RU

Dünyada gedən münaqişələr regiona necə təsir edir?- “Buna görə bəzi qüvvələr Ermənistanı müharibəyə təhrik edir…”

“Rusiya-Ukrayna arasında qanlı fiziki müharibə ilə yanaşı ideoloji münaqişə də gedir. Bir yandan Rusiya və onun müttəfiqləri, digər tərəfdən isə qərb birliyi Ukraynanı ciddi cəhdlə silahlandırmağa çalışır. Açıq-aydın görünür ki, Qərbin əsas hədəflərindən biri Rusiyanı maksimum şəkildə zəiflətməkdir. Rusiya da bunu gözəl başa düşür ona görə də əks addımlara üstünlük verir ki, birincisi öz imkanlarını nümayiş etdirsin, digər tərəfdən Ukraynanın rəhbərliyini riskli və qeyri-adekvat hərəkətlərdən yayındırsın. Bu zəmində Üçüncü Dünya müharibəsi geniş şəkildə şərh olunan mövzulardan biridir”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib.

Politoloq bildirib ki, get-gedə yeni dünya müharibəsinin konturları müəyyənləşir:

“Hər bir halda Ukraynanın arxasında dayanan 50-dən çox məmləkət ölkəyə köməklik göstərir. Digər tərəfdən ona silah-sursat, maliyyə dəstəyi verir. Rusiya isə Şimali Koreya, Çin, İran, Belarusiya tərəfindən dəstəklənir. Görünən odur ki, münaqişə iştirakçılarının sayı durmadan artır. Əgər bu, dünya müharibəsinə əsas deyilsə, bəs nədir? İstənilən silah-sursatı istənilən dövlət ala bilər. Ancaq bu o demək deyil ki, bu silah-sursat mütləq şəkildə istifadə olunmalıdır. Əgər hər hansı dövlət, xüsusən Ukrayna qırmızı xətləri keçərsə, Rusiya artıq güclü raketlərini işə salacaq. Bu halda isə dünyanı dəhşətli fəlakət gözləyir. Bunların olmaması üçün tərəflər ehtiyatla davranmalıdır”.

Politoloqun sözlərinə görə, qərb fitnə-fəsadla məşğuldur:

“Qərb çalışır ki, antiRusiya koalisiyasını formalaşdırsın. Hətta NATO-nun da ehtimal olunan cavab addımları baş tuta bilər. Rusiya isə anlayır ki, artıq qətiyyətli addım atmaq vaxtıdır. Elə cavablar verilməlidir ki, həm Ukrayna, həm onun arxasında dayanan ölkələr, həm də NATO özü bir qədər anlasın ki, bu cür təhlükəli oyunların sonu fəlakət ola bilər. Əgər iştirakçıların sayı artırsa, deməli, müharibə proseslerinə qatılan areallar da, regionlar da say və miqyas etibarilə genişlənir. MDB məkanı, o cümlədən Cənubi Qafqaz risk zonasıdır. Cənubi Qafqaz öz yığcam miqyasına baxmayaraq Avropa məkanında, eləcə də dünya geoiqtisadiyyatında vacib rol oynayır. Balaca olmağına baxmayaraq region həqiqətən də kommunikasiyalar sistemində əvəzsiz rol oynayır. O cümlədən müharibələrdə hər zaman kommunikasiyaları qapatmaq, onları bağlamaq vacib bir məsələyə çevrilir. Ona görə də Rusiya üçün vəziyyət çətinləşir. Ermənistan Rusiyaya yaxından kömək edir. Ermənistan boz bir məkan quraraq Rusiyaya qarşı sanksiyalardan yararlanmağa çalışır. Ermənistan iqtisadiyyatında hazırda canlanma gedir, çünki Rusiya üçün qadağa olunmuş malların ora çatdırılması Ermənistan vasitəsilə baş tutur. Bu baxımdan bəzi başıbozuk qüvvələr Ermənistanı oda salmaq üçün Azərbaycanla müharibəyə təhrik də edə bilərlər. Bunlardan sığortalanmaq vacibdir. Azərbaycan da bu prosesdə həlledici rolu oynayır. Təsadüfi deyil ki, Azərbaycanın güclü hərbi potensialı var və ölkəmiz müdafiə imkanlarını durmadan genişləndirir. Bütün bunlar Azərbaycanın region təhlükəsizliyinin yükünü öz üzərinə götürməsi və həmin yükü şərəflə daşıması ilə bağlıdır. Hesab edirəm ki, COP29-un da gedişatı göstərdi ki, Azərbaycan tam mənada güclü subyektdir və dünya proseslerində onun iştirakı da getdikcə böyüyür. Bəzi qüvvələr bunu anlamalı, öz hərəkətlərində də ciddi dəyişikliklər etməlidir”.

//Gülnarə Abasova, Editor.az

Избранный
39
1
editor.az

2Источники