RU

Dünya Paris Sazişinin 6-cı maddəsindən əlini üzmüşdü...COP29 zamanında yetişdi...

Image

Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasında bəşəriyyətin quracağı yeni gələcəyin təməli qoyuldu. Bu fikirlər Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnqer Andersenə məxsusdur. 

O qeyd edib ki, BMT xüsusilə inkişaf etməkdə olan ölkələrdə iqlim dəyişikliyi ilə mübarizədə daha şəffaf və inklüziv maliyyələşdirməyə təkan verməlidir.

Əslində, bu istiqamətdə mühüm nailiyyətlər əldə edilib və  Paris Sazişinin 6-cı maddəsi üzrə razılıq bunun təzahürüdür. Belə ki, COP29-da Paris Sazişinin 6-cı maddəsinin tam icrasına nail olunub, beynəlxalq karbon bazarları açılır. Sözügedən maddə iqlim məqsədlərinə nail olmaq istiqamətində əməkdaşlıq aparan ölkələr üçün möhkəm və şəffaf karbon bazarları təmin edir. Bu transsərhəd əməkdaşlığın ölkələrin milli iqlim planlarının həyata keçirilməsi xərclərini ildə 250 milyard dollara qədər azaldacağı gözlənilir. COP29 prezidenti Muxtar Babayev bununla bağlı bildirib: “Biz onillik gözləməyə son qoyduq və 1,5 dərəcəni əlçatanlıqda saxlamaq üçün kritik aləti açdıq. İqlim dəyişikliyi transmilli məsələdir və 6-cı maddə transmilli həll yollarına imkan verəcək. Çünki atmosfer emissiyalara qənaətin harada əldə olunduğuna əhəmiyyət vermir”. Onu da bildirək ki, Qlazqo və Şarm əl-Şeyxdə keçirilən COP-larda karbon bazarları üçün mühüm qaydalar, şərtlər və prosedurlar müəyyən edilsə də, 6-cı maddənin yekun əsas elementləri həll edilməmiş qalırdı. COP29-dan əvvəl bu danışıqlar dalana dirənmişdi və iqlim sahəsində daha sıx beynəlxalq əməkdaşlığa gedən yolda baha başa gələn gecikmələrə səbəb olmuşdu. 6-cı maddə üzrə yekdilliklə qəbul olunan qərarlar karbon bazarlarının ekoloji dayanıqlılığının, şəffaflığının və etibarlılığının real, artan, yoxlanılan və ölçülə bilən tullantıların azaldılması və çıxarılması yolu ilə təmin edilməsində və qlobal iqlim sərmayəsini artırmaq üçün onların böyük potensialının açılmasında əsas rol oynayacaq. Qəbul edilmiş təlimat və qaydalar karbon layihələrinin praktiki və inklüziv qalmasını təmin etmək, insan hüquqlarına hörmət etmək və davamlı inkişafı dəstəkləmək, ölkələrə və layihə tərtibatçılarına Paris Sazişi çərçivəsində inamla əməkdaşlıq etməyə imkan vermək üçün nəzərdə tutulub.

Ukraynanın ətraf mühitin mühafizəsi və təbii sərvətlər naziri Svitlana Qrinçuk bununla bağlı bildirib ki, COP29 bütün dünya ölkələri, xüsusən də Ukrayna üçün dolğun və kifayət qədər mürəkkəb oldu: “Paris sazişinin 6-cı maddəsi – bazar mexanizmləri ilə bağlı qərarlar paketi qəbul edilib. Kənd təsərrüfatı üzrə iş proqramı davam etdirilib və yeni layihələrin təqdim edilməsi üçün portal yaradılıb. Qlobal uyğunlaşma məqsədi üzərində işləmək üçün addımlar atılır. Biz 6-cı maddə çərçivəsində əlavə investisiya cəlb edə, həmçinin yaşıl enerji, yaşıl bərpa və iqlim dəyişikliyinə adaptasiya üçün beynəlxalq maliyyə qurumlarından maliyyələşməyə qoşula bilərik”. Xatırladaq ki, 6-cı maddə Paris sazişinin əsas hissəsidir. O, tərəflərə öz Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrini həyata keçirmək üçün könüllü şəkildə əməkdaşlığa və inkişaf etməkdə olan ölkələr üçün maliyyə dəstəyini səfərbər etməyə imkan verir. Ötən il Dubayda keçirilən COP-28 zamanı Paris sazişinin 6.4 maddəsinin razılaşdırılmasına böyük ümidlər bəslənilsə də, bu mümkün olmadı. Bakıda isə tərəflər Sazişin 6.2, 6.4 və 6.8 maddələrini razılaşdırmaqla karbon bazarının BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) tam nəzarəti altında fəaliyyətinə yaşıl işıq yandırdı. Altıncı maddə ümumiyyətlə ölkələr arasında mitiqasiya tədbirlərinin nəticələrinə dair əməkdaşlıq edilməsini nəzərdə tutur. Dövlətlər karbon qazlarının emissiyasının azaldılması və bu qazların meşələr vasitəsilə emal edilməsi üzrə həyata keçirdikləri tədbirləri barədə bir-birinə hesabat verməli, həmçinin Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrində bunu göstərməlidirlər. Paris Sazişinin 6.4-cü maddəsi iqlim fəaliyyətinə dair hədəflərə çatmaq məqsədilə əməkdaşlıq edən ölkələr üçün etibarlı və şəffaf karbon bazarlarının yaradılması, karbon kreditlərinin verilməsini nəzərdə tutur. Artıq dövlətlər ikitərəfli deyil, UNFCCC-nin cəlb olunması və nəzarəti ilə əməkdaşlığı həyata keçirəcək, bir-birlərinə karbon kreditləri sata biləcəklər. Bu mexanizm çərçivəsində hər bir dövlətin illik karbon qazı emissiyası norması müəyyənləşəcək. Normadan az karbon qazını emissiya edən dövlətə istifadə etmədiyi payı normalardan artıq karbon qazı buraxan dövlətlərə satmağa imkanı yaradılacaq. Misal üzərində bunu izah etsək, deyə bilərik ki, məsələn, BMT Azərbaycana illik maksimum 500 ton CO2 qazı emissiyası norması müəyyən edir. Azərbaycanda daha çox "yaşıl enerji"dən istifadə edildiyi üçün ildə 400 ton karbon qazı atmosferə buraxılır. Qalan 100 ton kvotanı isə Azərbaycan istənilən dövlətə sata bilər. Üzərinə düşən normadan artıq emissiya edən dövlətlər bu kvotaları əldə edə bilərlər. Əsasən inkişaf etmiş ölkələrin daha çox karbon qazı emissiyasını, müəyyən edilmiş normaların onları qane etməyəcəyini nəzərə alsaq, bu mexanizm inkişaf etməkdə olan və kasıb ölkələrə əlavə vəsaitin cəlb edilməsinə imkan yaradacaq. Bütün əməliyyatlar sırf BMT-nin nəzarəti altında həyata keçiriləcək. Sazişin 6.8-ci maddəsi isə qeyri-bazar yanaşmasını nəzərdə tutur. Bu maddə ilə tərəflər mitiqasiya, adaptasiya, maliyyə, texnologiyanın ötürülməsi və bir sıra digər məsələlər daxi olmaqla, milli səviyyədə müəyyən edilmiş töhfələrin həyata keçirilməsində əməkdaşlıq ediməsini nəzərdə tutur. Bura meşə sahələrinin artırılmasına kömək göstərilməsi, yeni texnologiyaların verilməsi və sair daxildir. Azərbaycan bu fonda diqqəti ona yönəldir ki, iqlim dəyişməsi gələcəkdə baş verəcək bir risk deyil, bu, çağdaş dünyada milyardlarla insan üçün aktual olan real və hazırda baş verən bir təhlükədir. İqlim dəyişməsi bir çoxları üçün dağıdıcı nəticələrə səbəb olmaqla yanaşı, onilliklər ərzində qlobal inkişaf çərçivəsində əldə olunan nailiyyətlər üçün də təhlükə yaradır. Bunlar fonunda bütün ölkələr Paris Sazişinə uyğun şəkildə və Qlobal Baxış əsasında mümkün ən yüksək ambisiyaya can atmalıdır. Azərbaycan COP29-da bunun üçün əlverişli zəmin yaradıb.

Nahid SALAYEV





Избранный
89
8
baki-xeber.com

10Источники