RU

2025-ci ildə bizi 2 böyük hadisə gözləyir

Murov tunelinin, eyni zamanda Kəlbəcər-Ağdərə yolunun yenidən qurulmasından sonra yurdumuza qayıdış kütləvi xarakter alacaq

  Vətənimizin ən dilbər, səfalı və şəfalı bölgəsi, gözəlliklər məskəni olan Kəlbəcərin erməni quldurlarından azad olunmasının dördüncü ili tamam olur. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun igid əsgərlərinin şücayəti ilə qazanılan tarixi qələbəmizin əsas üstünlüklərindən biri də Ağdam, Kəlbəcər və Laçının hərbi əməliyyatlarsız azad edilməsi oldu. Lakin bu da məlumdur ki, erməni separatçıları işğal edib 30 ilə yaxın yaşadıqları yurd yerlərini, özlərinə məxsus olmayan, amma uzun illər məskunlaşdıqları evləri, meşələri yandıraraq, hətta məktəb binasına da od vuraraq tərk etdilər. Belə vandallıq aktı dünya tarixində görünməmişdi. Yurdun sahiblərinin kimliyini yurda dəyər verənlərin kimliyi sübut edir. İşğala son qoyulduqdan dərhal sonra Azərbaycan Prezidentinin təsdiq etdiyi “Böyük Qayıdış” dövlət proqramının icrasına başlandı və erməni vandallarının xarabalığa çevirdiyi şəhərlər, qəsəbə və kəndlər ötən 4 il ərzində dirçəldi, yeniləndi, gözəlləşdi. Və doğma sakinlərini qarşılamağa başladı.  Kəlbəcər də həmçinin. Kəlbəcərin işğaldan azad olunmasından 4 il ötür. Bu 4 ildə nə dəyişib, hansı yeniliklərə imza atılıb?  Əslən Kəlbəcərin Başlıbel kəndindən olan və  Başlıbel faciəsinin canlı şahidi olmuş yazıçı-publisist, “Qanlı Kaha” kitabının və “Başlıbel: mühasirə gündəliyi” sənədli filminin müəllifi Elxan Salahov son 4 ildə Kəlbəcərdə aparılan yenidənqurma, quruculuq  işləri barədə “Sherg.az"a danışdı: 
"Noyabrın 25-də Kəlbəcərin erməni işğalından azad olunmasının 4-cü ili tamam olur. Bu 4 il ərzində Kəlbəcər həsrətiylə, doğma yurduna qayıdışın həsrətiylə yaşayan 80 minə yaxın kəlbəcərlinin arzuları qanad açır. Bu 4 il ərzində ümidimiz, gələcəyə olan inamımız, yurdumuza  qayıdış arzularımız artıq reallığa çevrilir. Bilirsiz ki, hazırda Kəlbəcərdə quruculuq işləri gedir. Yol infrastrukturu tamamilə yenilənib. İstər magistral yolların, istərsə də rayondaxili yolların tikintisi sürətlə davam edir. Növbəti ildə - yurdumuzun erməni separatçılarının işğalından azad edilməsinin 5-ci ildönümündə təxminən yaz aylarında Kəlbəcər şəhərinə ilk köç başlayacaq. Həmin ərəfələrdə Toğanalı-Murov-Kəlbəcər yolunda Murovun altı ilə çəkilən 12 km.lik tunel də istifadəyə veriləcək. Həmin yolun istifadəyə verilməsi Kəlbəcərə qayıdışın, köçün kütləvi xarakter alması üçün çox böyük imkanlar yaradacaq. Bilirsiniz ki, erməni quldurları Kəlbəcərin işğalı dövründə və 2020-ci ilin noyabrında Kəlbəcəri tərk edərkən görünməmiş vandalizm aktları törətdilər. Bütün infrastrukturu dağıtdılar, salamat qalan evləri yandırdılar, hansı ki o evlərdə yaşamışdılar. Hazırda o evlərin də yenidən qurulmasına başlanılıb. Bu 4 il ərzində biz 30 ilə yaxın düşmən tapdağında qalan doğmalarımızın qəbirlərini, şəhid məzarlarını xüsusi qurumlardan icazə almaqla ziyarət etdik. Qeyd edim ki, 1993-cü ilin aprelində Kəlbəcərin işğalı zamanı və Başlıbeldə törədilən qətliam zamanı şəhid olanların, 4 ay kahalarda mühasirədə qalan və ermənilər tərəfindən qətlə yetirilənlərin xatirəsinə həmin məzarlıqda memorial kompleks ucaldılacaq. Erməni silahlı dəstələri tərəfindən kütləvi qətliam törədilmiş kahaların da açıq muzeyə çevrilməsiylə bağlı layihələrin işlənib hazırlanması gözlənilir. Başlıbel faciəsi və mülki əhaliyə qarşı vandalizm aktlarını özündə əks etdirən dəlil və sübutlar ötən 4 il ərzində tərəfimizdən toplanıb. Həmin dəlil və sübutlar, həmçinin qətliama məruz qalanlara məxsus eksponatlar Başlıbel kəndinin bərpası zamanı kənddə qurulacaq muzeyə təqdim ediləcək, muzeydə saxlanacaq. Kəlbəcərə qayıdışın bir əlaməti də arıçılılq və heyvandarlıq təsərrüfatlarının yurda qayıdışıdır. Bu, Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə icra olunur. Fermerlər hər il yay mövsümündə təsərrüfatlarını yaylaqlara  yerləşdirirlər. Həm məzarların bərpası, həm də fermerlərin öz yurduna qayıdışı Kəlbəcərə qayıdışının əsas göstəricilərindən biridir.  2025-ci ildə bizi 2 böyük hadisə gözləyir. Kəlbəcərə ilk köç və Murov tunelinin açılması. Kəndlərin bərpası, yenidənqurulması istiqamətində  müəyyən işlər görülür. Hesab edirik ki, Murov tunelinin, eyni zamanda Kəlbəcər-Ağdərə yolunun yenidən qurulmasından sonra yurdumuza qayıdış kütləvi xarakter alacaq. Qarşıdakı 5-6 il ərzində kəlbəcərlilərin böyük əksəriyyəti yurda qayıdacaq. Allah ilk növbədə ordumuza, dövlətimizə güc-qüvvət versin. Biz yurdumuza qayıdışa görə  Ali Baş Komandana, şəhidlərə, qazilərə,  ordumuza borcluyuq". 

Избранный
10
sherg.az

1Источники