Kənd təsərrüfatı məhsullarının ixracından əldə olunan külli miqdarda pul vəsaitlərini ölkəyə qaytarmayan şəxslərin ifşası davam edir.
Bu barədə Publika.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat yayıb.
Bildirilib ki, xarici ölkələrə müxtəlif növ məhsulları ixrac edən bəzi sahibkarlıq subyektlərinin müvafiq valyutada olan pul vəsaitlərini Azərbaycana qaytarmamaları ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işlərinin ibtidai istintaqı aparılır.
İstintaq tədbirləri ilə Azərbaycan Respublikasında qeydə alınan hüquqi şəxslərlə xarici ölkələrdəki şirkətlər arasında kənd təsərrüfatı məhsullarının alqı-satqısına dair müxtəlif vaxtlarda müqavilələrin bağlanması və həmin fəaliyyət nəticəsində əldə olunan külli miqdarda gəlirlərin ölkəmizdə müvəkkil edilmiş bank hesablarına qaytarılmamasına əsaslı şübhələr müəyyən edildiyindən bir sıra vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib.
Belə ki, Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1, 208.2.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda xarici valyuta vəsaitini xaricdən qaytarmama), 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə başlanmış cinayət işi üzrə “SOİL BOONS” MMC tərəfindən ümumilikdə 6.9 milyon ABŞ dollarından artıq (müvafiq dövrün məzənnəsi ilə 11.7 milyon manatdan artıq) pul vəsaitinin Azərbaycanda müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən Əliyev Cahangir Alim oğlu, Hacıyev Elyar Taryel oğlu, Mirzəmədov Mehman Əjdər oğlu, Qəbilov Saleh Rza oğlu və Əliyev Alı Cahangir oglu iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq qeyd olunan maddələrlə onlara ittiham elan edilib və barələrində istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.
Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1, 208.2.2, 308.2-ci maddələri ilə başlanmış cinayət işi üzrə fiziki şəxs Qurbanov Elxan Sabir oğlu tərəfindən ümumilikdə 3.8 milyon ABŞ dollarından artıq (müvafiq dövrün məzənnəsi ilə 6.5 milyon manatdan artıq) pul vəsaitinin Azərbaycanda müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən Qurbanov Elxan Sabir oğlu və Xalıqov Fuad Elşad oğlu iş üzrə təqsirləndirilən şəxslər qismində cəlb olunaraq qeyd olunan maddələrlə onlara ittiham elan edilib və barələrində istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.