RU

Rusiyanın hədəfindəki ölkələr: Kəşfiyyat rəhbəri bir-bir sadaladı

Rusiya Qərb ölkələri ilə real hərbi qarşıdurmaya hazırlaşır, Kreml o vaxta qədər NATO üzvləri arasında fikir ayrılığı yaratmağa çalışa bilər.

Teleqraf.com xəbər verir ki, bu sözləri Almaniya Federal Kəşfiyyat Xidmətinin (BND) rəhbəri Bruno Kol deyib.

Onun sözlərinə görə, Rusiyanın genişmiqyaslı hücumundan əvvəl NATO nizamnaməsinin gücünü yoxlamaq üçün hazırlanmış lokal əməliyyatlar keçiriləcək. Yəni Moskva alyansın nizamnaməsinin 5-ci maddəsində nəzərdə tutulan NATO üzvlərinə birbaşa hərbi yardım göstərmək öhdəliklərini pozmağa çalışacaq. Kol izah edib ki, Rusiya alyansın digər üzvlərinin müvafiq reaksiya verməyəcəyi bir NATO ölkəsi üçün fövqəladə vəziyyət yaratmağı planlaşdırır.

Nümunə olaraq, BND rəhbəri Norveçin Şpitsberqen arxipelaqına lokal müdaxilə ehtimalını irəli sürüb. Rusiyanın Svalbardda xüsusi hüquqları var, amma Oslonun arxipelaqdakı əcnəbilərə münasibətdə siyasəti son illərdə daha sərtləşib.

Kolun fikrincə, Rusiyanın bu yöndəki müdaxiləsi üçün daha bir fürsət yerli rusdilli azlıqları qorumaq bəhanəsi ilə Baltikyanı ölkələrlə - Latviya, Litva və Estoniya ilə münaqişədir. NATO nizamnaməsinin 5-ci maddəsi bu cür münaqişələrdə istifadə edilməsə, NATO müdafiə ittifaqı kimi uğursuzluğa düçar olacaq. BND rəhbəri hesab edir ki, bu, Rusiyanın məqsədidir.

“Əgər yardım vədi səmərəsiz olarsa, Rusiya təcavüzkar güc siyasəti ilə Avropada təsirini genişləndirə bilər”, - deyə o xəbərdarlıq edib.

Almaniya kəşfiyyatının rəhbəri söyləyib ki, bu onilliyin sonuna qədər Rusiya Qərb ölkələri ilə birbaşa hərbi qarşıdurma üçün kifayət qədər resursa malik olacaq.


Müəllif: Mənsur Rəğbətoğlu
Избранный
20
teleqraf.com

1Источники