RU

İranda “tacsız şah” hakimiyyətə gətirilir?

İranın devrilmiş şahının mühacirətdəki oğlu Rza Pəhləvi yenidən aktivləşib. Belə ki, o, ABŞ prezidenti seçilən Donald Trampı təbrik edib.

“Sizi ABŞ prezidenti seçilməyiniz münasibətilə təbrik edirəm. İlk prezidentlik dönəminizdə nəinki Yaxın Şərqi, hətta Amerika xalqını terror, qeyri-sabitlik, xaosla təhdid edən İslam Respublikasına qarşı cəsarətlə İran xalqının yanında durdunuz. İndi bu təhlükəni birdəfəlik bitirməklə tarix yazmaq və davamlı sülh mirası qoymaq imkanınız var. Bu missiyanız zamanı İran xalqı sizin ən yaxşı tərəfdaşınızdır”, – deyə Rza Pəhləvi təbrikində qeyd edib.

R.Pəhləvi 1979-ci ildən Vaşinqtonda yaşayır. İran mühacirlərinin bir hissəsi onu “şah” adlandırır. Pəhləvilər ailəsi ümumiyyətlə, hazırda İranda “arzuolunmaz ailə” statusunu daşıyır. Son illərdə isə rejimə qarşı yazıları, açıqlamaları və dəstəkçi axtarışı ilə diqqət çəkirlər.

Pəhləvi ailəsi xüsusilə ABŞ siyasətçiləri, milyonçular və yəhudi lobbisi ilə sıx əlaqələrə malikdir. Hətta Rza Pəhləvi 2023-cü ildə Holokost qurbanlarının Beynəlxalq Anım Günündə İsrailə səfər etmiş, burada İsrailin kəşfiyyat və atom enerjisi naziri Gila Qamlielinlə görüşmüşdü.

Şahın oğlunun aktivləşməsinin bir neçə səbəbi var:

İran-İsrail gərginliyinin artması;
İran daxilində sosial-iqtisadi zəmində narazılıqların artması;
İranın Ali rəhbəri Əli Xameneinin xəstə olması və varis məsələsinin gündəmə gəlməsi;
Rəsmi Tehranın nüvə silahı əldə etmək istəyi.
Rza Pəhləvi yaxşı bilir ki, Xamenei yaşlı və xəstədir. Yəni vəfat etməsi durumunda İran qarışacaq. Əslində, hazırda İran-İsrail münasibətlərində gərginliyin əvvəlki aylara nəzərən səngiməsinin digər səbəbi də budur. Təl-Əviv Xameneinin ehtimal ölümündən sonra İrana bütün gücü ilə təzyiq edəcək.

Rza Pəhləvi vəziyyətdən istifadə edərək taxtı ələ keçirmək istəyir. Onun Trampı təbrik etməsi həm də dəstək gözləntisi ilə bağlıdır.

Tramp emosional olsa da, belə bir macəraya çətin ki, getsin. Ümumiyyətlə, Pəhləvilərin İranda hakimiyyəti ələ keçirməsi real deyil. Çünki Qərb Pəhləvi hakimiyyəti dövründə nələrin olduğunu bir dəfə təcrübə edib. İkinci bir Pəhləviyə çətin ki, uran, neft və qaz ehtiyatları ilə zəngin İrana etibar edilsin.

Rza Pəhləvi hələ uzun illər, bəlkə də ömrünün sonuna qədər “tacsız şah” olaraq dəstəkçi axtarmağa davam edəcək. Nə İranın siyasi-dini elitası, nə də bu ölkədəki etnik azlıqlar, eləcə də azərbaycanlılar onu lider görmək istəyir. Böyük güclər üçün də Pəhləvilər ciddi mahiyyət daşımır.

Mənbə: Globalinfo.az

Избранный
16
ednews.net

1Источники