RU

Sabah başa çatan COP29-dan çox danışılacaq - uğur hekayəsi

Azərbaycan bu işin öhdəsindən bütün maneələrə rəğmən uğurla gəldi

Noyabrın 11-dən Bakıda start götürmüş Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı-COP29 tədbirinin müddəti bir gün uzadılıb. İlkin plana əsasən, noyabrın 22-də yekunlaşmalı olan konfrans ayın 23-də də davam edəcək. Bu qərar tədbirin gündəliyindəki mühüm məsələlərin tam həll olunması və iştirakçı dövlətlərin fikir mübadiləsinin effektiv şəkildə davam etməsi üçün qəbul edilib.

Azərbaycanın bu beynəlxalq toplantıya yüksək səviyyədə ev sahibliyi etdiyini söyləmək üçün ciddi əsaslar var. Qətiyyətlə demək olar ki, COP29 müasir Azərbaycanın növbəti uğur hekayəsidir. COP29-a uğurlu ev sahibliyi ölkəmizi beynəlxalq ictimaiyyətə tamamilə yeni imicdə tanıtdı. Azərbaycan planetimizi qorumaq məsələsində öz mövqeyini ortaya qoydu. Azərbaycan COP29-a gələn qonaqlara “yaşıl dünya”nı qorumaq üçün atdığı praktik addımları da göstərdi. Azərbaycan indiyədək bir çox miqyaslı tədbirlərə ev sahibliyi edib. COP29 uğuru, bir növ, bu təcrübənin təntənəsidir. Bu uğur gələcək mötəbər toplantılar üçün də bazadır. 

O da qeyd edilməlidir  ki, nüfuzlu toplantılara ev sahibliyimiz heç də asan olmur.  Həmişə anti-Azərbaycan qüvvələr və dünya ermənipərəstləri ölkəmizi nüfuzdan salmaq, tədbirin reallaşmaması üçün əllərindən gələni edirlər. Lakin heç vaxt niyyətlərinə çata bilməyiblər və bu dəfə də buna nail ola bilmədilər. Bu dəfə də anti-Azərbaycan qüvvələr və ermənipərəst dairələr növbəti  məğlubiyyət acısı yaşadılar.  

Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a deyib ki, Azərbaycanda COP29-un keçirilməsi, ölkəmiz və dünya üçün əhəmiyyətli və mötəbər bir hadisə oldu. 200 ölkənin yekdil qərarı ilə COP29-a Azərbaycanın ev sahibliyi etməsi, dünya birliyinin ölkəmizə duyduğu hörmətin və beynəlxalq arenada fəal rolunun yüksək qiymətləndirilməsi deməkdir: “Bu uğur, şübhəsiz ki, Müzəffər Ali Baş Komandan, Prezident  İlham Əliyevin qətiyyətli siyasi iradəsinin, düzgün düşünülmüş uzaqgörən siyasətinin və mükəmməl  diplomatik bacarığının nəticəsi idi. COP29-un sədri olaraq Azərbaycan inkişaf etmiş və inkişaf edən ölkələr arasında balansın qurulmasına, həmçinin Qlobal Cənubla Qlobal Şimal arasında əlaqələrin inkişaf etdirilməsinə mühüm töhfələri hədəfləyir. Bu, həm Azərbaycanın qlobal iqlim siyasətindəki mövqeyini gücləndirir, həm də dünya üzrə ətraf mühitin qorunmasına yönəlik kollektiv səylərin artmasına imkan yaradır.

Qabil

 Qabil Hüseynli 

Lakin bu böyük uğur bəzi qüvvələri narahat etdi. Azərbaycanda COP29-un ev sahibliyi etməsi ilə bağlı müxtəlif dövlətlər və onların təsiri altındakı qruplar tərəfindən qarayaxma kampaniyası başladıldı. Özünü müstəqil QHT adlandıran bəzi təşkilatlar və siyasətçilər ölkəmiz haqqında yanlış məlumatların yayılması üçün sanki bir-biri ilə yarışa giriblər. Amma bu cür cəhdlər heç bir nəticə vermədi, Azərbaycanı və onun dünya səhnəsindəki mövqeyini zəiflədə bilmədi.

Azərbaycan yüksək səviyyədə təşkil edilən COP29-da bir tərəfdən qlobal iqlim problemlərinin həllinə dair konkret addımlar atmaqla, digər tərəfdən dünya xalqlarına Azərbaycanın sülhsevər və inkişaf yolundakı məqsədlərini nümayiş etdirir. Bütün bu fəaliyyətlər həmçinin ölkəmizin bu mühüm tədbirin təşkilindəki rolunu möhkəmləndirir".

Politoloq qeyd etdi ki, ölkəmiz bu təşəbbüslə yalnız iqlim dəyişikliyinə qarşı mübarizəyə deyil, həm də qlobal sülh və təhlükəsizliyə də dəstək vermiş oldu: “Prezident İlham Əliyev bu cür mənfur kampaniyalara qarşı verdiyi cavablarla da dünyanın diqqətini öz üzərinə çəkməyə davam edir. O, bir neçə dəfə bəyan edib ki, COP29-a qarşı yönəlmiş boykot çağırışlarına baxmayaraq, tədbirə 196 ölkədən 72 min nəfər iştirakçı qeydiyyatdan keçib. Onların arasında 80-dən çox Prezident, Vitse-prezident və baş nazir də vardı. Bu, Azərbaycan və Bakı şəhərinin qlobal səviyyədəki əhəmiyyətini bir daha göstərir.

Ümumilikdə, COP29 Azərbaycana dünya miqyasında yüksək hörmət qazandırmaqla yanaşı, ölkəmizin iqlim siyasətindəki fəallığını və beynəlxalq arenada güclü mövqeyini bir daha nümayiş etdirdi. Bu tədbir iqlim dəyişikliyi ilə mübarizəyə dair dünya liderlərinin bir araya gəlməsi üçün vacib bir platforma olmaqla yanaşı, həm də Azərbaycanın dünya miqyasında artan nüfuzunun təntənəsidir".

Aydın

 Aydın Quliyev

Siyasi şərhçi Aydın Quliyev isə bildirdi ki, COP 29-da dünyanın və gələcəyimizin asılı olduğu “mərkəzi problemin” həllinə böyük çabalar sərf edənlərlə bərabər, elə ölkələr də oldu ki, buna hər vəchlə mane oldular: “COP29 əslində bir sıra dövlətlərin əsl sifətini ortaya qoymuş oldu. Məhz həmin dövlətlər mane olurlar ki, iqlim dəyişmələri ilə mübarizə xatirinə güclü öhdəliklər qəbul olunmasın, iqlim dəyişmələrinin təsirlərini azaltmaq üçün sanballı maliyyə fondu yaradılmasın. Guya Azərbaycan belə maliyyə fondunu öz şəxsi ehtiyaclarının həlli naminə yaradırmış, guya iqlimin ziyanlı dəyişməsinə görə hamıdan çox məsuliyyəti Azərbaycan daşıyırmış. Azərbaycan çalışır ki, iqlim dəyişmələrinə qarşı maliyyənin yeni kollektiv kəmiyyət hədləri müəyyən olunsun. Sonuncu dəfə 2015-ci ildə bu yöndə 100 milyard dollarlıq kollektiv hədd müəyyən olunmuşdu. Azərbaycan çox haqlı olaraq hesab edir ki, bu çox az rəqəmdir. Azı 300-500 milyard dollarlıq hədd qoyulmalıdır. Bir faktı deyim. ABŞ hər il iqlim dəyişmələri ilə mübarizəyə 500 milyard, yəni yarım trilyon pul qoyursa, bütün dünya üçün 500 milyard dollarlıq fond da əslində azdır. Ancaq Azərbaycanın gücü  ona çatır ki, COP29-da bu rəqəmin qəbul olunmasını təşviq etsin. Buna isə  görün kimlər və necə müqavimət göstərir? Əvvəlcə COP-un Azərbaycanda keçirilməsinə mane olmaq istədilər, alınmadı. Sonra bəzi dünya dövlətlərini COP29-a gəlməkdən çəkindirmək istədilər, yenə alınmadı. Ardınca COP 29-u Azərbaycan əleyhinə siyasi hücum müstəvisinə çevirmək istədilər, "separatçıları azad edin, erməniləri Qarabağa qaytarın" kimi tələblər qoydular, bu da alınmadı. İndi də COP29-da Azərbaycanın təşəbbüsü olan məsələlər üzrə qərarların qəbul  olunmasını sabotaj etmək istəyirlər. Həm də bunu o ölkələr edir ki, Azərbaycandan yüz dəfələrlə çox neft-qaz hasil edir və yüz dəfələrlə çox iqlimi korlayır.

ABŞ, Avropa Birliyi COP29-da öz üzərlərinə ciddi maliyyə öhdəliyi götürmək istəmirlər. Onlar yükü başqa ölkələrin üstünə ataraq öz neft-qaz istehsalatlarını qorumaq istəyirlər. Hətta Çin, Səudiyyə Ərəbistanı, Küveyt kimi böyük neft istehsalçısı və istehlakçısı sayılan ölkələr də maliyyə öhdəliyindən yayınmaq istəyirlər. Dəhşətlidir ki, Səudiyyə Ərəbistanı, Küveyt, Boliviya və sair kimi ölkələr hətta neftdən tədricən imtina ilə bağlı qərar qəbul olunması məsələsinin müzakirə olunmasının əleyhinə çıxırlar. Halbuki Azərbaycan iqlimə görə ən az məsuliyyət daşıyan ölkədir. Neft hasilatına görə dünyada 25-ci, qaz hasilatına görə 23-cü yerdəyik. Atmosferə qaz emissiyasının cəmi 0,01 faizi bizim payımıza düşür. Azərbaycan ildə 34 milyard kub metr qaz, ABŞ 1 trilyon kubdan, Kanada 190 milyard kubdan, Səudiyyə 120 milyard klubdan çox qaz hasil edir. Bu rəqəmlər iqlimə qarşı kimin nə qədər pul qoymalı olduğunu dəqiq ifadə edir" .

A.Quliyevin sözlərinə görə, əgər COP29-da azı 300-500 milyard dollarlıq kollektiv maliyyə həddi müəyyən olunmasa, bəşəriyyətin gələcəyi naminə buraxılmış bu şansın 100 faiz məsuliyyətini ABŞ, Avropa Birliyi, Çin, Səudiyyə, Küveyt, Qatar, Boliviya və digərləri daşıyacaq: “Azərbaycana bu sırada heç mində bir faiz də məsuliyyət düşməyəcək. Çünki Azərbaycan öz üzərinə düşəni edir - dünyanın xilası naminə müzakirə platformasını yüksək səviyyədə təqdim edir”.

Azərbaycan

Arzuxan Əlizadə

Deputat Arzuxan Əlizadə isə Şherg.az-a açıqlamasında deyib ki, COP29 kifayət qədər ciddi, böyük və qlobal əhəmiyyətli tədbir oldu: “COP 1997-ci ildən bu yana hər il nüfuzlu ölkələrdən birində keçirilir. COP-un 29-cu tədbirinin Azərbaycanda keçirilməsi də bir daha Azərbaycanın nüfuzunun göstəricisi oldu. COP29-un Azərbaycanda keçirilməsi qərarının özü Azərbaycanın diplomatik və siyasi uğuru kimi qiymətləndirilməlidir. Azərbaycan COP29-a kimi bir çox beynəlxalq tədbirlərə, idman yarışlarına ev sahibliyi edib və böyük təcrübələr qazanıb. Hər ötən tədbirdən sonra Azərbaycanla bağlı yüksək səviyyəli fikirlərə şahidlik etmişik. COP29 da çox böyük və peşəkar təşkilatçılıq bacarıqları ilə seçildi və tədbirə qatılan bütün qonaqlar bunu yüksək dəyərləndirdilər. Təxminən 70 mindən artıq xarici qonaq qeydiyyatdan keçib və onların böyük hissəsi ötən günlər ərzində Bakıda olublar. 80-dən artıq dövlət və hökumət başçıları iki gün keçirilmiş Liderlər Sammitində iştirak ediblər. Onların hər biri tədbirin əhəmiyyətini vurğulamaqla yanaşı, konfransın təşkilatçılığı ilə bağlı da yüksək təəssüratlarını dilə gətirdilər. Konkret olaraq COP29-un yüksək səviyyədə keçdiyini demək olar.

Təəssüf ki, bu müddətdə Azərbaycana qarşı şər-böhtan kampaniyası aparanlar da oldu. Azərbaycanın COP29-a ev sahibliyi ilə bağlı qərar veriləndən sonra qərəzli kampaniya daha geniş vüsət almışdı. Bu kampaniya COP29-un keçirildiyi günlərdə də davam etdirildi. COP29-la dünyanın diqqətinin Azərbaycana yönəldiyini görənlər bunu özləri üçün fürsət bildilər. Bundan istifadə edən bədxahlar, qələbəmizi, uğurlarımızı həzm edə biməyən ermənipərəst dairələr çirkin oyunlara baş vurdular. Əfsuslar ki, içimizdəki bəzi ünsürlər də bu kampaniyaya qoşuldular. Ancaq bu cəhdlərin heç biri nəticə vermədi, Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirə bilmədilər. Tədbirin yüksək səviyyədə keçirilməsi, liderlərin aktiv iştirakı, müəyyən razılaşmaların olması, sənədlərin imzalanması göstərdi ki, qərəzli hücumlar iflasa uğradı və Azərbaycan COP29-un təşkilatçılığını tam arzuolunan səviyyədə həyata keçirdi".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Избранный
5
1
musavat.com

2Источники