RU

EKSPERT ÇAĞIRIŞ ETDİ: Erkən rezervasiya edərkən BUNLARA DİQQƏT EDİN!

Qarşıdan Yeni il gəlir. Yeni il  günlərində ölkədən kənarda daha ucuz qiymətə dincəlmək və bayramı keçirmək istəyənlər bir neçə ay öncədən erkən rezervasiya etdirib. Mütəxəsisslər deyir ki, nəinki Yeni ilə hətta yay aylarına belə indidən bilet alanlar az deyil. Bəs görəsən erkən rezervasiya edərkən aldanmamaq üçün nə etmək lazımdı? 
 
 
Mövzu ilə bağlı "Noor Tour" turizm şirkətinin rəhbəri, turizm eksperti, Aynur Namazova Moderator.az-a danışdı. Vətəndaşlara daha ehtiyatlı davranmağa səsləndi: 
 
 "Hazırda yay mövsümü üçün erkən rezervasiya kampaniyaları başlayıb. Vətəndaşlarımız bu imkanlardan istifadə edərkən, istər erkən rezervasiya, istərsə də aviabilet və ya tək otel sifariş edərkən diqqətli olmalıdırlar. Turizmə artan tələbatla yanaşı, turizm şirkətlərinin də sayı artır. Bu vəziyyətdə aldadılmamaq üçün bəzi məqamlara xüsusi diqqət yetirilməlidir. Şirkətin etibarlılığını necə yoxlamaq olar?
Əvvəla şirkətin tarixçəsini və Sosial Platformalarını Yoxlayın: Şirkətin sosial media profillərini və müştəri rəylərini araşdırın. Güvənli və peşəkar xidmət göstərən şirkətlərin sosial platformalarda şəffaf fəaliyyəti olur. İkincisi onlardan müqavilə tələb edin. Müqavilə, agentliklə müştəri arasında hüquqi öhdəliklər yaradan sənəddir və sizin rezervasiyanızın həqiqiliyinə zəmanət verir.
 
Rezervasiyanızın doğruluğunu necə təsdiqləmək olar?
  Erkən rezervasiya zamanı seçdiyiniz oteldə bronunuzun təsdiqlənib-təsdiqlənmədiyini səyahətinizə yaxın bir zamanda otel ilə əlaqə saxlayaraq yoxlayın.  Tək bilet aldığınız halda, bilet nömrəsi və soyadınızla hava yollarının rəsmi saytında “Bronun İdarə Edilməsi” bölməsindən biletinizin doğru olub-olmadığını təsdiqləyə bilərsiniz.
 Tur paketlərinə gəldikdə isə paket şəklində alınan aviabiletlərdə birbaşa bilet nömrəsi təqdim olunmaya bilər. Bu halda, turizm şirkətindən əlavə məlumat tələb etmək lazımdır. 
 
Şübhəli təkliflərdən necə qaçmaq olar?
 Ucuz qiymətlərə aldanmayın: Əgər bazar qiymətindən çox aşağı bir təklif görürsünüzsə, bu, həmin şirkətə qarşı diqqətli olmağınıza işarədir. Heç bir peşəkar şirkət ziyanla işləmək istəməz. Əlavə olaraq, xidmət keyfiyyətində problemlər ola bilər.
 
Qiymət müqayisəsi edərkən real olun: Müştərilər eyni sorğunu bir neçə turizm şirkətinə göndərirlər. Nəticədə ən ucuz qiymət təklif edən şirkətə üstünlük verirlər. Amma bilməlidirlər ki, çox aşağı qiymət həmişə keyfiyyətli xidmət demək deyil. Ucuz təkliflər aldadıcı ola bilər.
 
Ofisdə qiymət artırılması: Bəzi hallarda müştəriləri ucuz qiymətlərlə ofisə cəlb edir, sonra isə qiymətlərin artdığını bildirirlər. Belə hallarla qarşılaşmamaq üçün seçim zamanı diqqətli olun. Vətəndaşlara keyfiyyəti üstün tutmalarını məsləhət görürəm.  Sonda qeyd etmək istəyirəm ki, müştərilər yalnız qiymətə deyil, xidmətin keyfiyyətinə də diqqət yetirməlidirlər. Etibarlı turizm şirkətləri ilə işləmək, səyahət zamanı əlavə problemlərin qarşısını alar və sizi ziyanla üzləşməyə qoymaz".
 
 
 
 
Избранный
38
moderator.az

1Источники