RU

“Onun həbsi Ermənistanın sülhə hazır olmadığının təsdiqidir”

Ermənistana köçən keçmiş erməni məmur Sarkis Qalstyan 18 il müddətinə azadlıqdan məhrum edilib. Azərbaycanla sülhə çağırış edən keçmiş məmur casusluqda təqsirli bilinir. Ermənistan dövləti hətta onun ömürlük həbsini tələb edib.

Məlumat üçün bildirək ki, Sarkis Qalstyan 2018-2023-cü illərdə Qarabağdakı qondarma rejimin dövründə müxtəlif “vəzifələrdə” çalışıb. O, 2023-cü ilin 19-20 sentyabr tarixli antiterror tədbirlərindən sonra Xankəndini tərk etməyən azsaylı ermənilərdən biri olub. Arvadı ilə birgə Xankəndidə yaşamağa davam edən Sarkis Qalstyan 2024-cü ilin aprelində Ermənistana köçüb. İttihama görə, o, 2020-ci ildən casusluq fəaliyyəti ilə məşğul olub.

Qeyd edək ki, Ermənistan İstintaq Komitəsi Qalstyanın evində axtarış apararkən türk dilində lüğət tapıb və bunu maddi sübut kimi götürüb.

Lakin Sarkis Qalstyanın vəkilləri bu ittihamı qəbul etmir. Onlar bildirir ki, Qalstyanın ixtisası türkoloqdur və onun türk dilində lüğətlə işləməsi normaldır. Erməni müstəntiqlər isə türkcə lüğəti Qalstyanın Azərbaycana casusluq etməsinin sübutu kimi göstəriblər.

Ermənistanda sülhdən danışanlar niyə hədəfə alınır?

AMİP.jpeg

AMİP liderinin köməkçisi, politoloq Əli Orucov Musavat.com-a açıqlamasında bu məhkəmə hökmü ilə Ermənistanın sülh istəmədiyini bir daha göstərdiyini bildirib:

““Sülhdən” və “sülhpərvərlik”dən danışan Ermənistan iqtidarı münasibətlərin normallaşmasına mənfi təsir göstərən nə varsa istifadə etməkdədir. Sürətlə silahlanır, kənar oyunçuların regionda yerləşməsinə və təhrikçi fəaliyyətinə imkan yaradır, vətəndaş cəmiyyətinə basqılar edir, təxribatlara əl atır, müharibənin, revanşist düşüncənin əleyhinə olanları təqib və həbs edir, danışıqlar platformalarından qaçır və s. Sülh təşəbbüslərini demək olar ki, bloklamaqdadır.

Ermənistan Azərbaycanın ona etdiyi güzəştləri və sərgilədiyi xoşməramlı davranışı yanlış anlamaqdadır. COP29 konfransında dəvətə baxmayaraq, əsassız şərtlər ilə sürərək iştirakdan imtina etdi. Adını çəkdiyiniz və casusluqda ittiham olunaraq həbs edilən Sarkis Qalstyan reallığı ən çox düzgün qiymətləndirməyə çalışan azsaylı ermənilərdən biri hesab olunur. Lakin onun həbsi Ermənistan hakimiyyətində Azərbaycanafobiya düşüncə tərzinin hökm sürdüyünə dəlalət edir. Bu hadisə həm də Ermənistanın sülhə hazır olmadığının və ümumiyyətlə sülh istəmədiyinin bir daha təsdiqi oldu.

Ermənistan hakimiyyəti bununla həm də erməni cəmiyyətini basqılar altında saxlamağa çalışır. Bu, məncə Ermənistanda növbəti repressiya dalğanın başlanması deməkdir. Onu da demək yerinə düşərdi ki, Azərbaycanın təhlükəsizlik və xüsusi xidmət orqanları öz fəaliyyətlərini peşəkar həyata keçirirlər. Belə primitiv üsullara da əl atmazlar. Azərbaycana qarşı erməni kartından qarayaxma və böhtan kampaniyası aparan bəzi dövlətlər və çevrələr görsün və bilsinlər ki, azad seçim etmək və Azərbaycanda yaşamaq istəyən ermənilərə məhz Ermənistan hakimiyyəti, Ermənistan dövləti təhlükə yaradır. Onlara bu imkanı vermir”.

Cavanşir ABBASLI
Musavat.com

Избранный
38
musavat.com

1Источники