsusdur, bu qərar yalnız onun şəxsi ixtiyarındadır.

Nüvə silahlarından istifadə qlobal miqyasda fəlakətə səbəb ola biləcəyindən bu səlahiyyət ciddi prosedurlar və təhlükəsizlik mexanizmləri ilə tənzimlənir. Həmçinin, beynəlxalq hüquq və müqavilələr nüvə silahlarının istifadəsini məhdudlaşdırmağa çalışır. Məsələn, BMT-nin qətnamələri və nüvəsizləşdirmə sazişi (NPT) bu sahədə mühüm rol oynayır.

Nüvə silahından istifadə riskini tam dəqiqliklə demək mümkün olmasa da, ümumilikdə, mütəxəssislər nüvə silahlarından genişmiqyaslı istifadə ehtimalını aşağı hesab edirlər, çünki belə bir hadisə hər iki tərəf üçün məhv deməkdir. Bununla yanaşı, beynəlxalq təşkilatların fəaliyyəti, nüvə silahlarının yayılmaması barədə müqavilələr və diplomatik səylər bu riskin azaldılması üçün mühüm əhəmiyyət daşıyır.

Üçüncü dünya müharibəsi başlasa necə olacaq?

Skandinaviya ölkələrində III dünya müharibəsi riski ilə bağlı hazırlıqlar başlanıb. Onlar potensial Üçüncü Dünya Müharibəsi təhlükəsi ilə bağlı xəbərdarlıq verərək vətəndaşlarına ağır döyüş vəziyyətində sağ qalmaq üçün təlimatlar təqdim ediblər. 

Hazırda dünya gücləri arasında silahlanma yarışı, nüvə təhlükəsi və geosiyasi gərginliklər belə III dünya müharibəsi riskini artırsa da, qarşılıqlı məhvetmə qorxusu vəziyyəti dəyişir. Dövlətlər daha çox diplomatik yollarla problemləri həll etməyə çalışırlar. Lakin, belə bir müharibə başlasa, Ukraynanın onsuz da taqətdən saldığı Rusiya bu müharibədən məğlub tərəf kimi çıxa bilər. 110 il əvvəl Birinci Dünya müharibəsinə başlayan Rusiyanın illər öncə eyni səhvi təkrarlaması bu ölkənin dağılmasını sürətləndirə bilər. Əgər nüvə silahları işə düşsə, bu nəinki, Rusiya və ya ABŞ, birbaşa bəşəriyyət üçün təhlükədir.

Bəxtiyar Umarlı
Milli.Az

Избранный
7
50
milli.az

10Источники