Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Ukraynada münaqişənin kəskinləşməsi ilə əlaqədar ölkədə əsas mülki və hərbi obyektlərdə təhlükəsizlik tədbirlərinin dərhal gücləndirilməsi barədə göstəriş verib.
Missiya.Az xəbər verir ki, bu barədə Qazaxıstan prezidentinin mətbuat katibi Berik Uali məlumat yayıb.
“Tokayev baş nazirə, prezident aparatının rəhbərinə, bütün güc strukturlarının rəhbərlərinə və yüksək rütbəli məmurlara Ukrayna ətrafında vəziyyətin gərginləşməsi ilə əlaqədar əsas hərbi və mülki obyektlərin təhlükəsizliyini təmin etmək üçün təcili tədbirlər görməyi tapşırıb", - deyə o vurğulayıb.
Uali qeyd edib ki, bütün aidiyyatı orqanlar və onların rəhbərləri bu göstərişlərə uyğun hərəkət etmələri barədə məlumatlandırılıblar.
O, əlavə edib ki, Qazaxıstan həmişə münaqişələrin, o cümlədən Ukraynadakı vəziyyətin sülh yolu ilə həllinin tərəfdarı olub.
Daşqın HəsənovMissiya.Az