RU

Dünənin, bu günün və sabahın partiyası

Əlişah Rəcəbov,

YAP Ağdaş rayon təşkilatının sədri

Azərbaycanın taleyini düşünən insanlar 1992-ci ilin oktyabr ayında ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və peşəkar siyasətçi Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər.

Yeni Azərbaycan Partiyasının təsis konfransı 21 noyabr 1992-ci il tarixində Naxçıvanda ölkəmizin bütün regionlarını təmsil edən və 550 nəfərdən ibarət olan təşəbbüs qrupunun iştirakı ilə keçirildi. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsini qəbul etdi. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Habelə, partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri seçildi. Beləliklə, müstəqil Azərbaycanın tarixində öz üzərinə böyük tarixi missiya götürən Yeni Azərbaycan Partiyası yarandı. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası qısa müddət ərzində cəmiyyətin aparıcı qüvvəsinə çevrilmişdir. Ulu Öndər cəmiyyətimizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasını qısa zamanda inkişaf etdirdi, özünün dediyi kimi “dünənin, bu günün və sabahın partiyası” səviyyəsinə yüksəltdi. Qısa müddət ərzində ümumxalq partiyasına çevrilmiş Yeni Azərbaycan Partiyası yarandıqdan bu günə qədər çox böyük, şərəfli və uğurlu yol keçmişdir. Hər zaman ölkəmizdə gedən proseslərin mərkəzində olan Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, həm də Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır.

Yeni Azərbaycan Partiyası hər zaman öz fəaliyyətini günün tələblərinə uyğun quran siyasi təşkilatdır. 2021-ci il mart ayının 5-də keçirilən Partiyanın VII qurultayı Yeni Azərbaycan Partiyasının, həmçinin ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisə oldu. Düzdür, bu günə qədər keçirilmiş olan hər bir qurultay Yeni Azərbaycan Partiyasının həyatında əlamətdar hadisə olaraq qalmışdır. Lakin VII qurultay bir çox özəllikləri ilə əvvəlki qurultaylardan fərqlənir və bu qurultay Yeni Azərbaycan Partiyasının həyatında yeni dönüş nöqtəsi hesab edilir.

VII qurultayda yeni Nizamnamə qəbul edildi, 40 nəfərdən ibarət İdarə Heyəti formalaşdırıldı və yeni struktur olan Veteranlar Şurası təsis edildi. Partiyamızın Sədri, cənab Prezident İlham Əliyev VII qurultayda yeni dövrlə bağlı bütün məsələləri özündə ehtiva edən partiyanın yeni Proqramının hazırlanması tapşırığını verdi və qısa zaman ərzində yeni Proqram qəbul edildi. Beş fəsildən ibarət Proqramda Yeni Azərbaycan Partiyasının siyasi dəyərlər və prinsiplər sistemində 10 strateji istiqamət müəyyən olunub. Bir sözlə, qəbul edilən yeni Proqram partiyanın gələcək fəaliyyətini və siyasi hədəflərini müəyyənləşdirəcək  bir sənəddir. Ümumiyyətlə, VII qurultayda qəbul olunmuş qərarlar hakim partiyanın “iqtidar-xalq” modelinin real işə düşdüyünü, milli həmrəyliyin yeni inkişaf mərhələsinin başlandığını nümayiş etdirdi.

Banisi ulu öndər Heydər Əliyev olan Yeni Azərbaycan Partiyası zamanın sınaqlarından çıxmış, xalqın etimadını layiqincə doğrultmuş partiyadır. Azərbaycan xalqının ən böyük milli sərvəti olan dövlət müstəqilliyini qoruyub saxlayan ümummilli lider Heydər Əliyev 20-ci əsrin sonu - 21-ci əsrin əvvəllərində Azərbaycanı qloballaşan dünyada suveren dövlət kimi formalaşdırmış, milli mənafelərinin reallaşmasının fundamental əsasını qoymuş, mənəvi dəyərlərinin qorunması, mədəniyyətinin inkişafı üçün hər cür şərait yaratmışdır.

Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi düşünülmüş uğurlu siyasət nəticəsində Vətən müharibəsindəki tarixi Qələbəmizlə ərazi bütövlüyümüz bərpa edilmiş, xalqın milli qüruru özünə qaytarılmış, dünyada yeni reallıqlar yaradılmışdır. Yeni Azərbaycan Partiyasının qarşısında duran əsas vəzifə bu nailiyyətləri göz bəbəyi kimi qorumaq, ümummilli lider Heydər Əliyev ideyasına sədaqətlə xidmət etməkdir. 

Избранный
15
2
yeniazerbaycan.com

3Источники