RU

Belçikalı deputatlar erməni lobbisinin təsiri altında Azərbaycana qarşı qarayaxma kampaniyası həyata keçirirlər - Tural Gəncəliyev

Azərbaycanda keçirlən COP29 konfransı ilə əlaqədar Belçika Parlamentinin bir sıra deputatları Azəbaycan Hökumətinə və COP29-da iştirak edən Belçika nümayəndə heyətinə qərəzli bəyanatlar və əsassız iddialarla müraciət ediblər. Belçika Parlamentinin deputatları tərəfindən irəli sürülən bu bəyanatlarla tanış olarkən bəlli olur ki, onların hüquqdan, humanitar hüquqdan, ümumiyyətlə, normal beynəlxalq münasibətlərdən heç bir anlayışları yoxdur və yalnız populizm üzərində öz fikirlərini formalaşdırırlar.

Day.Az xəbər verir ki, bu fikirləri Trend-ə Milli Məclisin deputatı Tural Gəncəliyev deyib.

"Bəyanata nəzar salsaq görürük ki, onlar Azərbaycandan və COP29 konfransında iştirak edən Belçika nümayəndə heyətindən hazırda Azərbaycanda həbsdə olan müharibə cinayətlərində təqsirəndirilən erməni əsilli şəxslərin azad edilməsini tələb edirlər. Birincisi, həmin şəxslər Azərbaycan xalqına qarşı soyqırımı törətmiş, işğal illəri ərzində müharibə cinayətləri törətməklə təkcə Azərbaycana deyil, bəşəriyyətə qarşı, sülh və insanlıq əleyhinə cinayət törətmiş şəxslərdir.

Öz təxribatçı əməlləri ilə beynəlxalq hüququn fundamental norma və prinsiplərini kobud şəkildə pozaraq, Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə qarşı fəaliyyət göstərən şəxslərin azad edilməsini tələb edən parlamentarilərin məntiqi ağlasığan deyil.

Təkcə öz miqyasına görə tarixdə analoqu olmayan 1992-ci il 26 fevral Xocalı faciəsini nümunə kimi götürsək, erməni cinayətkarların, mülki vətəndaşlara qarşı qətliam törətmiş şəxslərin azadlığa buraxılması hansı insan hüquqlarından, hansı humanitar hüququn prinsipindən irəli gəlir?", - deputat bildirib.

O qeyd edib ki, belçikalı parlamentarilərin Azərbaycandan digər tələbi isə "Dağlıq Qarabağ"da olan erməni mədəni irsini qorumaqdır:

"Onlara xatırlatmaq lazımdır ki, 1954-cü il "Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında" konvensiyaya görə hər bir ölkənin ərazisində yerləşən bütün maddi və qeyri-maddi, mədəni mülkiyyət, irs həmin ölkənin özünə məxsusdur. Yəni Azərbaycan Respublikasının beynəlxalq hüquqla tanınmış sərhədlər çərçivəsində yerləşən bütün irs Azərbaycan xalqının irsidir. Azərbaycan hər zaman öz mədəni irsini qoruyur və mühafizə edir. Belçika parlamentariləri tərəfindən bizə qarşı bu kimi tələbin irəli sürülməsini daxili işlərimizə qarışmaq kimi qiymətləndiririk.

Belçika Parlamentinin deputatları, eyni zamanda müraciət edirlər ki, Azərbaycan öz silahlı qüvvələrini Ermənistan Respublikasının işğal edilmiş ərazilərindən çıxarsın. Bu da bir daha onu göstərir ki, Belçikalı parlamentarilərin nə regionda gedən hadisələrdən nə ölkələrin beynəlxalq hüquqla müəyyən edilmiş sərhədlərindən heç bir məlumatı yoxdur.

Onlara bildirmək lazımdır ki, əksinə, 30 il ərzində Ermənistan Azərbaycanın ərazilərini işğal edib, torpaqlarımızı darmadağın edib. Bu da Ermənistanın beynəlxalq hüquqla tanınmış ərazilərə hörmət etmədiyini göstərir. Biz Ermənistana təklif edirik ki, delimitasiya və demarkasiya prosesini bitirək və bununla da Ermənistanın tanımadığı Azərbaycan sərhədlərinə qarşı hörmətsiz yanaşmasına son qoyaq.

Belçika Parlamentinin deputatları tərəfindən irəli sürülən əsassız iddialar bir daha onların erməni lobbisinin təsiri altında olaraq Azərbaycana qarşı qarayaxma kampaniyası həyata keçirdiklərini göstərir. Yaxşı olardı ki, Belçika öz daxili işləri ilə məşğul olsun.

Belçikanın son siyasi vəziyyətinə baxsaq, orada daha çox İslamofob, Azərbaycanofob, Türkofob məsələlərin baş qaldırdığının şahidi olarıq. Təəssüflər olsun ki, Belçika parlamentariləri fransız qardaşlarından aldıqları təlimatlar əsasında çıxış edirlər və müstəqil subyekt kimi özlərini göstrərə bilmirlər. Bu baxımdan, onların bu kimi açıqlamaları qəbuledilməzdir. Mən Azərbaycan Respublikasının Milli Məclisinin üzvü kimi Belçika Parlamentinin deputatlarının bu iddialarını qəti şəkildə rədd edirəm".

Избранный
17
1
day.az

2Источники