RU

Tramp NATO-nu demontaj edəcək: Alyans PKK-ya savaş açmazsa, Türkiyə də ona dəstək verəcək

Ukrayna savaşı ətrafında yaranmış qəliz situasiya NATO-nun gələcək taleyini də böyük risk altında buraxıb. Belə ki, ABŞ prezidenti Co Baydenin Ukraynaya Rusiyanın dərinliklərinə uzaqmənzilli raketlər ilə zərbə endirmək icazəsi Qərb siyasi dairələrində birmənalı qarşılanmayıb. Xüsusilə də, NATO daxilində bu qərara münasibətdə kifayət qədər ciddi ziddiyyətlər mövcuddur. Hər halda, hazırda NATO üzvləri qətiyyən vahid mövqeni təmsil etmirlər. Və bu, alyans daxilində mərkəzdən qaçma, hətta parçalanma təhlükəsini maksimum həddə qədər artırır.

Onu da qeyd etmək lazımdır ki, Bayden administrasiyası kimi, Avropa Birliyinin bəzi ölkələri, xüsusilə də, Fransa Ukrayna savaşının mümkün qədər uzadılmasında birbaşa maraqlı olduqlarını qətiyyən gizlətmirlər. Hətta rəsmi Paris bəyan edib ki, Qərb ölkələri Ukraynaya hərbi dəstəyi davam etdirməyə borcludurlar. Çünki Ukrayna ordusunun Rusiyaya hərbi müqavimət potensialnı qoruması Avropa Birliyinin təhlükəsizliyini təmin edə biləcək əsas faktordur. Əks halda, Rusiya ordusunun Ukraynada irəliləməsi hərbi təhlükənin Avropaya yaxınlaşması anlamı daşıyır. Və Avropa Birliyi ölkələri buna qətiyyən hazır olmadıqlarından, Ukraynaya hərbi dəstəyi zəiflətməklə, Rusiyaya belə imkanlar yaratmaq yolverilməzdir.

1777922.jpg (42 KB)

Belə anlaşılır ki, Avropa Birliyi ölkələri Rusiya ilə gələcəkdə baş verə biləcək müharibəyə hazırlaşmaq üçün zaman qazanmağa ehtiyac duyurlar. Çünki uzun illər NATO-nun "təhlükəsizlik çətiri"nə sığınaraq, hərbi sahəyə maliyyə xərcləməyə ehtiyac duymayan Avropa ölkələri indi fərqli situasiya ilə üzləşiblər. Ona görə də, hərbi xərclərin artırılması məcburiyyətində olan Avropa Birliyi ölkələri müdafiə sistemini yenidən qurmaq üçün həm 8-10 illik bir zaman intervalına ehtiyac duyurlar. Və bütün bunları da məhz Ukraynanın dağıdılması hesabına etməyə hazırlaşırlarını dolayısı ilə biruzə verirlər.

Ancaq NATO daxilində Bayden administrasiyasının son qərarını dəstəkləməyən, üstəlik, Ukrayna savaşının dayandırılmasının da tərəfdarları mövcuddur. Xüsusilə də, Macarıstan və Türkiyə Bayden administrasiyasını dünyanı real qlobal savaş təhlükəsi qarşısında buraxa biləcək bir addım atmaqda suçlayır. ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın da Rusiya ilə sülh danışıqları planına malik olması isə Macarıstan və Türkiyənin mövqeyini nisbətən gücləndirmiş olur. Və bu baxımdan, NATO daxilində parçalanma təhlükəsi də hazırda aktual problemlərin sırasına aiddir.

Onu da qeyd etmək lazımdır ki, Qərb siyasi dairələrinin narahatlığı hazırda yalnız Tramp administrasiyasının Ukrayna savaşının dayandırılmasına yönəlik prinsipial mövqeyi ilə məhdudlaşmır. Belə ki, ABŞ-ın yeni prezidenti Donald Tramp Avropa Birliyi üçün ən etibarlı "təhlükəsizlik çətiri" rolunu oynayan NATO-ya neqativ yanaşma tərzi ilə də diqqəti çəkir. Hələ əvvəlki hakimiyyəti dövründə Ağ Evin yeni sahibi NATO-nun öz tarixi hərbi-siyasi missiyasını sona çatdırdığını dəfələrlə açıq mətnlə bəyan etmişdi. Və o, seçkiqabağı açıqlamalarında ABŞ-ın həm NATO-nun mövcudluğunu qorunmaq, həm də Avropa Birliyi ölkələrinin təhlükəsizlik maraqlarını təmin etmək üçün fantastik maliyyə xərclərinə borclu olmadığını da vurğulamışdı.

nato-tramp-demontaj.JPG (49 KB)

Bu səbəbdən də, indi əksər Avropa Birliyi ölkələri Tramp administrasiyasının NATO-ya münasibətdə radikal qərarlar verə biləcəyindən ciddi şəkildə narahatdırlar. Əvvəlki prezidentliyi dönəmində Donald Trampın ABŞ-ın NATO-nu tərk etməsinə cəhdlər göstərdiyi də qətiyyən unudulmayıb. Bu baxımdan, ehtimal olunur ki, yeni prezident Donald Tramp ABŞ-ın NATO-nu tərk etməsi ilə bağlı yarımçıq buraxdığı prosesi bu dəfə sona çatdırmağa cəhd göstərə də bilər. Və bu, baş verərsə, NATO-nun demontaj prosesinə məruz qalacağı qətiyyən şübhə doğurmur.

Təbii ki, bu baxımdan, NATO-nun yeni baş katibi Mark Rüttenin ABŞ səfiri böyük maraq doğurur. Çünki NATO baş katibi ABŞ-da səlahiyyətləri sona çatmaq üzrə olan Bayden administrasiyası ilə deyil, məhz Ağ Evin yeni sahibi Donald Tramp ilə şəxsən görüşməyə ehtiyac duyub. Bəzi ehtimallara görə, yalnız Ukrayna savaşı deyil, NATO-nun gələcək taleyi də bu görüşün prinsipial müzakirə mövzusudur. Və bu görüşün nəticələri neqativ məzmun daşıyarsa, alyans daxilində ziddiyyətlər daha da intensivləşə bilər.

Digər tərəfdən, yeni baş katib Mark Rütte Donald Trampla müzakirələrin ardından NATO-nun ikinci ən böyük dövləti olan Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşmək niyyətində olduğunu bəyan edib. Rəsmi Ankaranın da NATO-dan müəyyən gözləntiləri mövcuddur və buna qarşılıq ala bilmədiyi üçün narazı olduğunu da qətiyyən gizlətmir. Və prezident Rəcəb Tayyib Ərdoğanın NATO Baş katibi ilə Rusiya-Ukrayna müharibəsindəki son vəziyyəti, xüsusilə də savaşın daha geniş areala yayılmasına səbəb ola biləcək addımların atılmasının yolverilməzliyini müzakirə edəcəyi bildirilir.

erdogan-nato-liderler-zirvesi-2023-2075377.jpg (92 KB)

Ancaq rəsmi Ankaranın NATO ilə bağlı müzakirə gündəmi yalnız bununla məhdudlaşmır. Belə ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bazar ertəsi Ankaraya səfəri edəcək NATO-nun baş katibi Mark Rütte ilə bu hərbi-siyasi alyans üzrə müttəfiqlər arasında müdafiə satınalmalarına əngəllərin aradan qaldırılmasını və terrora qarşı ortaq mübarizənin vacib olduğunu da müzakirə etmək niyyətindədir. Çünki rəsmi Ankara NATO üzrə müttəfiqlərin Türkiyəyə silah satışına embarqo qoymasını yolverilməz hesab edir. Və bunu NATO-nun ortaq müdafiə, eləcə də müttəfiqlik prinsiplərinə zidd olduğunu qabardır.

Digər tərəfdən, rəsmi Ankara NATO üzrə müttəfiqlərin Türkiyəyə PKK terror təşkilatı ilə mübarizədə dəstək verməkdən yayınmasından da ciddi şəkildə narazıdır. Üstəlik, rəsmi Ankara bəzi NATO ölkələrinin PKK-ya dəstək verməsini Türkiyəyə qarşı müttəfiqliyin pozularaq, düşmənçiliyə aparan mövqe hesab edir. Və bu baxımdan, Türkiyə liderinin NATO baş katibindən PKK-ya münasibətdə həm konkret, həm də prinsipial dəstək mövqeyi tələb edəcəyi gözlənilir.

Bu baxımdan, son vaxtlar Avropa Birliyi və NATO-ya alternativ alyanslara doğru yönəlmək niyyətini biruzə verən Türkiyənin mövqeyi yeni baş katib Mark Rüttenin yanaşma tərzindən birbaşa asılı olacaq. Əgər, rəsmi Ankaraya PKK ilə qətiyyətli mübarizə vədi verilməzsə, Türkiyə tədricən NATO-dan uzaqlaşma kursuna yönələ bilər. Bu haldasa, Ağ Evin yeni sahibi Donald Trampın ABŞ-ın NATO-dan çıxarılması ilə bağlı cəhdlərinə daha bir təhlükəli problem əlavə edilmiş olacaq. Çünki NATO-nun iki ən güclü ölkəsi bu qurumdan uzaqlaşarsa, deqradasiya qaçılmaz prosesə çevriləcək. Və bu halda, NATO-nun demontaj olunması ilə bağlı prosesdən danışmaq lazım gələcək.(musavat.com)

Избранный
21
2
olke.az

3Источники