RU

Tramp işə başlayan kimi Kanada, Meksika və Çin mallarına rüsumlar tətbiq edəcək

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp ilk iş günündə Kanada, Meksika və Çindən idxal olunan bütün mallara tariflər tətbiq edəcəyini açıqlayıb.  

Qaynarinfo xəbər verir ki, Tramp bu barədə "Truth Social" platformasında yazıb.  

Tramp bildirib ki, 20 yanvar tarixində, prezident kimi səlahiyyətlərinin ilk günündə Kanada və Meksikadan gətirilən mallara 25%, Çindən gətirilən mallara isə əlavə olaraq 10% rüsum tətbiq edəcək.  

O, Meksika və Kanada vasitəsilə ABŞ-a "narkotiklər və cinayətkarlığın misli görünməmiş səviyyədə daxil olduğunu" iddia edib.  

Trampın sözlərinə görə, bu tariflər qüvvədə qalacaq və yalnız narkotik ticarəti, xüsusilə fentanil, dayandırıldıqdan və qanunsuz miqrasiya sona çatdıqdan sonra ləğv ediləcək.  

"Meksika və Kanada bu çoxdan həll edilməli olan problemi asanlıqla həll etmək üçün tam hüquqa və gücə malikdir. Biz onların bu gücdən istifadə etməsini tələb edirik", - Tramp qeyd edib.  

Tramp Çindən ABŞ-a narkotiklərin, xüsusilə fentanilin daxil olması ilə bağlı çoxsaylı müzakirələrin "nəticəsiz" qaldığını vurğulayıb.  
"Buna görə də, biz Çindən gətirilən bütün məhsullara, əlavə tariflər də daxil olmaqla, əlavə 10% rüsum tətbiq edəcəyik", - deyə o əlavə edib.  

Əgər bu rüsumlar qüvvəyə minərsə, yanacaq, avtomobil və kənd təsərrüfatı məhsulları daxil olmaqla, bir çox məhsulun qiyməti ABŞ istehlakçıları üçün kəskin artacaq. Kanada, Meksika və Çin, ABŞ-ın ən böyük ticarət tərəfdaşları arasında yer alır.  

Trampın maliyyə naziri postuna namizədi Skot Bessentin fikrincə, tariflər yalnız danışıqlar üçün vasitədir və bu təhdidlərin nə dərəcədə reallaşacağı hələ məlum deyil.  

Daha əvvəl bildirilmişdi ki, Trampın qələbəsi ABŞ-ın Avropa ilə ticarət müharibəsinə başlama ehtimalını artırarsa, bu, Almaniya iqtisadiyyatı üçün ciddi təhlükə ola bilər.

Alpər

Избранный
4
qaynarinfo.az

1Источники