RU

"Kristal Abşeron"un binasında qarajı su basıb: "3 ildir problem həll olunmur" - VİDEO


"Kristal Abşeron"un tikdiyi binada qaraj suyun içindədir. Maşınlar suyun içində saxlanılır. Artıq 3 ildir qarajda bu vəziyyət hökm sürür. 16 mərtəbəli bina təhlükə altındadır. Dəfələrlə şikayət edilsə də, tədbir görən yoxdur".

Bunu Bakupost.az-a "Kristal Abşeron"un Sumqayıtda, 9-cu mikrorayon, Sərvər Bədəlbəyli küçəsi, 4 ünvandakı binasında yaşayan sakinlər bildiriblər.

Onların sözlərinə görə, qarajların su altında qalması vaxtilə tikinti işlərinin keyfiyyətsiz aparılması ilə bağlıdır. Yaranmış vəziyyət isə binanın təhlükəsizliyi üçün problem yaradır:



"Qaraja girirsən, döşəmə tamam suyun işindədir, divarlardan isə sanki çeşmə axır. Yağışlı günlərdə isə vəziyyət daha da bərbad olur. Heç kim də səsini çıxarmır. Hər ay 40 manat ödəniş edirik. Binaya cavabdeh olanlar isə heç bir tədbir görmür. Elə bil orada sadəcə, maaş almaq üçün oturublar. Mənzil haqqını da qaldırıblar”.

Binanın komendantı Elbrus Salamov isə Bakupost.az -a açıqlamasında sakinlərin iddialarını təkzib edib. O bildirib ki, problem əsasən, kanalizasiya xətlərinə atılan salfet və digər tullantılardan qaynaqlanır:

"Bu binanın özülü çox möhkəmdir. Zəlzələyə də davamlıdır. Divardakı mənzərə yağış suları ilə bağlı olsa da, bu, çox yerdə olmur. Sakinlər qərəzlidir. Bir-iki yerdən su axır, onunla da bağlı tədbirlər görürük. Yerdəki su isə bu yaxınlarda bir evdə kanalizasiya borusu partladığına yığılıb. Bu, həmin sakinin öz günahıdır. Salfet və pamperslər atırlar, borular tutulur. Kənardan adi bir şey kimi görünsə də, salfetlər boruda şişir və suyu keçilməz edir. Biz mütəmadi olaraq təmizləyirik. İstənilən santexnikdən soruşsanız, kanalizasiya xətlərinin tutulma səbəbinin birinci növbədə salfetlə bağlı olduğunu deyəcək. 2 ildir burada işləyirəm. Əvvəlki borular torpağın altında idi və çürümüşdü. 12 minə yaxın xərc çəkdik, yen borular qoyuldu və sızıntının qarşısı alındı. Biz buradakı problemlərə etinasız yanaşmırıq"
Komendant əlavə edib ki, qurunt sularını idarə etmək üçün ərazidə quyu düzəldilib:



"Qurunt suları ora yığılır və motorla kanalizasiyaya vurulur. Fəhləmə deyirəm ki, 3-5 gündən bir get ora bax. Oranı açaq, salfetləri gözünüzlə görün. 645 sakinin 545-ni çıxsaq, 100 nəfərin hərəsinin evində 1 uşaq var. Elə bu bəs edir. Elanlar yazıb yapışdırmışam, faydası yoxdur".

Sakinlər isə komendantın bu fikirləri ilə razı deyil. Onlardan biri bildirib:

"Salfetlə kanalizasiya tutulacaqsa, orada keyfiyyətdən söhbət gedə bilməz. Kanalizasiya xətti və borunun həcmi sakinlərin sayına görə nəzərə alınmalıdır. Heç vaxt salfet iradı tutulmayıb. Gözlərinin içinə kimi yalan danışırlar. Yağış yağanda motor qoşub suyu çəkirlər. Divardan göbələklər sallanır. Nəmişlikdən maşınım xarab olub. Sakinlərin əksəriyyəti kirayəşindir, onlara maraqlı deyil. Mən bina tikiləndən ilk sakinəm. Salfet məsələsi bəhanədir. Hər gün divarları rəngləyirlər, lakin xeyri yoxdur. Sadəcə kosmetik işlər görürlər, əsaslı təmir etmirlər”.
Məsələ ilə bağlı "Kristal Abşeron"a da müraciət etdik. Şirkətin nümayəndəsi Telli Musayeva Bakupost.az -a açıqlamasında bu cür problemlərin mütəmadi baş vermədiyini, günahın isə sakinlərdə olduğunu bildirdi:

"Salfet və pamperslərə görə kanalizasiya tutulub. Divarların su olmasına səbəb onların kanalizasiya xəttinə pampers atmasıdır. Bu, sadəcə, bu gün baş verən problemdir və artıq həll olunub. Hal-hazırda orda heç bir problem yoxdur".



Yazı yayımlananda yenidən sakinlərlə əlaqə saxladıq. Onlar problemlə bağlı heç bir tədbir görülmədiyini bildirdilər.

Lalə, BakuPost
Избранный
30
1
bakupost.az

2Источники