RU

Su məsələləri üzrə Bakı Dialoqu gələcək COP-larda davamlı şəkildə keçirilməlidir - BMT-nin xüsusi nümayəndəsi

Bakı, TurkicWorld

Su üzrə Bakı Dialoqu gələcək COP-ların ayrılmaz bir hissəsi olaraq davamlı şəkildə keçirilməlidir.

TurkicWorld xəbər verir ki, bu barədə BMT-nin Su Resursları üzrə xüsusi nümayəndəsi Retno Marsudi COP29 çərçivəsində "Su Gününün qeyd edilməsi: İqlim, təbiət və insanlar üçün xilasedici halqa" adlı yüksək səviyyəli tədbirdə bildirib.

"Su məsələləri və iqlim fəaliyyəti üzrə Bakı Dialoqu su məsələsinin iqlim gündəliyinə inteqrasiyası üçün vacib bir fürsət oldu", – deyə o vurğulayıb.

Onun sözlərinə görə, iqlim dəyişikliyi su vasitəsilə özünü göstərir və su bu qlobal çağırışla mübarizədə əsas həll yoludur. Bununla belə, su və iqlim arasındakı qarşılıqlı əlaqə iqlim dəyişikliyi müzakirələrinin gündəliyində arxa planda qalıb.

"Əminəm ki, Su üzrə Bakı Dialoqu və iqlim fəaliyyətləri su problemlərinin müzakirəsini dərinləşdirəcək və onların iqlim gündəliyinə ardıcıl inteqrasiyasını təmin edəcək. Bu dialoq COP26, COP27 və COP28-də su məsələləri ilə bağlı razılaşdırılmış təşəbbüsləri davam etdirəcək", – deyə R.Marsudi qeyd edib.

O, ardıcıllığın və davamlılığın təmin edilməsinin əhəmiyyətini vurğulayıb.

Onun sözlərinə görə, Su üzrə Bakı Dialoqu COP-lar çərçivəsində davamlı şəkildə keçirilməlidir.

"Bu, zamanla iqlim və su arasındakı qarşılıqlı əlaqənin monitorinqini və gücləndirilməsini təmin edəcək. Bakı Dialoqunun ardıcıllığı və davamlılığı su və iqlim üzrə qlobal məqsədlərə, o cümlədən 2030-cu il üçün Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün məhdud vaxtın səmərəli istifadəsi baxımından da mühüm əhəmiyyət daşıyır", – deyə o bildirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Избранный
3
2
turkic.world

3Источники