RU

Bakıdakı danışıqlar anlaşma ilə bitdi - Trampın qərarı açıqlandı

Kasıb dövlətlər Bakıda keçirilən COP29 çərçivəsində iqlim dəyişikliyi ilə mübarizəyə və bununla bağlı problemlərin həllinə 1 trilyon dollardan çox vəsait tələb edirdilər.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Azərbaycanın paytaxtında iqlim məsələsi ilə bağlı əldə edilmiş qlobal anlaşmaya diqqət çəkib:

"İqlim dəyişiklikləri ilə mübarizə tədbirlərinin müəllifi BMT-dir. Məhz bu təşkilatın rəhbərliyi ilə hər il COP tədbirləri keçirilir. Təsadüfi deyil ki, BMT baş katibi COP29-un keçirildiyi günlərdə iki dəfə Bakıya gəldi.

Azərbaycan və digər ölkələr bu tədbirlərin keçirilməsi üçün ev sahibliyi edirlər. COP29-un ev sahibi kimi Azərbaycanın da üzərinə iki vəzifə düşürdü. Birinci vəzifə tədbirin keçirilməsi üçün şərait yaratmaq, qonaqları qəbul etmək, nəqliyyat və digər texniki məsələri həll etmək idi. Qonaqların da etiraf etdiyi kimi, Azərbaycan üzərinə düşən birinci vəzifəni yüksək səviyyədə həyata keçirdi.

Azərbaycanın ev yiyəsi kimi ikinci vəzifəsi COP29-un yekun sənədini üzv dövlətlər arasında razılaşdırmaq idi. Bu, son dərəcə mürəkkəb vəzifəydi. İqlim dəyişikliyi ilə mübarizə məqsədilə inkiaf etmiş dövlətlərlə kasıb dövlətlər arasında razılaşmanın əldə edilməsi üçün günlərlə gərgin müzakirələr aparıldı. Yüzdən çox dövlət arasında ümumi razılaşmanın əldə edilməsi yalnız Azərbaycanın vəzifəsi deyildi, prosesdə BMT-nin strukturları da iştirak edirdi.

Həyatın qanunudur, varlı dövlətlər müxtəlif problemlərin həllinə az pul xərcləmək istəyirlər, kasıb dövlətlər isə əksini tələb edirlər. Bakıda keçirilən tədbirdəki fikir ayrılığı da bu həyati prinsipə söykənirdi. Kasıb dövlətlər iqlim dəyişikliyi ilə mübarizə və bununla bağlı problemlərin həllinə 1 trilyondan çox vəsait tələb edirdilər. Bu, real rəqəm deyildi. Bakıda gərgin müzakirələr nəticəsində tərəflər 300 milyard dollara razılaşdılar".

Elxan Şahinoğlu vurğulayıb ki, bundan sonra məsuliyyət BMT-nin üzərindədir:

"Beynəlxalq təşkilat böyük dövlətlər tərəfindən bu vəsaitin ayrılması və iqlim dəyişikliyi ilə mübarizəyə xərclənməsinə nəzarət etməlidir. Əsas problemlər bundan sonra başlayacaq.

ABŞ-ın yeni Prezidenti Donald Tramp iqlim dəyişikliyi ilə mübarizəyə maliyyə ayırmayacaq, Ağ Evin yeni sahibi ümumiyyətlə bu mövzunun "qondarma" olduğu qənaətindədir. Əgər ABŞ Trampın 4 illik prezidentlik dövründə iqlim dəyişikliyi ilə mübarizəyə maliyyə ayırmasa, Avropa İttifaqı dövlətlərinin də qlobal məsələyə kifayət qədər maliyyə ayıracağı sual altında olacaq. Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenin COP29-a qatılmaması, tədbirin son günlərinə yaxın Bakıya gələn Almaniya xarici işlər naziri Annalena Berbokun isə neft-qaz nəql edən ölkələri hədəf alan çıxışı əldə edilən razılaşmanın yerinə yetirəcəyini sual altında qoyur. Bu, artıq BMT-ni düşündürməlidir".


Müəllif: Mənsur Rəğbətoğlu
Избранный
32
teleqraf.com

1Источники